Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3719/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «əmək haqqı və.s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında 09.11.2009-cu il tarixdə əmək müqailəsi bağlanmışdır. Əmək müqaviləsinə edilmiş 02.12.2013-cü il tarixli əlavəyə əsasən iddiaçının aylıq əmək haqqının ümumi məbləği 6600 manat olmuşdur. Əmək müqaviləsinə iddiaçının təşəbbüsü (ərizəsi) ilə 2020-ci ilin sentyabr ayının 14-ü sonuncu iş gün olmaqla xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrlə 15.10.2020-ci il tarixdə tanış edilmiş və elə həmin gündə ona əmək kitabçası təhvil verilmişdir. Lakin bu zaman iddiaçı ilə son haqqı-hesab aparılmamışdır. 2020-ci ili naprel, may, iyun, iyul, avqust və sentyabr ayları üçün əmək haqqı, habelə istifadə edilməmiş əmək məzuniyyətinə göər pul əvəzi ödənilməmişdir. Hələ əmək müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçı aylarla ona əmək haqqının ödənilməməsi ilə bağlı 01.06.2020-ci il tarixdə ləğv prosesində olan Cavabdeh ASC-nin («Cavabdeh») ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna («Ləğvedici»), 16.07.2020-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə («Nazirlik») müraciətlər etmişdir. Ləğvedicinin Nazirliyinə və iddiçıya ünvanlanmış 08.09.2020-ci il tarixli məktubda əmək haqqının ödənilməməsinin səbəbi kimi Bakı Apellyasiya Məhkəməsinin 28.04.2020-ci il tarixil qərarına («Qərar-1») istinad olunmuşdur. Qərar-1 ilə müəyyn edilmişdir ki, Cavabdeh ASC-yə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işilərinin əmək haqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020- ci il tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) monitorium tətbiq edilsin. İddiaçı də Audit Komitəsinin sədri olduğundan, guya həmin istisnaya aid edilmişdir. Halbuki Qərar-1 yalnız Banka müvəqqəti inzibatçının təyin olunduğu dövr üçün keçərlidir. Bu isə cəmi 2 gün edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 30.04.2020-ci il tarixli qərarı («Qərar-2») ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmiş, bununla da banka müvəqqəti inzibatçı təyin olduğu dövr bitmişdir. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 57.4.2-ci maddəsinə əsasən banka müvəqqəti inzibatçı təyin edildiyi gündən bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. Həmin Qanunun 71.7.1-ci maddəsinə görə isə təyin edildiyi gündən ləğvedici bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir. Başqa sözlə, ləğvedici təyin edildiyi gündən müvəqqəti inzibatçının səlahiyyətlərinə avtomatik xitam verilir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 71.7.6-cı maddəsinə görə ləğvedicinin istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam vermək səlahiyyəti var. Buna baxmayaraq, iddiaçı ilə olan əmək müqaviləsi 2020-ci ilin sentyabr ayınadək qüvvədə saxlanılmış, ona əmək haqqının ödənilməsi ilə bağlı isə hər hansı məhdudiyyət mövcud olmamışdır. Hətta cavabdehin özünün nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-10/2021 saylı işə baxılarkən etiraf olunmuşdur ki, iddiaçını işdən çıxara biləcəyi halda, məqsədli şəkildə çıxarmayıb ki, ikiqat əmək haqqı ödəyərək pul vəsaitlərinə qənaət etsin. Ümumiyyətlə, banka müvəqqəti inzibatçının təyin olunması ilə bağlı tətbiq edilən moratorium heç də o demək deyil ki, işçinin əmək haqqı heç vaxt ödənilməli deyil. «Müvəqqəti inzibatçı» və «moratorium» sözlərinin elə mənası ondan ibarətdir ki, yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır. Belə ki, məsələn Qərar-1-lə tətbiq edilmiş moratorium həmçinin qorunan əmanətlərə də aid olmuşdur, amma bank müftis elan olunduqdan sonra onların kompensasiyası həyata keçirilmişdir. Eyni vəziyyət moratoriumun şamil edildiyi Bankın işçilərinə də aiddir. Müvəqqəti inzibatçılıq və moratorium bitdikdən sonra Bankın ləğvi prosesi başlanmışdır və iddiaçının işəgötürəni artıq ləğvedicisi olmuşdur. Ləğvedicinin məntiqindən belə çıxır ki, guya iddiaçı əmək vəzifələrini əvəzsiz qaydada icra etməli idi. Elə bil quldarlıq dövrüdür. Azərbaycan Respublikasının da qoşulduğu «Avropa İnsan Hüquqları Konvensiyası»nın 4- cü maddəsinə əsasən köləlik və məcburi əmək qadağandır. Beləliklə, bank hər bir halda son haqq-hesab apararaq 2020-ci ilin may-sentyabr ayları üçün iddiaçıya əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödəməlidir. O ki qaldı 2020-ci ilin aprel ayı üzrə əmək haqqına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri ödənişlərin növbəliliyində 4-cü növbədədir. Buna görə də həmin ay üzrə əmək haqqı dövrdüncü növbəli kreditor tələbi kimi qeydə alınması tələbi Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)- 10/2021 saylı qərardadı ilə təmin edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-10/2021 saylı qərardadı ilə iddiaçının tələbi «son haqq-hesab apararaq 2020-ci ilin may-sentyabr ayları üçün ərizəçiyə əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin cavabdehə həvalə edilməsi» hissəsində mümkün sayılmamış, hesab edilmişdir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən son haqq hesab apararaq 2020-ci ilin may-sentyabr ayları üçün iddiaçıya əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «əmək haqı və.s» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh ASCnin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış 09.11.2009-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ASCnin Daxili Audit Departamentinin direktor vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 2500 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış 02.12.2013cü il tarixli əmək müqaviləsinə əlavənin kserosurətindən görünür ki, əmək müqaviləsinin 1ci maddəsinin 1.2-ci bəndi dəyişdirilərək, işçinin vəzifəsi Audit Komitəsinin Sədri adlandırılmış, əmək müqaviləsinin 4-cü maddəsinin 4.1-ci bəndinin birinci cümləsi dəyişdirilərək işçinin aylıq əmək şaqqının dəyişikliklər tərəflərin 6600 manat təşkil edilmişdir. İş materiallarında olan Müqavilənin qüvvəsinə xitam verilməsi barədə İİ saylı Əlavənin surətindən görünür ki, bu müqaviləyə işəgötürənin ləğv edilməsi ilə əlaqədar olaraq xitam verildikdə, işçiyə bir aylıq işdənçıxma müavinatı ödənilir. İşçinin həmçinin müvafiq qanunvericilik ilə müəyyən edilmiş qaydada digər işdənçıxma müavinatlarının minimum məbləğini almağa hüququ var (1.1.1-ci bəndi). Bu müqavilə müvafiq olaraq işəgötürən işçinin əmək şəraitinin şərtlərini dəyişdirə bilər, lakin işçi belə dəyişikliklərə razılıq vermədikdə, belə bir dəyişiklik barəsində işçiyə verilmiş bildiriş tarixi bitdikdən sonra, bu müqavilənin qüvvəsinə xitam veriləcək. Yaxud, işçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada, bildiriş müddəti ərzində işləmək əvəzinə pul vəsaiti ilə kompensasiya ödənilə bilər. İş materiallarında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Cavabdeh ASC-nə müvəqqəti inzibatçının təyin edilməsi haqqında 27.04.2020-ci il tarixli, 19 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Rauf Sabir oğlu Kazımov 2 ay müddətinə Cavabdeh ASC-nə müvəqqəti inzibatçının təyin edilməsi,bu Qərarı dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim edilməsi və «Banklar haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi müvəqqəti inzibatçıya tapşırılması, Cavabdeh ASC-yə müvəqqəti idarəetmə tədbirlərini həyata keçirmək məqsədi ilə müvəqqəti inzibatçının rəhbərliyi ilə inzibatçılar qrupunun yaratması, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən Cavabdeh ASC-yə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əməkhaqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) moratorium tətbiq edilməsi barədə məhkəməyə ərizə ilə məhkəməyə müraciət etməsi baş direktor Toğrul Əliyevə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 3(103)-125/2020 saylı, 28.04.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh ASC-yə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əmək haqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə Azərbaycan Respublikas Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbrlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla moratorium tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 3(103)-130/2020 saylı, 30.04.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icra direktoruna, surəti LPO Cavabdehın təhvil-təslim komissiyasının sədrinə ünvanlanmış 01.06.2020-ci il tarixli müraciətin surətinə əsasən hansı Qanunun maddəsinə əsasən onun əmək müqaviləsi qüvvədə olduğu halda cari ilin may ayı üçün əmək haqqının hesablanıb ödənilməməsini yazılı surətdə ona təqdim etməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinə ünvanlanmış 16.07.2020-ci il tarixli müraciətinə surətindən görünür ki, faktiki əmək müqaviləsi qüvvədə olduğu halda səlahiyyətlərinin alınmasına baxmayaraq bankın hər hansı bir işçinin qulluq mövqeyindən asılı olmayaraq onun əmək müqaviləsi və münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir və hüquqların məhdudlaşdırılması qəti qadağandır. Lakin Cavabdehın bütün işçilərinə cari ilin may və iyun ayları üçün əmək haqqı hesablanıb ödənildiyi halda ona əmək haqqı hesablanmamış və ödənilməmişdir. Əmək haqqının ödənilməsi və digər qanuni tədbirlərin görülməsi məqsədilə hüquqlarının bərpasına ona köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh ASC Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-130/2020 saylı, 30.04.2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş barəsində iflas proseduruna başlanılmış və Banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Müvəqqəti inzibatçılıq dövründə bankın aktivlərinin və maliyyə vəziyyətinin bir daha qiymətləndirilməsi, habelə aktivlərin aşağı düşməsinin qarşısının alınması məqsədilə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən Mərkəzi Bankın verdiyi ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin 28.04.2020-ci il tarixli Qərarı ilə "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə monitorium tətbiq edilmişdir (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əməkhaqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğv edicisinə təqdim edir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən bankın inzibatçısına Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri daxildir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh ASC-nin 14.09.2020-ci il tarixli, 157/K-2 saylı əmrin surətindən görünür ki, 14.09.2020-ci il tarixli sonuncu iş günü olmaqla ləğv prosesində olan Cavabdeh ASC-nin Audit Komitəsinin sədri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əsas: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərardadı və işçinin ərizəsi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 3(103)-10/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı «əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə pulun ödənilməsi» barədə ərizəsinə dair «Son haqq-hesab apararaq 2020-ci ilin may-sentyabr ayları üçün ərizəçi İddiaçı əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi Banka (Ləğvediciyə) həvalə edilməsi hissəsində iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(102)-9/2021 saylı 30.06.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 2-3(102)- 10/2021 nömrəli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 2-3(103)-10/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə N-14 saylı 25.10.2021-ci il tarixli arayışından görünür ki, arayış Cavabdeh ASC İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisə üzrə 25.10.2021-ci il tarixdə, saat 15.00-15.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. Cavabdeh ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərcləri ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir. Həmin Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir. Həmin Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh ASC-nin müflis elan edildikdən sonra yaranmış əmək haqqı tələb etmişdir ki, bu halda artıq ləğv prosesində olan Cavabdeh ASC–yə ləğvedici kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Yaranmış əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanan pul tələbi isə bank müflis elan edildikdən sonra Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin aktivlərindən (yığımlarından) gələn gəlirlər hesabına təmin olunmalıdır. Çünki Cavabdeh ASC-nin müstəqil hesabı yoxdur və gələn gəlirlərə, yığılan vəsaitlərə nəzarət və sərəncam verilməsi səlahiyyəti ləğvedici kimi Əmanətlərin Sığortalanması Fonduna məxsusdur. İddiaçı isə bank müflis elan edildikdən sonra əmək münasibətlərini ləğv prosesində olan Cavabdeh ASC ilə deyil, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortlanaması Fondu ilə davam etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, ləğv prosesində olan Cavabdeh ASC İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Kollegiya hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsini tələb etməsinə baxmayaraq, ləğv prosesində olan Cavabdeh ASC həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iş üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «əmək haqqı və s» tələbinə dair iddiası təmin edilməməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-576/2022 saylı iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.