Məhkəmə qərarları › İş №2(103)-3685/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3685/2020

17.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3685/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, xx.xx.2018-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə, cavabdehlərin və onunla 2017-ci ildə iş birliyi qurub, 1.000.000 manatlıq sement alış-verişi edən Afiqin (qaynatası Yusif) heç birini məhkəmə iclasında dindirmədən qərar qəbul edib. Bununla da, MPM-in 91-ci maddəsinin tələbini pozmuşdur. İddiaçı 2017-ci ildə Afiq adlı şəxslə alış-veriş etmiş və borclu qaldığı məbləğə görə də, artıqlaması ilə Afiqin razılığı ilə qaynatası Yusifin adına girov vermişdir. Hazırda onlara heç bir borcu yoxdur. Elşadın qaldırdığı məsələ tam qanunsuzdur və notariusda bağlanan müqavilə saxtadır, onun iradə ifadəsinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 Holcim markalı 2000 ton sementi İddiaçı satmağı, İddiaçı isə öz növbəsində 240.000 manatı bir ildən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Sonradan xx.xx.2018-ci il tarixdə tərəflər arasında Bakı şəhəri 3 saylı Notariat Ofisində mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və həmin müqavilədə qeyd olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı müqavilə ilə aldığı sementə görə ödəyəcəyi 240.000 manatdan bu günə qədər 106.286 manat ödəmiş, Cavabdeh1 133.714 manat borcu yaranmışdır. İddiaçı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 133.714 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı bu müqavilədə göstərilən məbləğin, yəni 133.714 manatın 66.857 manatını xx.xx.2018-ci il tarixdək, qalan 66.857 manatı isə xx.xx.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı, Cavabdeh1 ilə aralarında olan alış-verişlə bağlı ona heç bir borcunun qalmadığını və borcun etirafı müqaviləsinin aldatma yolu ilə bağlandığını bildirərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Kollegiya, iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Hazırkı işdə İddiaçı, xx.xx.2018-ci il tarixli mövcud borcun etirafı müqaviləsinə əsasən, Cavabdeh1 qarşısında 133.714 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulun yarısını xx.xx.2018-ci il tarixədək, qalan yarısını isə xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda, İddiaçı həmin müqavilədə mövcud borcunu etiraf etməsi, Cavabdeh1 İddiaçıla aralarında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borcun etirafı haqqında müqavilə bağlandıqdan sonra əslində həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Məhkəmə kollegiyası, xx.xx.2018-ci il tarixli mövcud borcun etirafı müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Hazırda iddiaçı, iradəsinin aldatma yolu ilə zədələnməsini bildirsə də, cavabdehlərin adı çəkilən müqavilənin bağlanması ilə bağlı qəsdən aldadıcı davranış etmələri və sözügedən müqavilələrin məhz bu aldadıcı hərəkət nəticəsində bağlanıldığını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2801/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar