Məhkəmə qərarları › İş №2(103)-368/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-368/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-368/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X4 katibliyi ilə, İddiaçının nümayəndəsi X3 oğlunun iştirakı ilə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli D35 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq məbləği üzrə 40.298 (qırx min iki yüz doxsan səkkiz) manat, lizinq mükafatı (faiz məbləği) üzrə 291 (iki yüz doxsan bır) manat və 36.497 (otuz altı min dörd yüz doxsan yeddi) manat hesablanmış cərimə olmaqla, ümumilkdə 77.086 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq “İddiaçı" MMC-yə ödənilməsi, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin 24 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq “İddiaçı“ MMC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, D35 nömrəli daxili lizinq müqaviləsi ləğv edilmiş, Cavabdeh1 lizinq müqaviləsi üzrə 28.739 manat əsas, 291 manat faiz borcu, 200 manat dəbbə pulu, cəmi 29.230 (iyirmi doqquz min iki yüz otuz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 62 saylı evin 24 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, lizinq predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 saylı evin 24 saylı mənzilinin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı C-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)- 10497/2019 saylı hazırki iş üzrə Cavabdeh4 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)- 10497/2019 saylı hazırki iş üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi barədə iddia tələbindən iddiaçının imtina ərizəsi qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi həmin hissədə ləğv edilmiş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi X3 oğlu iddiadan imtina barədə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh1 ilə barışıq əldə edildiyinə və və bu barışıq sazişi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2699/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təsdiq edildiyindən, ərizənin qəbul edilməsini və bu barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 oğlu və cavabdehin vəkili Vəkil2 iddiadan imtina barədə ərizənin təmin edilməsinə etiraz etməmişdirlər. Məhkəmə kollegiyası iddiadan imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, iddiaçının imtina ərizəsi qəbul edilməli və ona münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidi, bununla bağlı tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddələrinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina ərizəsi qəbul edilməli və ona münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidi, bununla bağlı tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin Cavabdeh1 qarşı iddiadan imtina ərizəsi qəbul edilsin və ona münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar