Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3699/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlər, Bakı şəhər Suraxanı rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokol və 207916 saylı, xx.xx.1984-cü il tarixli orderin ərizəçi İddiaçı məxsus olması, Bakı şəhəri Suraxanı rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokol əsasında 207916 saylı, xx.xx.1984-cü il tarixli orderlə ərizəçi və ailə üzvlərinə verilmiş Bakı şəh, Suraxanı ray, Hövsan qəs, H.Quliyev küç, ev 20, 56 saylı mənzilin həmin binanın 5-ci mərtəbəsində deyil, 1-ci mərtəbəsində yerləşməsi, həmin mənzilin 5 otaq deyil, 4 otaqdan ibarət olması və həmin mənzilin nömrəsinin 65 deyil, 56 olması faktının müəyyən olmasıbarədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, hazırkı məsələ ilə bağlı müraciət etdiyi inzibati orqan qərarı ilə bağlı şikayətlə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər.
3. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 19 aprel 2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
6. Belə ki, MPM 307.2.5 ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir.
7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
8. Həmin Qərarın 6.1-ci bəndinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
9. Ərizəçi hazırkı tələbində Suraxanı rayon XDS İK-nın xx.xx.1984-cü il tarixli, 51 saylı protokol və 207916 saylı, xx.xx.1984-cü il tarixli orderin hüquq müəyyənedici sənəd olmaqla ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Tələbin ikinci hissəsində isə, ona verilmiş mənzilin texniki göstəricilərinin protokoldakı kimi deyil, orderdə qeyd edilən formada olması faktının müəyyən edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı işdə xx.xx.1984-cü il tarixli order hüquq müəyyənedici sənəddir və həmin sənəddə hər hansı bir uyğunsuzluq yoxdur. Bununla belə, xx.xx.1984-cü il tarixli, 51 saylı protokol isə hüquq müəyyənedici sənədlər siyahısına aid edilə bilməz. Çünki, protokol özü-özlüyündə şəxsə hər hansı bir hüquq yaratmır. Şəxsin mənzil üzərində hüququnu yaradan sənəd yuxarıda qeyd edildiyi kimi orderdir, hansı ki, onda hər hansı bir səhv aşkar edilməmişdir. Bu səbəbdən hazırkı ərizəyə mülki icraat qaydasında baxılmalı deyil.
11. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qeyd olunan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciəti müsbət qarşılanmadığı təqdirdə və ya müraciətə münasibət bildirilmədiyi halda, Bakı İnzibati Məhkəməsinə müvafiq şikayət verilə bilər
12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
13. Azərbaycan Respublikası MPM-nın 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
14. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov