Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-37/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «paylar məlum olan ümumi mülkiyyətdə real bölgü aparılması və qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(007)-228/2017 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «paylar məlum olan ümumi mülkiyyətdə real bölgü aparılması və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2/3 hissəsi onlara məxsus olan mülkün paylara müvafiq real bölgüsünün aparılması, ümumi istifadədə olan torpaq sahəsinin mərzləşdirilməsi və cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(007)- 228/2017 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2(103)-1834/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4375/2018 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2(103)-1834/2018 saylı qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini əsasən iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 07 yanvar 2014-cü il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hər biri 1/3 hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. İddiaçılar paylarının naturada ayrılmasını və cavabdehin inşa etdiyi özbaşına tikililərin sökülməsini tələb etmişlər. Bu halda məhkəmə ilk növbədə payın naturada ayrılmasının mümkün olub-olmamasını müəyyən etməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən daşınmaz əmlakın tərəflrin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmamasına, sübutetmə yükünün həyata keçirilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan mülki qanunvericilik (Mülki Məcəllənin 220-ci maddəsi) ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Qeyd edilməlidir ki, ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinin vacibliyi vurğulanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2017-ci il tarixli, 2386 saylı rəyi) rəyindən görünür ki, mübahisəli mülkün iş üzrə tərəflər arasında, onların payına müvafiq olaraq bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasına dair tədqiqat aparılması mümkün olmamışdır (mülkün yaşayış və qeyri-yaşayış sahələri üzrə müəyyən konstruktiv dəyişiklik, o cümlədən söküntü, tikinti və yenidənqurma işlərinin aparılması və s. səbəblərdən). Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyası 14 iyun 2018-ci il tarixli, 2(102)-4375/2018 saylı qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspert rəyi kifayət qədər aydın və tam əsaslandırılmamış, payların naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması ümumiyyətlə müəyyən edilməməklə bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Yeni apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2017-ci il tarixli, 2386 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmamış müxtəlif ölçü və sahədə yaşayış və yardımçı (köməkçi) sahələrin mövcüd olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin tərəflərin (mülkiyyətçilərin) istifadə etdiyi faktiki vəziyyətə uyğun olaraq, təcrid mənzil şəklində 1/3 hissəyə real bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Ekspertiza rəyindən göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmamış müxtəlif ölçü və sahədə yaşayış və yardımçı (köməkçi) sahələrin mövcüd olması müəyyən edilmişdir. Ekspert məhz həmin sahələri də nəzərə almaqla, faktiki vəziyyətə uyğun 1/3 hissədə paturada bölgünün texniki cəhətdən mümkün olduğunu qeyd etmişdir. Apellyasiya baxışı zamanı ekspert Ələsgər Əliyev izahatında göstərmişdir ki, o ekspertiza tədqiqatını tərəflərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və texniki pasportda göstərilən sahələr üzrə deyil, mövcud (faktiki) vəziyyətə uyğun aparmış, yəni mübahisəli ünvanda inşa edilmiş əlavə (özbaşına) tikililəri də nəzərə almaqla 1/3 hissəyə naturada bölgünün mümkünlüyü nəticəsinə gəlmişdir. Halbuki, tərəflərin rəsmi qeydə alınmış mülkiyyət paylarının naturada bölünməsinin mümkünlüyü yoxlanılmalıdır. Bu səbəbdən də, məhkəmə kollegiyası ekspertiza rəyi ilə razılaşmayaraq, iş üzrə yenidən əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması nəticəsi gəlmiş, ekspert qarşısında aşağıdakı suallar qoymuşdur: - İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun göstəriciləri nəzərə alınmaqla ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak tərəflərin paylarına uyğun naturada ayrıla bilərmi (bilərsə, tərtib olunmuş sxemdə sərhədlər konkret göstərilsin)? - ünvan 2 ünvanında yerləşən evdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun göstəricilərindən kənar əlavə (özbaşına) tikililər konrket olaraq müəyyən edilsin və onların yeri tərtib olunmuş sxemdə göstərilsin. - ünvan 2 ünvanında yerləşən evdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun göstəricilərindən kənar əlavə (özbaşına) tikililər mülkiyyətdən istifadəyə texniki cəhətdən (giriş-çıxış, ümumi istifadədə olan həyətyanı sahədən istifadə və s.) maneə yaradırmı? Məhkəmə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021-ci il tarixli, 10/3812 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilərkən, texniki pasportun məlumatları ilə müqayisə aparılan zamanı «A» literli tikilinin bir hissəsinin sökülərək yeni tikililərin və əlavə tikililərin inşa olunduğu, tədqiq olunan ünvanda (texniki pasportun məlumatlarında mövcud olan) faktiki olaraq təqdim olunmayan (satılıb) və eləcə də, «A» literli yaşayış evinin bir hissəsinin texniki pasportun məlumatlarına uyğun gəlməsi (tərəflərin istifadəsində oduğunu) nəzərə alınaraq, həmin yaşayış evinin tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində naturada bölünməsinin mümkün olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ünvanda yerləşən «A» literli tikilinin bir hissəsini tərəflər öz aralarında faktiki olaraq bölərək istifadə edirlər. Bununla yanaşı, həmin ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən sıxarışın və texniki pasportun göstəricilərindən kənar əlavə (özbaşına) tikililər təqdim olunmadığından özbaşına tikililərin yerini dəqiqliklə, konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Beləliklə, işdə olan və tədqiq olunmuş sübutlarla, habelə ekspertin izahatı ilə müəyyən olunur ki, mübahisəli yaşayış evinin tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin, qeyd edilməlidir ki, mübahisəli yaşayış evi üzrə müəyyən hissələrdə əlavə (özbaşına) tikililər inşa olunduğundan həmin tikililər naturada bölgü zamanı nəzərə alına bilməz (Mülki Məcəllənin 180-ci maddəsi). Məhkəmə kollegiyası həmçinin özbaşına tikililərin sökülməsi barədə tələbə də hüquqi qiymət verərək ilkin olaraq qeyd edir ki, ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvanda yerləşən «A» literli tikilinin bir hissəsini tərəflər öz aralarında faktiki bölərək istifadə edirlər. Bununla yanaşı, həmin ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun göstəricilərindən kənar əlavə (özbaşına) tikililər təqdim olunmadığından özbaşına tikililərin yerini dəqiqliklə, konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, yaşayış evi üzrə əlavə tikililər müxtəlif yerlərdə inşa olunmaqla, tərəflərin istifadəsindədir və tərəflər «A» literli tikilinin bir hissəsini öz aralarında faktiki bölərək onlan istifadə edirlər. Ekspertiza zamanı özbaşına tikililərin yerini dəqiqliklə, konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0,02538 ha) dövlət mülkiyyətindədir, bu səbəbdən də hər hansı özbaşına tikilinin sökülməsi ilə bağlı səlahiyyətli inzibati orqanlar müvafiq tələb hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırki nəticəsi tərəfləri Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına tam riayət etməklə, sonda mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını istisna etmir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 200 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçılara aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı «paylar məlum olan ümumi mülkiyyətdə real bölgü aparılması və qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(007)-228/2017 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(007)- 228/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci iddiaçılara aid edilsin. İddiaçılardan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-37/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-37/2021
08.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver