Məhkəmə qərarları › İş №2(103)-3725/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3725/2025

16.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3725/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 oğlundan ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-199/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən ona məxsus 523 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi, həmin hissədə inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 523 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin fərdi yaşayış evinin həyəti 0,01 ha torpaq sahəsindən ibarətdir. Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş, həmin hissədə qanunsuz tikili inşa etmişdir. Məhz cavabdeh tərəfindən qanunsuz tikilinin onun həyətində inşa edilməsi onu öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə mane törətmişdir. O, dəfələrlə cavabdehə xəbərdarlıq edərək qanunsuz tikilinin sökülməsini tələb etmiş, lakin cavabdeh ona məhəl qoymamış, onun mülkiyyətinə etdiyi qanunsuz müdaxiləni dayandırmamışdır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-199/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18,75 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili (bir otaq) Cavabdeh hesabına sökülməsi; Cavabdeh qanunsuz istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18,75 kv.m hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-199/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi özəlləşərkən və həmin torpaq sahəsinə çıxarış verilərkən hal-hazırda onun istifadəsində olan tikili sahə həmin torpağın özəlləşməsindən uzun illər əvvəl tikilmişdir. Bu səbəbdəndə hesab edir ki, həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınarkən onun istifadəsində olan tikintinin yerləşmə sahəsi nəzərə alınmalı idi və həmin tikintinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ tanınmamalı idi. Bu səbəbdən də hesab edir ki, hal-hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin özəlləşməsi qanun pozuntusu nəticəsində baş vermişdir. Hal-hazırda həmin torpaq sahəsinin özəlləşməsinin etibarsız sayılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyir.

Apelyasiya baxışı zamanı verilən izahatlar

7. İddiaçı “AZEMİS” vasitəsilə ərizə ünvanlayaraq, cavabdehlə arasında barışıq əldə olunduğunu, ona qarşı heç bir iddia tələbinin olmadığını və gələcəkdə də olmayacağını və iddia ərizəsini geri götürdüyünü bidirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. Eyni zamanda Cavabdeh da “AZEMİS” vasitəsilə ərizə ünvanlayaraq, iddiaçı arasında barışıq əldə olunduğunu, ona qarşı heç bir şikayətinin olmadığını və şikayət ərizəsini geri götürdüyünü bildirmişdir.

9. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

10. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

11. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

12. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

13. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

14. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

15. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

16. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

17. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

18. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

19. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

20. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

21. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

22. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-199/2025 saylı, 3 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar