Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3691/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evinin qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçının tələbi fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirilib qazla təchiz edilməsi öhdəliyinin Cavabdeh İB-nın üzərinə qoyulması barədə olmuşdur. Məhkəmə aidiyyəti qaydaları iddiaçı tərəfindən pozulmuşdur. İddiaçı eyni tələblə Cavabdeh İB-yə qarşı Bakı İnzibati Məhkəməsinə də müraciət etmiş və məhkəmənin icraatında 2-1(112)-3721/2023 saylı inzibati iş olmuşdur. Lakin, Suraxanı Rayon Məhkəməsində öz lehinə qanunsuz qətnamə çıxarılmasına nail olduqdan sonra Bakı İnzibati Məhkəməsinin icraatında olan iddia tələbini geri götürmüşdü. İddiaçı tərəfin iddia ərizəsi hüquqi baxımından düzgün əsaslandırılmamışdır. Ərizənin hüquqi əsaslandırma hissəsində də İPM-in 33-cü maddəsinə istinad etsə də ümumi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini və qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini, İddiaçı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Hövsan bələdiyyəsi tərəfindən verilmiş sxemdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsində İddiaçı məxsus fərdi yaşayış evi mövcuddur.. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1-ci və 2-ci Qarabağ savaşında iştirakı zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, yaralanmış və əlillik dərəcəsi olan şəxslərə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi qayğı və diqqət göstərilməkdədir. Belə ki, həmin imtiyazlı şəxslər üçün fərdi yaşayış evinin qazlaşdırılması işləri müvafiq sənədlər təqdim edildikdən sonra Cavabdeh tərəfindən daxili imkanlar hesabına həyata keçirilir. Beləliklə Bakı Regional Qaz İstismarı Departamentinin nümayəndələri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və fərdi yaşayış evinin yerləşdiyi ərazi koordinatlar 40.369027_ 50.069958 olmaqla SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi olduğu məlum olmuşdur. Qeyd olunan ünvan pay hasilatı torpaqlarının ərazisinə düşdüyü üçün fərdi evin qazlaşmasının prinsipial sxemini tərtib etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Bakı Regional Qaz İstismarı Departamentinin nəzdində yeni qazlaşma işlərinin aparılması ilə əlaqədar işçi qrupun nümayəndələri tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yaxınlıqda qaz xətti yoxdur, fərdi yaşayış evi neft ərazisində tikilib və tam hazır deyil. (koordinat: 40.369027_50.069958) Bu səbəbdən rəy və təkliflərin verilməsi mümkün olmamışdır.. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, tələbə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Belə olan halda, mülki iddiaçıya izah edilməlidir ki, o, inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsi ilə icraata xitam verilmənin əsasları müəyyən edilmiş və 261.0.1-ci maddəsində qeyd edilmişdir ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozaraq hazırki işə mahiyyəti üzrə baxaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3691/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3691/2023
14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver