Məhkəmə qərarları › İş №2(103)-37/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-37/2022

24.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-37/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, iddiaçı “X3 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli 2(010)-1825/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “X3 Kompani S.A.” şirkəti cavabdeh Rəfıqəyeva Ticarət Rüstəm qızma qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 39, T 417449.00 m B 4475915.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi; həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması; ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq “Kapital Bank “ ASC Suraxanı filialının AZ69AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “X3 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan ünvan 1 T 417449.00 m B 4475915.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində vətəndaş Ticarət Rüstəm qızı Rəfıqəyeva tərəfindən inşa edilmiş yeni özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(010)- 1825/2018 saylı qətnaməsi ilə iddiaçı “X3 Kompani S.A.” Şirkətinin iddiası təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1T 417449.00 m B 4475915.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş yeni özbaşına tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(010)-1825/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə işin faktiki hallarını hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. Cavabdeh tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmiş, qanunsuz tikinti işləri aparılmamışdır. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1997-ci il tarixli, 403 saylı sərəncamı ilə mübahisəli torpaq sahəsi cavabdehin mərhum əri X1 Yeni Suraxanı qəsəbəsinin şimal-şərq hissəsində 15 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Sərəncamın surətindən görünür ki, qeyd olunan torpaq sahəsi məhz fərdi ev tikintisi üçün ayrılmışdır və tikinti aparılmasına icazə verilmişdir. Eyni zamanda, iddia ərizəsində orda tikinti işləri aparılması qeyd olunsa da, hazırda hər hansı tikinti işləri aparılmır. Tikinti işləri başladığı və ya getdiyi dövrdə də iddiaçı tərəfindən ona hər hansı xəbərdarlıq edilməmişdir. Hesab edir ki, mübahisəli torpaq sahəsi və tikili qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrıldığından və onun qanuni mülkiyyətində olduğundan iddia tələbi təmin olunmamalıdır. İddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin qanunvericilikdə nəzərdə tutulan iddia müddəti də ötürüldüyündən iddia tələbi rədd olunmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hüsab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, ünvan 1 ünvanında cavabdeh tərəfindən qeyri-qanuni tikinti aparılması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 403 nömrəli 02 aprel 1997-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş X1 Y/Suraxanı qəsəbəsinin şimal-şərq hissəsində 15 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Suraxanı rayon İHB-nın 1-ci müavini tərəfindən təsdiq edilmiş 10 avqust 2004-cü il tarixli “Akt”dan görünür ki, Yeni Suraxanı qəsəbəsinin şimal-şərq hissəsində 15 №-li sahədə 600 kv.m torpaq sahəsi naturada müəyyən edilərək Cavabdeh təhvil verilmiş, həmin torpaq sahəsinin Sabir küçəsində yerləşməklə və 20x30 metr ölçüdə olmaqla sxemi təsdiq edilmişdir. İş üzrə araşdırılan sübutlarla mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 403 nömrəli 02 aprel 1997-ci il tarixli sərəncamı ilə, yəni qanuni əsaslarla cavabehin mərhum əri X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra həmin sahədə fərdi yaşayış evi inşa olunmuş, cavabdeh ailəsi ilə birlikdə son 20 ilə yaxın müddətdə bu evdə yaşamışdır və hazırda da yaşamaqda davam edir. Qeyd edilən evin yerləşdiyi torpaq sahəsi ARDNŞ ilə Rafi Oil Şirkəti arasında 16 avqust 2005-ci ildə bağlanmış hasilatın pay bölgüsü haqqında saziş əsasında yaradılmış “X3 Kompani S.A.” birgə müəssisənin istifadəsinə ayrılmış ərazidə yerləşir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4705/2020 saylı, 27 avqust 2020-ci il tarixli qərardadı ilə “X3 Kompani S.A.” şirkətinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 42 nömrəli 19 yanvar 2004-cü il tarixli sərəncamının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamış, qərardad Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-648/2021 saylı mülki iş üzrə qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1801/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-648/2021 saylı mülki iş üzrə qəbul edilmiş 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyinin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. ... Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən bu nəticəyə gəlmək olur ki, iddiaçının özbaşına tikili hesab edilərək sökülməsini tələb etdiyi cavabdehə məxsus yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən fərdi yaşayış evi tikilməsi üçün ayrılmış torpaq sahəsində qanuni əsaslarla inşa edildiyindən mülki-hüquqi mənada özbaşına tikili hesab edilmir. Bu səbəbdən həmin torpaq sahəsinin sonradan, yəni 2005-ci ildən iddiaçının istifadəsinə verilməsi cavabdehə aid mübahisəli fərdi yaşayış sahəsinin özbaşına tikili hesab edilərək sökülməsi üçün hüquqi əsas vermir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin göstərilən hallarını nəzərə almamış, maddi hüquq normalarını düzgün təfsir etməmiş və iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(010)-1825/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(010)-1825/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X3 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar