Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3722/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlkin İddiaçı, ilkin Cavabdeh2, onun vəkili Vəkil2, ilkin Cavabdeh3 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-395/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 2(006)-395/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair ilk iddia rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı «evin boşaldılması» tələbinə dair qarşılıqlı iddiası isə təmin edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdeh qarşılıqlı razılıq əldə etmiş və ərizələrlə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. Cavabdeh2 onun mülkiyyətində olan Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 123 saylı ünvanda yerləşən evi İddiaçı göstərdiyi müştəriyə razılaşdığı qiymətə satmağı, satışdan yalnız 95.000 (doxsan beş min) manat götürməyi, qalan pulu İddiaçı verməyi öhdəsinə götürür.
2. İddiaçı həmin şərtlərlə razılaşaraq 95.000 (doxsan beş min) manatı Cavabdeh2 verməyi, ev satılmazsa, 3 aydan sonra evi boşaldıb Cavabdeh2 təhvil verir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə
Qərara aldı:
İddiaçı Cavabdeh2 ilə bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. Cavabdeh2 onun mülkiyyətində olan Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 123 saylı ünvanda yerləşən evi İddiaçı göstərdiyi müştəriyə razılaşdığı qiymətə satmağı, satışdan yalnız 95 000 (doxsan beş min) manat götürməyi, qalan pulu İddiaçı verməyi öhdəsinə götürür.
2. İddiaçı həmin şərtlərlə razılaşaraq 95 000 (doxsan beş min) manatı Cavabdeh2 verməyi, ev satılmazsa, 3 aydan sonra evi boşaldıb Cavabdeh2 təhvil verməyi öhdəsinə götürür. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-395/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov