Məhkəmə qərarları › İş №2(103)-3704/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3704/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3704/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı «ipoteka qoyulmuş əmlakın satılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(004)-5468/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxxxx 2014-cü il tarixə olan 8535,42 manat əsas borc, 196,22 manat faiz borcu, 11,85 manat cərimə borcu olmaqla, cəmi 8743,49 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş «Naz Lifan LF 6430 suv minik» markalı **-ER-*** dövlət qeydiyyat nişanli avtomobilin açiq hərracda satilmasi və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, həmçinin cavabdehlərdən ödənilmiş 31 manat dövlət rüsumu və 15 manat məbləğində sənədlərin surətlərinin notarial təsdiq edilməsinə dair xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(004)- 5468/2015 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan məktubdan və poçt reyestrindən (iş vərəq 79-80) görünür ki, birinci instansiya məhkəməsi qətnaməni xx xxxxxxx 2015-ci il tarixdə tərəflərə göndərmiş, qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilmədiyindən icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir. İşdə olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış və qərarın surəti tələbin könüllü icrası üçün borclu tərəfə göndərilmişdir (işdən, həmçinin görünür ki, icra sənədi üzrə digər icra şöbələri tərəfindən də icraata başlanılmışdır). Sonradan, cavabdehin müraciətinə əsasən qətnamənin surəti təkrarən göndərilmişdir. Apellyasiya şikayəti isə xx xxxxxx 2021-ci il tarixdə, yəni qətnamənin qəbulundan 5 ildən çox müddət keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (cavabdehin qətnamədən hansı tarixdə məlumatının olması, icra icraatına hansı tarixdə cəlb olunması və ondan sonrakı hərəkətləri və s.) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Belə olan halda isə, yəni məhkəmənin yuxarıda qeyd edilən halları yoxlamadan sadəcə qətnamənin cavabdehin sonrakı müraciətinə əsasən xx xxxxxx 2021-ci il tarixdə almasını əsas tutaraq, müddətin ötürülməməsi qənaətinə gəlməsi əsaslı və qanuni sayıla bilməz (həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh müddətin bərpasına dair ərizə də verməmişdir). Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Həmçinin, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, orada rüsumun təyinatı Bakı Apellyasiya Məhkəməsi üçün deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi üçün qeyd edilmişdir. Bu səbəbdən də həmin qəbz hazırki apellyasiya şikayəti üzrə dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinin tələblərinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı «ipoteka qoyulmuş əmlakın satılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(004)-5468/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar