Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-371/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və cavabdeh Bankın nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Banka qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, əri X4 ilə cavabdeh Bank arasında bağlanmış 15.05.2007-ci il tarixli “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Faiq Nəcəfov 28.07.1977-ci il tarixdə nikaha daxıl olaraq ailə qurmuşlar. Birgə nikah dövründə onlar Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, ev 26 yerləşən 125 saylı mənzili almışlar. Birgə nikah dövründə əldə olunduğu üçün həmin mənzil onların birgə mülkiyyəti sayılır. Bu baxımdan həmin mənzil ilə bağlı onların hər hansı biri sərəncam verərsə, digərinin buna razılığa alınmalıdr. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, 11.05.2007-ci il tarixdə X9 ilə “Kredit müqaviləsi” bağlayarkən, həmin müqavilə üzrə Bank qarşısında “borcun tam və vaxtında qaytarılması barədə” üzərinə götürdüyü öhdəliyin icra edilməsinin təminatı olaraq mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Bank ilə 15.05.2007-ci il tarixdə notarial qaydada “İpoteka müqaviləsi” bağlamışdır. İddiaçı bildirir ki, o, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməmiş, bu barədə “razılıq ərizəsini” imzalamamışdır. Buna görə də iddiaçı hesab edir ki, “İpoteka müqaviləsi” etibarsız hesab edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.05.2021-ci il qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işdə olan və üzərində iddiaçının adından yazılması qeyd edilən və notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsi” iddiaçı tərəfindən imzalanmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, “razılıq ərizəsindəki” imzanın iddiaçıya məxsus olub-olmamasını araşdırmaq üçün müvafiq ekspertiza təyin etməmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, “İpoteka müqaviləsi” bağlanan zaman iddiaçı notariat orqanına gedərək mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə “razılıq ərizəsini” şəxsən imzalamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilən mənzilin iddiaçı ilə Faiq Nəcəfovun birgə nikahda olduqları dövrdə onlar tərəfindən əldə olunması, 11.05.2007-ci il tarixdə Faiq Nəcəfov ilə Bank arasında “Kredit müqaviləsinin” bağlanması, Faiq Nəcəfovun “Kredit müqaviləsi” üzrə Bank qarşısında “borcun tam və vaxtında qaytarılması barədə” üzərinə götürdüyü öhdəliyin icra edilməsinin təminatı olaraq mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etməsi, bununla bağlı olaraq Faiq Nəcəfov ilə Bank arasında 15.05.2007-ci il tarixdə notarial qaydada “İpoteka müqaviləsi” bağlanması iş materialları ilə təsdiq edilir və tərəflər arasında mübahisə doğurmur. İşin mübahisə doğuran halı Faiq Nəcəfov ilə Bank arasında 15.05.2007-ci il tarixdə notarial qaydada “İpoteka müqaviləsi” bağlanan zaman iddiaçının mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verib-verməməsidir. İddiaçı bildirir ki, mənzilin ipoteka ilə yüklü edilməsi barədə onun məlumatı olmayıb, o, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməyib və bununla bağlı “razılıq ərizəni” imzalamayıb. Məhkəmə bildirir ki, mülki işin 82-ci vərəqində olan və 17.05.2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsindən” görünür ki, bu ərizə, mübahisəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi barədə ərizədir. X1 (iddiaçının qaynının) adından yazılsa da, ərizənin sonunda icra edilmiş imzadan sonra iddiaçının adı (İddiaçı) qeyd edilmişdir. Mülki işin 83-cü vərəqində olan və 17.05.2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş “razılıq ərizəsindən” görünür ki, bu ərizə, mübahisəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi barədə ərizədir. Ərizə İddiaçı adından yazılsa da, ərizənin sonunda icra edilmiş imzadan sonra Nəcəfov F. adı qeyd edilmişdir. Qeyd edilən hər iki “razılıq ərizələrindəki” imzaların və ya imzalardan birinin iddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyənləşdirmək məqsədi ilə Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi üçün mülki iş, Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Arxivindən götürülmüş 3M-8-1034 saylı notariat işi ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertiza tərəfindən verilmiş 12.04.2022-ci il tarixli, 4/382 saylı rəydən görünür ki, Bakı Şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən icraatı başlanılmış 3M-8-1034 saylı notariat işində olan və 17.05.2007-ci il tarixdə notarial qaydada təsdiq edilmiş, üzərində X3 adından notariusa ünvanlanması “razılıq ərizəsindəki” imzalar hazırki mülki işin 25-ci vərəqində olan və İddiaçı adından Vəkil2 verilmiş 10.06.2020-ci il tarixli etibarnamədə “etibar edənin imzası” qrafasındakı imza eyni şəxs tərəfindən icra edilmişdir. Lakin iddiaçının adından notariusa ünvanlanmış “razılıq ərizəsindəki” imza iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Beləliklə də, apellyasiya baxışı ilə müəyyən edir ki, iddiaçının əri Faiq Nəcəfov ilə Bank arasında “İpoteka müqaviləsi” bağlanan zaman, mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan 2 şəxs - Faiq Nəcəfovun arvadı (hazırki iş üzrə iddiaçı) İddiaçı və Faiq Nəcəfovun qardaşı Fariz Nəcəfov eyni tarixdə, yəni 17.05.2007-ci il tarixdə Bakı Şəhəri 5 saylı Dövlət Notariat Kontoruna gedərək mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair mətnləri eyni olan “razılıq ərizələrini” imzalamışlar. Lakin bu zaman İddiaçı öz adından tərtib edilmiş ərizəni deyil, qaynı Fariz Nəcəfovun adından tərtib edilmiş ərizəni imzalamışdır. Bu hal nəinki ekspert rəyi ilə təsdiq edilir, hətta adi baxışla da müəyyən olunur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllə; maddə 225.6.). Lakin hazırki “mübahisədə” bu hal baş verməyib. İddiaçı imzaladığı ərizə onun öz adından deyil, Fariz Nəcəfovun adından tərtib edilmiş ərizə olsa da, həmin ərizənin məzmunundan aşkar surətdə anlaşılır ki, Faiq Nəcəfov Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, ev 26 yerləşən 125 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edir. Bununla da müəyyən edilir ki, mənzilin ipoteka ilə yüklü edilməsindən iddiaçının xəbəri olmuş və o, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızıdır. Rayon Məhkəməsinin iddianı rədd etməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini İddiaçı aid edilsin. Bu məqsəd ilə ondan dövlət nəfinə 110 (yüz on) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-371/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-371/2022
13.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver