Məhkəmə qərarları › İş №2(103)-3700/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3700/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3700/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına (abonent kodu: (**********00490) baxış keçirilən zaman abonent İddiaçı təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyinə dair çoxsaylı aktlar tərtib edilmiş və 8.670,24 manat məbləğində dəymiş zərər hesablanmışdır. Hazırda iddiaçı cavabdehdən 8670,24 manat borcu tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində (abonent kodu: **********00490) quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdeh tərəfindən hesablanmış 8.670,24 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində yerləşən qaz sayğacı ona məxsusdur. Bir müddət öncə Birliyin nümayəndələri onun iddiaçının evində qeyri-qanuni xəttin olmasını, yəni sayğacdan kənar müdaxilə edilməsini bəhanə edərək onun hesabına cərimə yazmışlar. Halbuki iddiaçının yaşadığı evdə sayğacdan kənar heç bir müdaxilə olmamışdır. Belə ki, birliyin əməkdaşları iddiaçının iştirakı olmadan onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, guya qeyri-qanuni xəttin aşkarlanmasını əsas götürərək akt tərtib etmiş və əsassız olaraq cərimə yazmışlar. Sübut olaraq da yalnız abonent saldosu və aktın surəti təqdim edilmişdir. Həmin evdə yaşadığı müddət ərzində qaz istifadəsinə görə kifayət qədər vəsait ödəmişdir. Həmin evdə təbii qazdan istifadə ilə bağlı heç bir problem olmamış və qaz sayğacından kənar qeyri-qanuni istifadə edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, 17 yanvar 2023cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/172 nömrəli, 17 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Birinci instansiya məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının cavabdehə 500 manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 8.170,24 manat məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməsi, cavabdehdən 50 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehlakçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab etmişdir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Məhkəmə iş materiallarını araşdırarkən cərimənin məbləğinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən cərimənin hansı hesablama qaydaları ilə aparılmasına dair heç bir hesablama düsturuna rast gəlinməmiş, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçının kənar xətti hansı müddət ərzində istifadə etməsini dəqiq müəyyən etmək mümkün deyil, birliyin əməkdaşlarının da hər ay yoxlanış həyata keçirmək, bu mümkün olmadıqda isə hər 3 aydan bir yoxlanış etmək vəzifəsidir. Məhkəmə iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtını 3 ay həddində müəyyən edərək və həmin ünvandakı qazdan istifadə cihazlarını nəzərə alaraq cərimənin 500 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra– Mülki Məcəllə) 560.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 6.5-ci bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1, 88, 119.1, 216-220, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, iddiaçının cavabdehə 669,60 (altı yüz altmış doqquz manat altmış qəpik) manat məbləğində borcunun olması müəyyən edilmiş, qalan 8000,64 (səkkiz min manat altmış dörd qəpik) manat məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qazdan sayğacdan kənar istifadə etdiyi üçün borcunun cəmi 500 manat olmasını əsaslandırmamışdır. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi 6696 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, 2020-ci ilin mart ayına iddiaçının qalıq borcu 669,60 manat məbləğində olmuşdur. 30 mart 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edildikdən sonra iddiaçı tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə cavabdeh qazın verilməsini dayandırmamış, dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etməmişdir. Buna baxmayaraq, qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən yalnız 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 669,60 manat borcun tələb edilməsi əsaslıdır. Növbəti tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış (8.670,24- 669,60 = 8000,64 manat) məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi mövqeyin hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.9-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-578/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həmin vaxtdan etibarən xx.xx.2022 ci ilədək qeyd olunan ünvanda təbii qazdan sayğacsız qeyri-qanuni istifadəyə görə müxtəlif tarixlərdə çoxsaylı aktlar tərtib edilmiş və hər akt üzrə zərərin həcmi hesablanmışdır. Apellyasiya məhkəməsi tərəfindən həmin aktların mötəbərliyi şübhə altına alınmasa da, yalnız 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 669,60 manat borc əsas götürülmüş, sonrakı tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış (8.670,24-669,60=8000,64 manat) məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassız hesab edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 30 mart 2020-ci ildən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə cavabdeh qazın verilməsini dayandırmamış, dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etməmişdir. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmamış və 2022-ci il mayın 1-dək tərtib olunmuş aktlar üzrə hesablanmış zərərə münasibətdə qeyd etmişdir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ var. İddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib edilmiş aktlar qeyri mötəbər sayılmadığı halda apellyasiya məhkəməsinin qazın verilməsinin dayandırılmamasına istinadən 30 mart 2020-ci il tarixli aktdan sonra tərtib olunmuş aktlar üzrə borcu silməsi qanuni və əsaslı yanaşma sayıla bilməz. Məhkəmə hesablanmış zərərin belə bir əsasa görə silinməsinin qanuni əsasını da göstərməmişdir. O da nəzərə alınmalıdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq səlahiyyəti abonentə tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, (yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması) şəxsin davam edən (hər dəfə fiksə olunan) kənar qoşulma faktına görə məsuliyyətini aradan qaldırmır. Bununla belə, qaz paylayıcısının işçisinin davranışının zərərin yaranmasına və artmasına şərait yaratması sübuta yetirildikdə, bu hal zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər. Kassasiya məhkəməsi onu da nəzərə almışdır ki, iş üzrə mübahisəli olan məbləğin bir hissəsi 2022-ci il mayın 1-dən sonra tərtib olunmuş aktlar üzrə hesablanmışdır. Buna baxmayaraq, apelyasiya məhkəməsi 2022-ci il mayın 1-dən sonra tərtib olunmuş aktlar üzrə yuxarıda göstərilən qanunvericiliyi tətbiq etməklə müvafiq əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə paylayıcısı vurulmuş zərərin ödənilməsini müəyyən edildikdə istehlakçıdan qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qazdan sayğacdan kənar istifadə etdiyi 3 ay üçün 500 manat borcunun olması müəyyən edərək, qalan 8.170,24 manat məbləğində borcun silinməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyərək səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Həmin hala görə 30 mart 2020-ci il tarixli, ******* saylı akt üzrə 669,60 manat borc hesablanmışdır. Hazırki apellyasiya instansiyası məhkəməsinin baxışında iddiaçı həmin məbləğin ondan tutulması ilə bağlı mövqeyi ondan ibarət olmuhdur ki, həqiqətən də kənar xəttdən qısa müddətdə istifadəyə yol vermişdir. Lakin bu o demək deyildir ki, həmin məbləğ ondan tam tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən aktla bağlı bu mövqeyinə qiymət verərək qeyd edir ki, bu məbləğ əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə tutulması qət edilsə də, sonunсu məbləğin tutulmasını qanunsuz olmasını kassasiya qaydasında mübahisələndirməmişdir. Bu faktın özü kollegiyaya iddiaçının həmin aktda göstərilənlərlə razılaşması, yəni aktın qanuni tərtib olunması qənaətinə gəlməsinə əsas verir. Həmçinin iş materiallarından görünür ki, həmin vaxtdan etibarən xx.xx.2022-ci ilədək qeyd olunan ünvanda təbii qazdan sayğacsız, qeyri-qanuni istifadəyə görə müxtəlif tarixlərdə çoxsaylı aktlar tərtib edilmiş və hər aktlar üzrə zərərin həcmi hesablanmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin paylayıcısı vurulmuş zərərin ödənilməsini qərarı ilə müəyyən istehlakçıdan edildikdə qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6 cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan maddəyə əlavə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. İstinad edilən maddənin məzmunundan müəyyən edilir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ var. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (istehlakçının) 2022-ci ilin mayın 1-dən sonra qazın talanmasında təqsirli olmasının maddədə göstərilən orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmalıdır. Lakin cavabdeh tərəf 2022-ci ilin mayın 1-dən etibarən qeyd olunan maddənin tələblərinə əməl etməmiş və həmin tarixdən sonra da aktlar tərtib etməkdə davam etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin dövrdən sonra tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı, 29,07.2022-ci il tarixli ******* saylı, xx.xx.2022ci il ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış 993,60 manat borc əsassız hesab edilməklə silinməlidir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ünvanı üzrə 2020-ci ilin oktyabr ayından 30 aprel 2022-ci ilədək orta sərfiyyat düzgün hesablanmamışdır. Belə ki, işin materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək olan 18 ay dövr üçün çoxsaylı aktlar tərtib olunmuşdur. Məhkəmənin iclasında verilən izahatdan və abonent saldosundan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Abşeron rayon, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində 4 gözlü qaz plitəsindən istifadə edilmişdir. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş, sayğacdan kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, analoji işlər üzrə PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat olduğundan, orta günlük ( yay və qış) iş rejimi 8 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 0,8 m3 x 540 (18 ay x 30 gün) x 8 saat = 3456 m3 x 0.15 qəpik ((xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. ))müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazın hər m3 üçün qiymət orta hesabla 0,15 qəpik götürülməli və 518,4 manat (3456 m3 x 0,15 qəpik = 518,40) borc hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının borcu 669.60 + 518.40 = 1188 manat müəyyən edilməlidir. İddiaçı Cavabdehnə 1188 manat məbləğində borcunun olması müəyyən edildiyidən qalan 7482,24 manat məbləğində borc (8670,24 – 1188 = 7482,24) Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməklə İddiaçı Cavabdehnə 1188 manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 7482,24 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci olan 64 manatdan 9 manat pul iddiaçıdan, 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 1188 manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 7482,24 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci olan 64 manatdan 9 manat pul iddiaçıdan, 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar