Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3693/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat ofisi) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(010)-991/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 25 sentyabr 2014-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququ (xüsusi mülkiyyət) 27 may 2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır.
3. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən 22 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır.
4. İddiaçı tərəfindən 22 dekabr 2023-cü il tarixdə verilmiş, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu tərəfindən təsdiq edilmiş **********734 nömrəli ərizədən müəyyən olunur ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmir və eyni zamanda bəyan edir ki, ər (arvad) arasında əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə İddiaçı birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında torpaq sahəsinin alqı-satqısı barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 22 dekabr 2023-cü il tarixli, AN-İ №1222815 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək həmin müqavilənin hüquqi nəticələrinin (çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın) ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə birgə nikah dövründə atasının maddi dəstəyi və vəsaiti hesabına ünvan 1 ünvanında torpaq sahəsi almış və həmin torpaq sahəsi sonuncunun adına rəsmiləşdirilmişdir. Son zamanlar Cavabdeh1 mütəmadi ona müxtəlif psixoloji təzyiqlər göstərərək həmin torpaq sahəsinin satılmasına razılıq verməyini tələb etmiş, razılıq vermədiyi halda ona və valideynlərinə müxtəlif problemlər yaradacağını bildirmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, evi satan kimi aldığı pulun 50%-ni ona məxsus olduğu üçün ona verəcəkdir. O, həmin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq 22 dekabr 2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Lakin evə qayıtdıqdan sonra valideynlərinə bu məsələni, torpağın alqı-satqısına razılığı təzyiq altında verdiyini bildirmiş və qərara gəlmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Onun birgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir.
7. Cavabdeh2 etirazı onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın alğı-satqısı həyata keçirilən zaman İddiaçı da notariat ofisində olmuş, daşınmaz əmlakın satılmasına öz razılığını şifahi və rəsmi yazılı şəkildə bildirmişdir. İddiaçı notariusda olarkən heç bir narazılığını qeyd etməmiş, psixoloji təsir və ya təzyiq barədə məlumat bildirməmişdir. Belə ki, Cavabdeh2 onun bu cür narazılığının olduğunu görsə idi, həmin əmlakı almaqdan imtina edərdi. Cavabdeh2 vicdanlı alıcı olaraq həmin əmlakı qanunvericiliyin tələblərinə uyğun olaraq almış və onların arasında olan xx.xx.2023-cü il tarixli AN-İ №1222815 nömrəli alqı-satqı müqaviləsi 4 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı sonradan fikrini dəyişmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hazırki işdə iddiaçı ona psixoloji təsir və təzyiq olduğunu bildirsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ona psixoloji təsir olunduğunu yalnız sözlə bildirir ki, Cavabdeh2 isə həm sözlə, həm iddiaçının notariusda çəkilmiş şəkli, həm də onun tərəfindən notariusda verilmiş rəsmi yazılı razılığı ilə bunun tamam əksini bildirir. İddiaçı daşınmaz əmlak satılan zaman əmlakın satılmasına razı olmuş və heç bir narazılığı olmamışdır. İddiaçının sonradan fikrini dəyişməsi və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadədir. Belə ki, iddiaçı daşınmaz əmlak satılarkən həmin satılmaya öz qanuni razılığını bildirsə də, sonradan bu haqda fikrini dəyişmiş və əqdin etibarsız sayılması üçün heç bir əsas olmadığına baxmayaraq bu tələblə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 oğli 25 sentyabr 2014-cü il tarixdən rəsmi nikaha girmişlər. Birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir və hazırda iddiaçı ilə cavabdeh nikahda olmaqla birgə yaşayıb, birgə təsərrüfat idarə edirlər. İddiaçının guya aldatma və hədə-qorxu nəticəsində Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına razılıq verməsi yalandır. Belə ki, 22 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsini əvvəllər tanımadığı və heç bir qohumluq əlaqəsinin olmadığı Cavabdeh2 notarial qaydada təsdiq edilmiş yazılı alqı-satqı müqaviləsi vasitəsi ilə satmışdır. Cavabdeh1 hazırki iddia ərizəsi üzrə İddiaçı ilə rəsmi nikahda olduğuna görə alqı-satqı müqaviləsini rəsmiləşdirilməsi və notarial qaydada təsdiq edilməsi üçün İddiaçı 22 dekabr 2023-cü il tarixdə Cavabdeh1 ilə birlikdə alqı-satqının həyata keçirildiyi 4 saylı “Asan xidmət” mərkəzinə gedərək notariusun iştirakı ilə torpaq sahəsinin satılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra alqı-satqı baş tutmuş və 4 saylı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən özəl notarius Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(010)- 991/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Qətnamənin əsaslarına görə, iddiaçı öz iradəsi ilə notariat orqanına yazılı razılıq ərizəsi verməklə mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılığını bildirmiş və əri Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etmədiyini ərizəsində ifadə etmişdir. Məhkəmə alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək hesab etmişdir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, tərəflər barədə məlumatlar, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsinə iddia tələbinin əsaslandırıldığı halları- sözügedən müqavilənin bağlanması zamanı ona edilən psixoloji təsir və təzyiqlərin,alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsaslarının nədən ibarət olması təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Cavabdeh1 ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsi həm mülki qanunvericiliyin, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə riayət olunmaqla bağlanması təsdiq edilmişdir. Bununla da qeyd olunan müqavilənin ləğv və ya etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan hallar mövcud deyildir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 324.1, 337.1, 337.4, 339.2, 339.3, 390.1-ci maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1, 33.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılaraq qeyd olunmuşdur ki, cavabdehin mütəmadi ona göstərdiyi müxtəlif psixoloji təzyiqlərə görə, torpaq sahəsinin satılmasına razılıq vermədiyi halda mənə və valideynlərinə müxtəlif problemlər yaradacağı hədəsi, habelə evi satan kimi aldığı pulun 50%-i mənə məxsus olduğu üçün mənə verəcəyini vəd etdiyi üçün həmin psixoloji təsir və təzyiq nəticəsində, habelə onun yalan vədlərinə inanaraq xx.xx.2023-cü ildə notariat kontoruna gedərək torpaq sahəsinin alqı-satqısına razılıq vermişdir. Lakin evə qayıtdıqdan sonra valideynlərinə bu məsələni, torpağın alqı-satqısına razılığı təzyiq altında verdiyimi bildirmiş və qərara gəlmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsin. Onun birgə nikahda əldə edilmiş torpaq sahəsini satmaq niyyəti olmamışdır, həmin müqavilənin bağlanması üçün verdiyi razılıq iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazları iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti ilə eyni məzmunlu uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Cavabdeh1 nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.
19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Notariusun vəzifələri. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
20. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: 42-ci bənd. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: ... yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarı: “Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verilməsi üçün ilkin olaraq iddianın faktiki və qanuni əsasları araşdırılmalıdır.
27. Mübahisə predmeti olan daşınmaz əmlakın birgə nikah dövründə əldə olunması işin faktiki halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
29. Hazırkı iddia üzrə əqdin subyekt tərkibinə, məzmununa və formasına dair şərtlər mübahisələndirilmir, əqd yalnız iradə ifadəsi baxımından mübahisələndirilir.
30. İddia ərizəsində iddianın əsası kimi cavabdeh tərəfindən təzyiqlər olunmasına və aldadıldığına istinad olunduğuna görə məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub - olmaması Mülki Məcəllənin 339-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.
31. Həmin normanın tələbinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
32. İddiaçı tərəfindən əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) və cavabdehin qardaşı tərəfindən aldadılma ərizədə bu cür əsaslandırılır ki, “... son zamanlar cavabdeh mütəmadi olaraq mənə müxtəlif psixlolji təziyqlər göstərərək həmin torpaq sahəsinin satılmasına razılıq verməyimi tələb edirdi, razılıq vermədiyim halda mənə və valideynlərimə müxtəlif problemlər yaradacağını bildirirdi.”
33. Əgər iddiaçı əqdin psixlolji təziyq nəticəsində bağlandığını bildirərək bunu cavabdehin ona və valideynlərinə müxtəlif problemlər yaradacağı ilə əsaslandırırsa, bu xüsusatları əsaslandırmalıdır. Lakin iddia ərizəsində hədənin nədə ifadə olunması, ona və valideynlərinə cavabdehin hansı problemlər yaradacağı imkanının olması, hədənin real olması və digər hallara istinad olunmamışdır.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, bir tərəfdən iddiaçı əqdi əhəd – qorxu nəticəsində bağlanıldığını, digər tərəflən isə cavabeh tərəfindən ona əmlakın satışıdan əldə olunan pulun yarısının veriləcəyini dediyinə görə əqdi bağladığını, yəni, aldadıldığını qeyd edir. 2-ci əsas – cavabeh tərəfindən ona əmlakın satışıdan əldə olunan pulun yarısının veriləcəyini dediyinə görə əqdi bağlamasına istinad olunması artıq 1-ci əsası – əqdin təzyiq nəticəsində bağlanılmasını təkzib edir.
35. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, evin satışından pulun ona verilməməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz, çünki, əmlakın satılmasında iddiaçının iradə ifadəsi mövcud olmuşdur, bu halda iddiaçının əmlakın satışından əldə olunmuş pul vəsaitinin müəyyən hissəsinin ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
36. Məhkəmə kollegiyası göstərilən halları qiymətləndirərək qeyd edir ki, iddiaçının davranışları onun könüllü iradə əsasında, yəni, aldatma və hədə - qorxu olmadan ərizəni imzalamışdır və buna görə də müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir.
37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaların rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(010)- 991/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(010)- 991/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev