Məhkəmə qərarları › İş №2(103)-3703/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3703/2024

25.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3703/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 18 saylı Notariat Ofisi və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron RİH mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: yaşayış evinin qaytarılması, müqavilənin etibarsız hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 18 saylı Notariat Ofisi və ƏMDX DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron RİH mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış evinin qaytarılması, müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4258/2023 nömrəli 02 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış və bununla bağlı müvafiq reyestr çıxarışı verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-211 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh3 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E28218 reyestr nömrəli etibarnamə ilə İddiaçı tərəfindən Cavabdeh1 qüvvədə olma müddəti 1 il olan etibarnamə verilmişdir.

4. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-211 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə görə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ onun adından hərəkət edən Cavabdeh1 tərəfindən 4500 (dörd min beş yüz) manata Cavabdeh3 satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ ilə ona məxsus olmuş Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən götürülərək ona qaytarılması, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində X3 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyatının bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq, ona ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ilədək ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşamış, 2015-ci ildə Azərbaycana gəlmiş və burada işləyərək yaşamışdır. 2017-ci ildə Cavabdeh1 ilə tanış olaraq bir müddətdən sonra onunla birlikdə yaşamağa başlamışlar. Bir müddət kirayədə yaşadıqdan sonra 2018-ci ilin may ayında Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində icarə hüququnu alqı-satqı yolu ilə əldə etmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Bu məqsədlə həm Rusiya Federasiyasından gələrkən özü ilə gətirdiyi, həm də Azərbaycanda işləyərək qazandığı pul vəsaitini xərcləyərək, eyni zamanda, anası X1 ona göndərdiyi pul vəsaitlərindən istifadə edərək 2018-ci ilin ortalarında sözügedən torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamış və 2019-cu ildə həmin evin tikintisini başa çatdırmışdır. Fərdi yaşayış evinin əşyalarını da alaraq, evi yaşamaq üçün tam yararlı vəziyyətə gətirdikdən sonra 2020-ci ilin yay aylarında Cavabdeh1 ilə birlikdə həmin evə köçüb yaşamağa başlamışdır. Lakin həmin vaxtlarda o, Cavabdeh1 ümumi tanışları olan şəxslər vasitəsi ilə narkotik vasitələrin qəbuluna başlamış və tədricən narkotik vasitələrdən asılı vəziyyətə düşmüşdür. Narkotik vasitələrdən asılı olduğuna görə, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamasından istifadə edən Cavabdeh1 onun pul vəsaiti ilə inşa edilmiş fərdi yaşayış evini ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə onu Bakı şəhəri 15 saylı notariat ofisinə aparmış, orada xx.xx.2021-ci il tarixdə öz adına etibarnamə əldə etmiş və bu etibarnamə əsasında üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin icarə hüququnun formal şəkildə alqı-satqısını həyata keçirərək torpağı onun adından çıxarmışdır. Belə ki, həmin etibarnamə əsasında Cavabdeh1 ilə onun qardaşı Cavabdeh3 arasında Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanılmışdır ki, həmin müqaviləyə əsasən onun adından hərəkət edən Cavabdeh1 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində ona məxsus icarə hüququnu guya 4500 manata digər Cavabdeh3 satmışdır. Halbuki, o, sözügedən fərdi yaşayış evini satmaq niyyətində olmamış və Cavabdeh1 onun köməksiz vəziyyətindən istifadə edərək “torpaq sahəsi üzərində icarə hüququ” adı altında faktiki olaraq fərdi yaşayış evini özününküləşdirmişdir. Belə ki, adı çəkilən alqı-satqı müqaviləsinin bağlanılmasından bir müddət keçdikdən sonra Cavabdeh1 onu evdən qovaraq, həmin fərdi yaşayış evinə yiyələnmiş və hal-hazırda da sözügedən evdə yaşamaqdadır. Onun narkotik vasitələrə qurşanıldığından xəbər tutduqdan sonra anası 2023-cü ilin əvvəllərində Azərbaycana gəlmiş və bundan sonra reabilitasiya mərkəzinə yerləşdirilərək müalicəsinə başlanılmışdır. Yalnız müalicəsinə başlanıldıqdan sonra o, icarəsində olmuş torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən aldadılaraq əlindən alındığını bilmişdir. Hesab edir ki, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsız sayılmalıdır. Çünki Cavabdeh1 bu əqdi bağlamaq səlahiyyəti daşınmaz əmlakın sahibi olaraq onun razılığını şərtləndirir ki, onun da belə razılığı olmamışdır. Cavabdeh1 heç vaxt pulu olmamamış, tanış olduqları vaxt Cavabdeh1 taksi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuş, Ruslanın bütün xərclərini o, çəkmişdir. Sadəcə olaraq onun narkotik vasitələridən istifadə etməsi səbəbindən özündə olmamasından və hərəkətlərinin mənasını başa düşməməsindən istifadə edən Cavabdeh1 və qardaşı Cavabdeh3 üzərində fərdi yaşayış evi tikdirdiyi ona məxsus torpaq sahəsini formal alqı-satqı müqaviləsi bağlayaraq ələ keçirmişlər.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır, Bakı şəhərində yaşayır. İddiaçı Azərbaycana qayıtdıqdan sonra tez-tez onunla görüşmüş, bəzən də faktiki nikah münasibətlərində olduğu Cavabdeh1 ilə birlikdə onlara qonaq gəlmişdir. Günelin ev tikməsindən, evinə mebel almasından xəbəri olmuşdur. O, Güneldən borc pul istəyən zaman ona məlum olmuşdur ki, Günelin bankda pulu var, lakin Günel ona bildirmişdir ki, hesabındakı pulları müəyyən müddətə çıxara bilməz. 2020-ci ilin noyabr-dekabr aylarında onlara gəldiyi vaxt Günelin narkotik maddə qəbul etdiyindən şübhələmiş, lakin anasına bu barədə məlumat verəndə inanmamışdır. Ruslan onlara heç vaxt Günelin narkotik vasitə qəbul etdiyini bildirməmişdir. Ruslan Günellə rəsmi nikaha daxil olmaq istəsə də, Günel münasibətlərini rəsmiləşdirməyə tələsməmişdir. Ruslan tez-tez Güneli hədələyib, qorxutmuşdur.

8. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, narkotik asılılıqdan müalicəsi aparılan xanımlar üçün nəzərdə tutulmuş reabilitasiya mərkəzinin rəhbəridir. Reabilitasiya mərkəzi Sumqayıt şəhərində fəaliyyət göstərmiş, lakin hazırda fəaliyyətini dayandırmışdır. İddiaçı 2023-cü ilin əvvəllərində valideynləri tərəfindən gətirilərək mərkəzə yerləşdirilmişdir. Mərkəzə gətirilərkən ağır narkotik asılılıq vəziyyətində olmuş, özünü və hərəkətlərini idarə edə bilməmişdir. Özünün deməsinə görə o, “sol”, “kakos” və “şüşə” növlərində narkotik vasitələr qəbul etmişdir.

9. Şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1la qonşu olmaqla yanaşı, sözügedən evin tikintisində usta kimi iştirak etmişdir. İddiaçı da tanıyır, onu sonradan görmüşdür. 2019- cu ildə evin tikintisi başlamış və evin bünövrəsinin qoyulmasından tikintisinə kimi o, işləmişdir. Evin tikilməsinə pulu ona Ruslan vermiş, təmir-tikinti materiallarını Ruslanın aldığını bilmişdir. Evin tikintisi zamanı Ruslanın qardaşı Əlzamini görmüşdür.

10. Şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qonşusudur. 8 ildir ki, qonşuluqda yaşayır, Ruslangil isə sonradan köçmüşlər. İddiaçı əvvəllər görmüşdür və tanıyır. Evə başqa qadınlar da gəlib-getmişdir. Ruslanın deməsinə görə, evin tikintisinin pulunu qardaşından almışdır. Evin tikilməyə başlanılma tarixi dəqiq yadında deyildir, təxminən 2019-2020-ci illər olardı. Evin tikintisində Ruslanın qohumlarının işlədiklərini görmüşdür. Ruslanın qardaşı Əlzamini, əmisi uşaqları Elşad və Şöşü adlı qohumlarını da evin tikilməsində görmüşdür. Ev bir mərtəbə, bir mansarddan ibarət olmaqla, aşağı mərtəbədə üç otaq, mətbəx, mansardda bir otaq və sanuzel yerləşir. Xatırlayır ki, Cavabdeh1 hamam otağı ləvazimatlarını ona məxsus mağazadan almış və axşam özü gedib quraşdırmışdır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 noyabr 2023-cü il tarixli 2(008)-4258/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilmiş, İddiaçı icarəsində olmuş Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən götürülərək İddiaçı qaytarılması, Bakı şəhəri 18 saylı notariat müqaviləsi ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin (onun doğurduğu hüquqi nəticələr) etibarsız sayılması, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində cavabdeh X3 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********24 (qeydiyyat nömrəsi **********) nömrə ilə aparılmış reyestr qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydiyyatının bərpa edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Məhkəmə göstərmişdir ki, Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi İddiaçı icarə hüququ əsasında məxsus olmuş, həmin torpaq sahəsi üzərində iddiaçının maddi vəsaiti hesabına fərdi yaşayış evi inşa edilmişdir. Lakin Bakı şəhəri 18 saylı notariat ofisində mülki qanunvericilik normaları pozulmaqla rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, qeyd edilən əmlak qanunsuz şəkildə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı sahibliyindən alınmışdır. Mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilsə də, həmin torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olan dövlət mülkiyyətinə aid edilmiş məqsədli təyinatı sahibkarlıq olan ehtiyat fondunun torpaqlarına aid edilmişdir. Məhz bu səbəbdən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, icarəsində olmuşdur ki, həmin icarə hüququ da Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından görünür ki, müqavilə bağlanılarkən torpağın mülkiyyətçisi olan Maraqlı şəxs yazılı razılığı alınmamışdır. Halbuki, mülki qanunvericilik normalarına (Mülki Məcəllənin 242.2-ci maddəsi) əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Həmçinin işin mübahisəsiz halıdır ki, İddiaçı bəhs edilən dövrdə narkotik vasitə aludəçisi olmuş, xx.xx.2021-ci il tarixli etibarnaməni verdiyi dövrdə də narkotik vasitələrdən istifadə etməsi Cavabdeh1 tərəfindən inkar olunmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 242.2, 337.1, 337.3-337.4, 337.5, 339.1-339.6, 340.1-340.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

18. ünvan 1 ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

23. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Maddə 339.1-339.6. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

25. Maddə 712.1.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Mübahisə predmeti olan Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən, sahəsi 0,03 ha olan torpaq sahəsi İddiaçı icarə hüququ əsasında məxsus olmuşdur.

35. xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 qüvvədə olma müddəti 1 il olan etibarnamə verilmişdir.

36. xx.xx.2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi ilə Abşeron rayonunun Ramana südçülük sovxozu adlanan ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ onun adından hərəkət edən Cavabdeh1 tərəfindən 4500 manata Cavabdeh3 satılmışdır.

37. İddaçı, narkotik vasitələrdən asılı olduğuna görə öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamasından istifadə edən Cavabdeh1 onun pul vəsaiti ilə inşa edilmiş fərdi yaşayış evini ələ keçirmək qərarına gəldiyini və bu məqsədlə xx.xx.2021-ci il tarixdə öz adına etibarnamə əldə etdiyini və etibarnamə əsasında üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin icarə hüququnun formal şəkildə alqısatqısını həyata keçirərək torpağı onun adından çıxardığını iddia edərək, hazırki iddianı qaldırmışdır.

38. Cavabdeh1 birinci instansiya məhkəməsində bildirmişdir ki, sözügedən evi qardaşı Cavabdeh3 olan borcu qarşılığında vermişdir. Qardaşı öz pulu ilə yarımtikili şəklində evi almış, həmçini 12000 manata torpaq sahəsini almışdır. ...Həmin fərdi yaşayış evi iddiaçının pulu ilə tikilməmiş, ümumiyyətlə iddiaçı evin tikintisində heç bir formada iştirak etməmişdir. Əksinə həmin ev onun maddi vəsaiti və zəhməti hesabına tikilmişdir.

39. Mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir.

40. Məhkəmə haqlı olaraq göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilsə də, həmin torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olan dövlət mülkiyyətinə aid edilmiş məqsədli təyinatı sahibkarlıq olan ehtiyat fondunun torpaqlarına aid edilmişdir. Məhz bu səbəbdən mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, icarəsində olmuşdur ki, həmin icarə hüququ da Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin predmeti olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə bağlanılmış Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından görünür ki, müqavilə bağlanılarkən torpağın mülkiyyətçisi olan Maraqlı şəxs yazılı razılığı alınmamışdır. Halbuki, mülki qanunvericilik normalarına (Mülki Məcəllənin 242.2-ci maddəsi) əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

41. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.

42. İddiaçının bəhs edilən dövrdə narkotik vasitə aludəçisi olması, xx.xx.2021-ci il tarixli etibarnaməni verdiyi dövrdə də narkotik vasitələrdən istifadə etməsi birinci instansiya məhkəməsi zamanı Cavabdeh1 tərəfindən inkar olunmamışdır.

43. İş materiallarında olan CD diskə baxış keçirdikdə məlum olur ki, videonu lentə alan şəxs (iddiaçı videonun Cavabdeh1 tərəfindən lentə alındığını qeyd etdi) evi göstərərək bildirir ki, “hə, Rəna xanım, bu İddiaçı evidir, dəqiqliklə onun evidir”, sonra isə ətraflı şəkildə evi, həyəti və s. göstərir.

44. Bundan başqa digər CD diskdə olan fayllara baxış keçirdikdə görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 ad günündə müxtəlif məbləğlərdə - bir dəfə 6000 manat, ikinci dəfə dəqiq məbləği qeyd edilmir, lakin qutuda bağlama şəklində pullar və üzük hədiyyə edilmişdir.

45. Aydın olur ki, iddiaçının maddi təminatı kifayət qədər yaxşı olmuşdur.

46. Müəyyən edilir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçının vəsaiti hesabına və məhz iddiaçı üçün tikilmişdir.

47. Kollegiya qeyd edir ki, iddiaçının onun vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində icarə hüququnu 4500 manata başqa şəxsə satması onun iradəsinə uyğun olmamışdır, belə ki, videoçəkilişlərdən görünür ki, tikilmiş fərdi yaşayış evi ikimərtəbəlidir, həmin evin iddiaçının öz iradəsi ilə torpaq sahəsi üzərində icarə hüququ ilə birlikdə 4500 manata satılması inandırıcı deyildir.

48. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 iddiaçının düşdüyü ağır vəziyyətdən (narkotik asılılığından) sui-istifadə edərək, sonuncudan etibarnamə alıb, mübahisəli torpaq sahəsinin icarə hüquqlarını qardaşının adına keçirtmiş, bununla da faktik olaraq həmin torpaqda iddiaçı tərəfindən onun vəsaiti hesabına və istifadəsi üçün inşa edilmiş evə yiyələnmişdir. Bu əqd isə etibarsızdır.

49. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4258/2023 nömrəli iş üzrə 02 npyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar