Məhkəmə qərarları › İş №2(103)-3718/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3718/2023

06.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3718/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat ofisinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin etibarsız sayılması, etibardan suiistifadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil 13 iyun 2003-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı 16 fevral 2017-ci il tarixli etibarnamə ilə bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə oğlu Nümayəndə etibar etmişdir.

3. İddiaçı arvadı X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsində göstərilmişdir ki, o, əri İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzilin ... ipoteka (girov) qoyulmasına etiraz etmir, ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək.

4. İddiaçı adından xx.xx.2017-ci il tarixli etibarnamə əsasında hərəkət edən Nümayəndə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzili notarial qaydada təsdiq olunmuş AN-İ ******* nömrəli 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 30 000 manata satmışdır.

5. Bakı şəhərinin notariusu X10 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına göndərilmiş məktubda, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi ev 117B-də qeydiyyatda olan Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30 000 (otuz min) manat məbləğində pulun Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzildə qeydiyyatda olan İddiaçı adından xx.xx.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təstiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən Nümayəndə verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş edilmişdir.

6. Nümayəndə 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli çekə imza edərək təsdiq etmişdir.

7. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

8. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may 2019-cu il tarixli qərara əsasən, Cavabdeh2 və X2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və Nümayəndə barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, “məhkəmə xəttşünaslıq ekspertizasının 21 may 2019-cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, isintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Nümayəndə isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. İstintaqa məlum olmayan şəxs və Nümayəndə tərəfindən nəzərdə tutulan cinayəti əməli törətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və Nümayəndə barəsində cinayət işinin başlanması rədd edilməlidir”.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli qətnaməsi ilə, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, İddiaçı əldən çıxmış fayda olaraq 720 manat məbləğində pulun tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir.

10. İddiaçı Cavabdeh1na və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv olunması, Cavabdeh1 notariusu, Cavabdeh2 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

11. Həmin işə baxan məhkəmə hesab etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə Cavabdeh2 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh2 əmlakın dəyərini İddiaçı adından onun nümayəndəsi Nümayəndə depozit hesabına köçürülmüş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. İddiaçı 18 fevral 2017ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etsə də, cavabdehin müqavilənin məhz hansı şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda isə, 18 fevral 2017-ci il tarixli alqısatqı müqaviləsinin ləğv olunması tələbi əsassız olduğundan təmin edilməməlidir.

12. İddiaçı Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X5 və Cavabdeh2 qarşı “Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizami RPİ-nin İŞ-nin X3 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspert rəyinin təsdiq olunması” barədə iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı adından etibarnamə əsasında çıxış edən Nümayəndə ilə Cavabdeh2 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi Nizami Rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyi ilə razılaşmayaraq müəyyən etmişdir ki, İddiaçı mənzilini satmaq kimi bir niyyəti olmamış, Cavabdeh2 özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirmişdir, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilmiş, habelə mənzil heç vaxt alıcının sahibliyinə və istifadəsinə verilməmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə Əliyev Elmar Qəzənfər oğlunun kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnaməsi “İddiaçı adından etibarnamə əsasında çıxış edən Nümayəndə oglu ilə Cavabdeh2 oglu arasında baglanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı mıqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 ogluna verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləgv olunması” hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1na və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baxılan iş üzrə müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. İddiaçı müqavilənin saxta etibarnamə əsasında bağlandığını, həmin əqd əsasında ona və saxta etibarnamə əsasında çıxış edən oğlu Nümayəndə pul verilmədiyini bildirmişdir ki, həmin əsaslar da müqavilənin ləğvi yox, etibarsız hesab edilməsi üçün əsas ola bilər. İddiaçı alqı-satqı müqaviləsinin ləğvini tələb etsə də, işin müəyyən edilmiş hallarından həmin müqavilənin ləğvi üçün qanunvericilikdə göstərilən hüquqi əsasların mövcudluğu sübuta yetirilməmişdir. İddiaçının niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələblə məhkəməyə müraciət etməlidir. Hazırki işdə iddiaçının istəyi müqavilənin etibarsızlığına yönəlsə də, “İddianın dəyişdirilməsi barədə” xx.xx.2020-ci tarixli sonuncu ərizəsində o, konkret olaraq xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmənin həmin müqavilənin etibarlılıq şərtlərini yoxlamaq imkanı və səlahiyyəti yoxdur. Birinci instansiya məhkəməsi müqavilənin ləğvi ilə bağlı iddiaçının dəlillərinə düzgün qiymət versə də, həmin müqavilənin etibarsız olub-olmamasına da qiymət verməkdə (yoxlamaqda) haqlı olmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı (iddiaçı) Cavabdeh2 və Bakı şəhərindəki 50 saylı Notariat ofisinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 50 saylı Notariat ofisində bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, Cavabdeh2 və 50 saylı Notariat ofisinin notariusu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 18 fevral 2017-ci il tarixdə Cavabdeh1 bağlanmış alqı-satqı müqaviləsinə əsasən, guya oğlu Nümayəndə verdiyi baş etibarnamə əsasında Bakı şəhəri, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87A, mənzil 756 yerləşən yaşayış sahəsini Cavabdeh2 satmışdır. Həmin alqı-satqı müqaviləsinin saxta etibarnamə əsasında həyata keçirildiyini bir neçə məhkəmə instansiyalarında mübahisə etdikdən sonra bilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarnamə etibarsız heab edildiyindən və Ali Məhkəmənin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu Əliyev Elmar Qəzənfər oğlunun kassasıya şikayəti təmin edilmədiyindən, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin “Müəyyən etdi” hissəsinin 83-cü bəndində göstərilən tövsiyyəsinə və izahına əsasən, yəni, “iddiaçının niyyəti müqavilənin etibarsızlığına nail olmaqdan ibarətdirsə, onda o, müvafiq tələbilə məhkəməyə müraciət etməlidir” tövsiyyəsinə uyğun olaraq hazırkı iddianı qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin “Müəyyən etdi” hissəsinin 42, 43 və 44cü bəndlərində qeyd edlib ki, apellyasiya instansiyası məhkəməsi Nizami Rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyi ilə razılaşmayaraq müəyyən edib ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmayıb, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirib, eyni zamandada müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilib, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməyib. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh2 bildirir ki, "əgər bu evin altından bir şey çıxsa ona 30 000 qaytarmalıdır, notariusa da 600 manat verib” Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə qeyd edir ki, “cibindən 17 000 manat pul çıxıb”. Məhkəmə kollegiyası qeyd edib ki, onun oğlunun (nümayəndəsinin) mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, o, işə düzəldilməyi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəltmək üçün pul lazımı olduğunu bildirməsi nəticəsində ona təcili pul lazım olmuş, pulu Cavabdeh2 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Evin satılması barədə iradələrinin olmamasını evin satılması barədə bir bəyanət verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair təsdiq edir. Alqı-satqı müqaviləsi ilə bağlı notariusda verilməli olan rüsuma əsasən belə bir rüsum 260-280 manatdan yuxarı ola bilməz. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində notariusa 600 manat verməsini bildirməklə notariusun depozit hesabına 30 000 manat pulun qoyulmasının saxta yolla olmasını, yəni Nümayəndə guya bankdan 30 000 manat almasını təsdiq edən qəbzə aldatma yolu ilə imza etdirilməsini təsdiq edir. Digər tərəfdən, Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin “Sizin cibinizdən nə qədər pul çıxıb?” sualına cavabında “mənim cibimdən 17 000 manat pul çıxmışdır” deməsi, 30 000 manat pulun banka daxil edilməməsinin açıq şəkildə təzahürüdür. Belə olan halda sual olunur, necə olur ki, əgər Cavabdeh2 həmin məbləğin 17 000 manat olmasını apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində qeyd edirsə notariusun depozit hesabına 30 000 manat pul keçirib və aldatma yolu ilə notariusun iş otağında Nümayəndə banka getmədən 30 000 manat pulun alınmasına imza edib. Cavabdeh2 başçılıq etdiyi cinayətkar dəstə qrupunun üzvü X6 barəsində Bakı şəhəri Nizami RPİ-nin İŞ-də cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilib və həmin cinayət işinin istintaqı bu günədək davam etdirilir. Ona görədə hesab edir ki, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu və Cavabdeh2 Abdalla oğlu barəsində məhkəmə baxışının nəticələri üzrə MPM-nin 265.4-cti maddəsində nəzərdə tutulan qaydada xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi qanuna müvafiq olardı.

20. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim etmişdir, həmin ərizəyə əlavə olaraq qeyd edir ki, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə onun tərəfindən ödənilməli olan 30 000 manat məbləğində pul vəsaiti İddiaçı adından etibarnamə əsasında çıxış edən oğlu Nümayəndə bankda olan depozit hesabına köçürülüb. "xxxx" ASC tərəfindən verilən 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, Nümayəndə 30 000 manat məbləğində pulu bankdan qəbul edib və bunu həmin qəbzə imza edərək təsdiq edib. Mənzil qanunu sənədləşdirilib və alqı-satqı baş tutub. Lakin əvvəlcədən hesablanan fırıldaqçı və məkrli plana əsasən hərəkət edən hazırkı iddiaçı, onun vəkalətli nümayəndəsi olan gəlini və məqsədli olaraq saxta etibarnamə əsasında hərəkət edən oğlu müxtəlif məzmunlu iddialar verərək əmlakı ona təhvil verməkdən yayınmaqla onu geri almağa çalışır və vicdansız davranırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019cu tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 87A, məhəllə 577, 756 saylı mənzilə olan istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, İddiaçı əldən çıxmış fayda olaraq 720 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət edilib. Bundan əvvəl İddiaçı Cavabdeh1na və ona qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab olunaraq təmin edilməmişdir. Məhkəmə birinci dəfə iddianı rədd edərkən qeyd edib ki, “Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla bağlanan mübahisələndirilən alqı-satqı müqaviləsi 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, alıcı əmlakı vicdanlı əldə edəndir”. Bundan sonra İddiaçı Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X5 və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilən xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizmai RPİ-nin İŞ-nin X3 ərizəsi əsasında aparılan araşdırma materialından ekspert rəyinin təsdiq edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə etibarsız hesab olunmuşdur. Qeyd olunan hər iki iş üzrə İddiaçı onun iş üzrə müqavilə tərəfi olan oğlu Nümayəndə həyat yoldaşı X7 təmsil edib. Həmin şəxslər hamılıqla mənzilin satılmasında iştirak etsələr də sonradan bu oyunları başladaraq vicdansız davranıblar. Heç bir məhkəmə prosesində o, mənzilin alıcısı qismində müqavilə tərəfi olmağından və niyyətindən imtina etməmişdir.Tərəflər bir neçə dəfə bu alqı-satqı ilə bağlı notariat orqanında olublar və özgəninkiləşmənin əsası olan etibarnamə satıcının oğlu tərəfindən tərtib olunaraq notariata təqdim edilib. Alıcı yalnız pulu və öz şəxsiyyət vəsiqəsini rəsmiləşmə üçün təqdim etməklə səlahiyyət və imkanlarının bitmiş hesab olunmasını bildirib. İş üzrə satıcı tərəfi notariatda təmsil edən onun oğlu Nümayəndə olub. Təqdim olunan müqavilənin imza hissəsində onun foto şəkli də qeyd olunub, müqaviləni imzalayıb. Bundan əlavə, hazırkı iddia üzrə iddia müddəti də ötürülüb. Mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

21. Birinci instansiya məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

22.1. İddiaçı əqdin etibarsızılığı barədə iddiasını əsasən onunla əsaslandırmışdır ki, alqı- satqı saxta etibarnamə ilə həyata keçirilmişdir, alqı-atqı ilə əlaqədar razılaşdırılmış 30 000 manat satıcıya tam olaraq ödənilməmişdir, mənzil onun real dəyərindən aşağı satılmışdır, alqı-satqıdan sonra alıcı satıcının mənzildən çıxarılmasını tələb etməmişdir və hal- hazırda mənzil yenə də iddiaçının istifadəsindədir. 22.2. Alqı-satqı zamanı satıcının adından onun oğlu, etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmişdir. İş materiallarında olan sənədlərdən və qəbul olunmuş məhkəmə qərarları ilə gəlinən nəticədən görünür ki, alqı-satqı müqaviləsinin dəyəri olan 30 000 manat alıcı tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialındakı AZ49AİİB********************4 saylı depozit hesabına köşürülmüş, 18 fevral 2017-ci il tarixdə Nümayəndə qəbzə imza etməklə pulu qəbul etmişdir. 22.3. Ona görə də iddiaçının guya alıcıdan cəmi 17 000 manat pul alması barədə gətirdiyi dəlillər öz təsdiqini tapmır. 22.4. Tərəflər müqavilə azadlığı əsas tutaraq alqı-satqı müqaviləsini özləri müəyyənləşdirmişlər və iş materiallarında bunun əksini təsdiq edən sübutlar mövcud deyil. 22.5. Bundan başqa iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, alqı-satqının saxta etibarnamə ilə həyata keçirilməsi iddiaçının özünə əqd bağlanan andan məlum olmuş, lakin iddiaçı əqdin etibarsız hesab olunması barədə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. 22.6. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, eləcə də iddia ərizəsi iddia müddəti açıq-aşkar ötürülməklə verildiyindən iddia təmin olunmamalıdır. 22.7. Məhkəmə cavabdehlərin barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbini də əsaslı hesab etmir. İddiaçı bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci, 372.2.-ci, 373.1-ci, 375-ci, 354.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv edilməsinı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilən hallara əhəmiyyət vermədiyini, iddia müddətinin tətbiqi ilə tamamilə əsassız nəticəyə gəldiyini, hüquqlarının pozulmasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra bildiyini və bundan sonra məhkəmədə iddia qaldırdığını nəzərə almadığını, qanunsuz qərar çıxardığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməli olan normaları tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

25. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

26. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh2 teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini bildirməklə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, Bakı şəhərindəki 50 saylı Notariat ofisi isə nümayəndəsini göndərməmişdir.

28. İşin halları, Cavabdeh2 teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

29. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

32. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

34. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

40. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

41. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

42. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

43. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

44. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

45. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

54. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməkdə haqlı olmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

60. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

61. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 34) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

62. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir (§ 45).

63. İşin yuxarıda sadalanan faktiki hallarından (§ 1-6) göründüyü kimi, mübahisəsi gedən mənzil iddiaçının adından xx.xx.2017-ci il tarixli etibarnamə əsasında hərəkət edən Nümayəndə tərəfindən Cavabdeh2 satılmış, alqı-satqı zamanı alıcının notariusun depozit hesabına mədaxil etdiyi pul vəsaiti Nümayəndə tərəfindən hesabdan məxaric olunmuşdur.

64. Həmin etibarnamənin saxta olduğu və iddiaçı tərəfindən Nümayəndə müvafiq səlahiyyət verilmədiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir (§ 12).

65. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”.

66. İşin müəyyən olunan hallarını əsas götürməklə kollegiya hesab edir ki, iddiaçının mənzilini satmaq kimi niyyəti olmamışdır və mübahisələndirilən alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz.

67. Tərəflər arasında əvvəllər baxılmış məhkəmə mübahisələrində Cavabdeh2 də bildirmişdir ki, həmin mənzili almaq niyyəti olmamış, iddiaçının nümayəndəsi olan oğlu və gəlini onlara təcili pul lazım olduğundan israrla mənzilin alınmasını ondan xahiş etmiş, məhkəməyə qədər mübahisələr zamanı o, 30 000 manatının qaytarılacağı halda, mənzilin qaytarılmasının mümkünlüyünü qarşı tərəfə demiş, lakin qarşı tərəf onun pulunu qaytarmaq istəməmişdir.

68. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

69. Mülki Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

70. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

71. Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.

72. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçının iddia tələbi təmin olunmalı, Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

73. Kollegiya həmçinin qeyd edir ki, əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir (§ 36).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”.

75. Bu mənada kollegiyanın qənaətinə görə, alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh2 ödədiyi və iddiaçının adından saxta etibarnamə əsasında hərəkət edən Nümayəndə tərəfindən notariusun depozit hesabından məxaric olunmuş 30 000 manat ondan alınaraq Cavabdeh2 qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, Nümayəndə tərəfindən həmin pul vəsaitinin notariusun bankdakı depozit hesabından məxaric olunduğu qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir.

76. Kassasiya instansiyası məhkəməsi də xx.xx.2022-ci il tarixli qərarında vurğulamışdır ki, “18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənilməli olan 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı adından etibarnamə əsasında Nümayəndə bankda olan depozit hesabına köçürülməsi və sonuncunun "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən 30 000 manat məbləğində pulu bankdan qəbul edərək bunu həmin qəbzə imza edib alması öz təsdiqini tapdığı halda, həmçinin Nəsimi Rayon Məhkəməsində üçüncü şəxs qismində dindirilmiş Nümayəndə öz izahatında Cavabdeh2 30 000 manat borc pul aldığını, Cavabdeh2 onu aldadaraq evin alqı-satqısını həyata keçirdiyi barədə izahatı olduğu halda, alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsinin dəqiq müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır və hesab edir ki, əqdi etibarsız saydığı halda tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maddi hüquq normalarının tələblərinə də riayət edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin Cavabdeh2 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izahına da kollegiya tənqidi yanaşır və hesab edir ki, əqdi etibarsız hesab edən məhkəmə bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə də müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir”.

77. İddiaçının, “Bakı şəhəri 50 saylı Notariat ofisinin notariusu və Cavabdeh2 barədə xüsusi qərardad çıxarılması” xahişi ilə bağlı kollegiya qeyd edir ki, həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, iş üzrə nə adı çəkilən notariat kontorunun notariusunun, nə də Cavabdeh2 əməllərində hər hansı cinayətin əlamətləri müəyyən edilməmişdir (§ 56).

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-345/2023 saylı iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 87A, məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair İddiaçı adından Nümayəndə ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Nümayəndə 30 000 (otuz min) manat alınaraq Cavabdeh2 ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 150 (yüz əlli) manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar