Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3706/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(007)-3438/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 10 aprel 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh onun qızıdır. 1976-cı il təvəllüdlü qızı Cavabdeh 12 yaşı olanda anası vəfat etdiyindən, onu və 1975-ci il təvəllüdlü oğlu Əzizi tək böyütmüşdür. Həyat yoldaşı vəfat edəndən sonra ailə qurmamış, uşaqlarına özü baxmışdır. Qızı 16 yaşından çıxıb Rusiyaya getmiş, heç vaxt onunla əlaqə saxlamamış və maraqlanmamışdır. 25 il keçəndən sonra Aytəkin Rusiyadan qayıdıb gəlmiş və ona qayğı göstərməyə başlamışdır. Bir müddət sonra Aytəkinin təkidi ilə öz mülkiyyətində olan Quba rayonu Qaraçay kəndində yerləşən 0,08 ha ölçüdə torpaq sahəsini 10 aprel 2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda bağışlama müqaviləsi bağlamaqla ona bağışlamışdır. Müqavilə bağlanandan sonra Aytəkinin ona qarşı münasibəti dəyişmiş, ona nəinki qayğı göstərməmiş, hətta onunla kobud davranmağa başlamışdır. Daha sonra o, evi tərk edib başqa yerdə yaşamağa başlamışdır. Hal-hazırda o, bağışladığı əmlakı geri qaytarmaq istəyir, lakin qızının harada olmasından məlumatı yoxdur. Bağışlama müqaviləsi aldanma və pis niyyətlə razılığa gəlmə, habelə onun ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlandığına görə Mülki Məcəllənin 339-cu maddəsinə əsasən həmin müqavilənin etibarsız əqd kimi qiymətləndirilməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(007)- 3438/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, torpaq sahəsini bağışlama müqaviləsi ilə cavabdehə bağışlasa da, cavabdeh onun barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri pozduğuna görə həmin müqavilə etibarsız hesab edilməlidir. Hesab edir ki, qətnamə çıxarılarkən maddi hüquq normaları pozulduğundan, qətnamə ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10 aprel 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Quba rayonu Qaraçay kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini qızı Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.1-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər ki, həmin öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı təminat əldə etməsi ilə bağlı olmamalıdır. İddiaçı iddiasını Mülki Məcəllənin 339-cu maddəsi ilə əsaslandıraraq müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, apellyasiya şikayətində cavabdehin onun barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri pozduğuna görə bağışlamadan imtina etdiyini və müqavilənin ləğvini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı, bağışlama müqaviləsinin ləğvi və bağışlamaqdan imtina fərqli anlayışlardır. Belə ki, bağışlamaqdan imtina əmlakı gələcəkdə bağışlamaq vədi verildikdə və bağışlamanın hələ həyata keçirilmədiyi halda tətbiq olunduğu halda, bağışlamanın ləğvi bağışlama müqaviləsi bağlandıqdan sonra tətbiq olunur. Bağışlama müqaviləsinin etibarsızlığı isə əqd Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandıqda mümkün hesab edilir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İddiaçı əqdin aldanma, habelə cavabdehin onunla pis niyyətlə razılığa gəlməsi, habelə onun ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində bağlanmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən əqdin etibarlı hesab olunması üçün bütün şərtlərə riayət olunmuşdur. Kollegiya qeyd edir ki, müqavilə bağlandıqdan sonra cavabdehin iddiaçı barəsində ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri pozması müqavilənin etibarsız hesab edilməsinə deyil, ləğvinə əsas verə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(007)- 3438/2019 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3706/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3706/2022
07.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver