Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3723/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-1066/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2023-cü ildə ölmüş X1 miras qalmış, aşağıda göstərilən daşınmaz əşyalardan onun övladına – İddiaçı çatmalı olan məcburi payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması haqqında qətnamə qəbul olunsun: 1) ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 18,7 kv.m, köməkçi sahəsi 52,55 kv.m olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,056 ha torpaq sahəsi; 2) Xətai rayonu, Sarayev küçəsi, 18 nömrəli evin 3 otaqdan ibarət, ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 38,6 kv.m olan 176 nömrəli mənzili. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, həmin daşınmaz əşyalardan iddiaçıya çatası payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məcburi payın qəbul edilməsi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir (Mülki Məcəllə, maddə 1202.2). Mirasın qəbul edilməsi müddəti 3 aydır (Mülki Məcəllə, maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllə, maddə 1248.1). Lakin mirasın qəbulu müddətini müəyyənləşdirən 1246-cı maddə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilib. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd olunub ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, mirasın qəbulu müddəti artıq mövcud deyil. Mövcud olmayan müddətin uzadılması barədə işə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, məhkəmə gecikmənin səbəbini üzrlü saydıqda müddətin uzadılması barədə qətnamə, gecikmənin səbəbini üzrsüz saydıqda isə müddətin uzadılmasından imtina barədə qətnamə qəbul etməlidir. Müddət mövcud olmadığına görə məhkəmə gecikmənin səbəbini üzrlü və ya üzrsüz saya bilməz, yəni işə baxa bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı hazırkı işdə tətbiq olunmalıdır. Həmin qərarda qeyd olunub ki, bu Qərar hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. İddiaçı iddia ərizəsi xx.xx.2023-cü ildə verilib, Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən zaman iş məhkəmənin icraatında olub. Odur ki, İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyinə görə məcburi payı qəbul etmiş vərəsə hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1066/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3723/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3723/2024
28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver