Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3725/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2(006)-1281/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********44842 olan İPHONE 13 PRO MAX markalı telefon almış və nəticədə 5516 (beş min beş yüz on altı) manat borc yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, müqavilə predmeti cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. xx.xx.2021ci il tarixdə bağlanmış ******* saylı Müqavilənin bütün şərtləri yerinə yetirilənə qədər əşya “ABC”-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, “Mal”-a tam sahiblik hüququ “Müştəri”yə keçir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcunun ödənilməsi barədə iddiaçı "xxxx" MMC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, əsas borca ödənilmiş məbləğ 1314,25 manat təşkil edir. Cavabdehin 4555 manat məbləğdə əsas borca ödənilməmiş hissə, 961 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 5516 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44842 olan İPHONE 13 PRO MAX markalı telefon üçün 4555 (dörd min beş yüz əlli beş) manat ödənilməmiş hissə, 961 (doqquz yüz altmış bir) manat dəbbə pulu; ümumilikdə 5516 manat borc və 75.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021- ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********44842 olan İPHONE 13 PRO MAX markalı telefon almış və nəticədə 5516 (beş min beş yüz on altı) manat borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 5869.25 (beş min səkkiz yüz altmış doqquz manat iyirmi beş qəpik) manat (18 ay x 267.97 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********44842 olan İPHONE 13 PRO MAX markalı telefon üçün ümumilikdə, 5516 (beş min beş yüz on altı) manat olmaqla ondan 4555 (dörd min beş yüz əlli beş) manat ödənilməmiş hissə, 961 (doqquz yüz altmış bir) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1314.25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış müqavilə; onun əlavəsi; bildirişi; əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2(006)- 1281/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci tarixli əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən yaranmış 4555 manat əsas borc, 95 manat dəbbə pulu, cəmi 4650 manat və iddiaçı tərəfindən 75,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, əşyanın alğısatqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, əsas borca ödənilmiş məbləğ 1314,25 manat təşkil edir. Cavabdeh 4555 manat məbləğdə əsas borca ödənilməmiş hissə, 961 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 5516 manat borcu yaranmışdır. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alğısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli əşyanın alğı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu 95 manat məbləğinədək azaldılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 462.1, 462.3, 467, 567, 568.1, 597.1, 601.1, 600.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 119.1 maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməninn ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən öhdəliyin olması barədə sübut təqdim edilsə də hazırda öhdəliyin icra edilməməsinin səbəbləri araşdırılmamışdır. Həmin telefon onda yoxdur. X4 adlı şəxs ondan alaraq özündə saxlamışdır. Nərimanov rayon məhkəməsində olan digər cinayət işinin məhkəmə baxışı zamanı məhkəməyə müraciət etmişdir. Bu barədə iddiaçı ABC Telecom MMC-yə də məlumat vermişdir. Hesab edir ki, öhdəliyin icra edilməməsi üzürlüdür. Həmçinin baxılan iş üzrə iddia tələbinin təmin olunması zamanı sübutlara, müqavilələrə qiymət verilməli idi. Əgər varsa. Çünki iddiaçı ilə aralarında müqavilə olsa da əşya hazırda onun mülkiyyətində deyil və üzürlü səbəbdən bu baş vermişdir. Telefon ondan alınaraq geri qaytarılmamışdır. Bundan başqa cavabdehin izahatı alınmadan, dinlənilmədən qəbul edilən qətnamə əsassızdır. Borcun olması, ümumiyyətlə hansı məqsədlə verilməsi öz təsdiqini tapmır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyi üçün qətnamə iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci tarixli əşyanın nisyə alğı-satqısına dair müqaviləyə satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, əsas borca ödənilmiş məbləğ 1314,25 manat təşkil edir. Cavabdeh 4555 manat məbləğdə əsas borca ödənilməmiş hissə, 961 manat məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 5516 manat borcu yaranmışdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir Beləliklə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığı və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu tənasübsüz sürətdə yüksək qiymətləndirməklə, dəbbə pulunu 95 manat məbləğinədək azaltmışdır. Apellyasiya şikayətinin öhdəliyin icra edilməməsinin səbəbləri araşdırılmamasına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan “İphone 13 Pro Max” markalı telefonun cavabdehdə deyil, başqa şəxsdə olması, bu barədə iddiaçı ABC Telecom MMC-yə də məlumatı olması iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh tərəfindən bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, adıçəkilən telefona dair xx.xx.2021-ci tarixli əşyanın nisyə alğı-satqısına dair bağlanmış müqavilə üzrə tərəf cavabdeh olduğundan və həmin telefon 23 noyabr 2021-ci il tarixli təhvil təslim aktına əsasən məhz cavabdehə təqdim edildiyindən müqavilə üzrə öhdəliklər Cavabdeh tərəfindən də həyata keçirilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh telefonun onda deyil başqa şəxsdə olmasını iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət edilənə qədər mübahisələndirməmiş, yalnız hazırki iş üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətində həmin hala istinad etmişdir. Məhkəmə kollegiyası xususilə vurğulayır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5 bəndində müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər malın (telefon) “ABC”nin əmlakı hesab olunması və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməməsi şərtləndirilmişdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Göründüyü kimi işin faktiki halları ilə cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, e-2(006)- 1281/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə