Məhkəmə qərarları › İş №2(103)-3726/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3726/2022

17.05.2022 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3726/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5479/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kamilov X1 rayon Məhkəməsinə müraciət edərək, 01.10.2015-ci il tarixdə No 6502nkLKN/15 sayla rəsmiləşdirilmiş kredit müqaviləsi qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsi və 28.02.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı filialından 9.600 ABŞ dolları dəyərində götürdüyü kreditə dair müqavilə əsasında onun müvafiq cədvəl üzrə edilmiş ödənişlər də nəzərə alınmaqla, qalan kredit borcunun müəyyənləşdirilməsi; onun maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASC-dən 5.000 manat məbləğində pulun kompensasiya kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(049)-910/2021 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2014-cü il fevral ayının 28-də "xxxx" KB ASC-nin Bakı şəhərində yerləşən 14 saylı filialından tələb olunan sənədlərə və şərtlərə əsasən bağlanmış müvafiq kredit müqaviləsi üzrə 4 il müddətinə həmin dövrdə manatla ABŞ dollarının mövcud məzənnəsinə uyğun 9.600 ABŞ dolları dəyərində kredit götürməklə, hazırda cavabdeh qismində məhkəməyə cəlb edilmiş "xxxx" ASC-nin müştərisi olmuşdur. Heç bir gecikdirməyə yol vermədən həmin krediti müvafiq ödəmə cədvəli üzrə ödənişlər etmişdir. Onu da qeyd etməyi lazım bilir ki, o, o vaxt cavabdehdən krediti xarici valyutada-ABŞ dolları ilə aldığı rəsmiləşdirilsə də, əslində kredit ona faktiki olaraq manatla verilmiş və həmin dövrdə ABŞ dollarının milli valyutaya münasibətdə rəsmi məzənnəsi 0,78 AZN təşkil edirdi. Devalvasiya olduqda "xxxx" KB ASC-nin Lənkəran filialının əməkdaşları tərəfindən həmin Banka dəvət olundu. Orada bildirdilər ki, devalvasiya baş verib, onun Unibankdan götürdüyü kreditin bundan sonra ödənilməli qalıq borcu, vaxt uzadılmaqla yeni cədvəl üzrə ödənişlərini davam etsin. O, bunun, bir müştəri kimi onun xeyrinə olan təklif olaraq Bank tərəfindən edilmiş xeyirxah təklif olduğunu düşünərək razılaşdı. Bu təklif və razılaşmanın nəticəsi kimi 01.10.2015-ci il tarixdə 6502nkLKN/15 saylı Kredit və X4 və yeni ödəniş cədvəli tərtib olundu, onun bir nüsxəsi də ona verildi. Həmin cədvəl üzrə bir neçə ay ödənişlər etdikdən sonra müqavilə və ödəniş cədvəlinə baxdıqda məlum oldu ki, guya o, Unibankın Lənkəran filialından yeni kredit götürmüşdür. Həmin filialda oldu, bu barədə fikrini bildirdi və həmin müqavilənin ləğv edilməsini xahiş etdi. Bank işçisi bunun mümkün olmadığını bildirdi. Həmin “müqavilə” rəsmiləşdirilərkən o, faktiki olaraq nəinki heç bir məbləğdə (istər xarici, istərsə də milli valyutada olsun) kredit almamış, heç bank əməkdaşları ona bunu bildirməmiş və ona imzalatdırdıqları sənədlərin məzmununu və mahiyyətini izah etməmişdilər. Halbuki, həmin “yeni müqavilə üzrə” Unibankın Lənkəran filialı ona guya 7.454 ABŞ dolları kredit vermişdir. O, isə bir daha qeyd edir ki, o, ilk dəfə 2014-cü ilin fevralında həqiqətən götürdüyü kredit istisna olmaqla, Unibankdan başqa kredit almamışdır. Yeni müqavilə üzrə birinci ödəmə cədvəlində qalan borc necə silinmişdir, məlum deyil. Belə hesab edir ki, Unibank KB ASC-nin Lənkəran filialı tərəfindən, müştəri kimi onun olan güvənc və inamından sui-istifadə edib onu qəsdən aldatmaqla, ona qarşı də dələduzluq edilmişdir. O, bütün bunlar barədə X3 rəhbərliyinə dəfələrlə müraciət etmiş, lakin müraciətlərindən heç bir müsbət nəticə hasil olmamışdır. Sonda Unibank ASC- nin rəhbərliyi ona məsələnin məhkəmə qaydasında həll olunmasını tövsiyə edən cavab göndərməklə kifayətlənmişdir. Bunu, onun müştərisi olan bəlkə də yüzlərlə kreditordan biri olan vətəndaş kimi belə qiymətləndirir ki, Lənkəran şəhərində yerləşən filialının şəxsində cavabdeh Unibank KB ASC ona etibar edərək müştərisi olmuş şəxslərə göstərdiyi bank xidməti olduqca yarıtmaz təşkil edilmişdir. Burada vətəndaş məmnunluğundan söhbət belə gedə bilməz. Onun müştəri hüquqlarının bu və ya digər formada Unibank-ın əməkdaşlarının hüquqazidd davranışı nəticəsində pozulduğunu və onun üçün əhəmiyyətli sayılan məbləğdə lüzumsuz vəsait sərfinə səbəb olmaqla, maddi zərərə məruz qaldığını xüsusi qeyd etmək istəyir və hesab edir ki, bunda təqsirli olan Unibank ona kompensasiya ödəməlidir. O, həmin kompensasiyanın həcmini 5.000 manat məbləğində müəyyən edərək, bu barədə məhkəmə qərarı qəbul edilməsi, tamamilə ədalətli qərar olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(006)-5479/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, "xxxx" ASC-nin Lənkəran filialında "xxxx" ASC ilə İddiaçı arasında bağlanaraq sonuncunun 2015-ci ilin oktyabr ayının əvvəlində mövcud olmuş rəsmi valyuta məzənnəsinə uyğun yeni şərtlərlə 60 ay müddətinə 7.454 USD ekvivalentində kredit götürdüyünü rəsmiləşdirən 01.10.2015-ci il tarixli № 6502nkLKN/15 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının 28.02.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı Bakı filialından götürdüyü və devalvasiyalarla əlaqədar, habelə "xxxx" ASC-nin apellyatora münasibətdə hüquqazidd, qanunsuz və qərəzli hərəkətləri nəticəsində maddi durumunun pisləşməsi səbəbindən ödənişi gecikmiş kredit borclarının kompensasiya olunmaqla silinməsi üçün Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası məsələləri ilə bağlı tədbirlər haqqında” Fərmanlarının iddiaçıya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və bunlar barədə iş üzrə yeni qətnamə çıxarılmaqla, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası məsələləri ilə bağlı tədbirlər haqqında”məlum Fərmanlarında 2015-ci ilin sonlarında və ondan sonrakı dövrdə ölkədə baş vermiş inflyasiya və devalvasiya ilə əlaqədar vətəndaşların banklardan götürdükləri istehlak kreditlərinin ödənməsində yaranmış problemli kreditlərin silinməsi və kompensasiyası nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, hörmətli Məhkəmə qətnamədə dövlət başçısının həmin humanist qərarının iddiaçıya tətbiq olunmamasına nədənsə əhəmiyyət verməmişdir. Apellyasiya Məhkəməsi bu məsələnin iddiaçının xeyrinə həll olunmasını təmin edən qərar qəbul etməlidir. Bundan başqa, müştərisi olduğu Unibank KB-nın ona qarşı tutduğu qərəzli mövqe və irəli sürdüyü əsassız və açıq-aşkar qanunsuz iddia tələbləri nəticəsində ona həm mənəvi və həm də maddi ziyan dəymişdir. Bu məsələ iddiaçının birinci instansiya məhkəməsində Unibanka qarşı qaldırdığı iddia tələbində də əks olunmuş, lakin məhkəmə öz qətnaməsində iddiaçının həmin haqlı tələbinin təmin olunmaması nətiçəsinə gəlmişdir. Ona dəymiş həm mənəvi, həm də maddi ziyanı pul formasında ifadə olunan məbləğini 5.000 (beş min) AZN həcmdə qiymətləndirir və hesab edir ki, həmin məbləğdə pul vəsaiti kompensasiya kimi Unibank KB ASC-nin hesabından iddiaçıya ödənilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, kreditor "xxxx" KB ASC ilə borclu İddiaçı arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli kredit və X4nə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 24 % ödəmək şərtilə 7.454 (yeddi min dörd yüz əlli dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit və bank hesab müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə gönə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 21 iyun 2016-cı il tarixinə kredit və X4 üzrə “Unibank" KB ASC-yə 7.320,93 ABŞ dolları əsas, 883,46 ABŞ dolları faiz, 7,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.223 (üç min iki yüz iyirmi üç) ABŞ dolları 16 sent borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (preienziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kreditor "xxxx" X6 Səhmdar Cəmiyyəti ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək borclu İddiaçı 7.320,93 ABŞ dolları məbləğində kredit borcu, 883,46 ABŞ dolları faiz borcu, 7,83 ABŞ dolları cərimə borcu, cəmi 8.212,22 (səkkiz min iki yüz on iki dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-10313/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclu İddiaçıdan 7.320,93 ABŞ dollan məbləğində əsas, 883,46 ABŞ dolları məbləğində faiz borcu, 7,83 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8.212,22 (səkkiz min iki yüz on iki dollar iyirmi iki sent) ABŞ dollan məbləğində vəsaitin, habelə dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun tutulub kreditor “Unibank" KB ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Borclu G.X.Kamilöv tərəfindən verilmiş etiraza əsasən Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadı ilə 2(049)-10313/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirakları ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-80/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” iddiasının təmin edilməsi, cavabdeh İddiaçı 7.320,93 ABŞ dolları əsas borc, 883,46 ABŞ dolları faiz, 7.83 ABŞ dolları cərimə, cəmi 8.212,22 ABŞ dolları (səkkiz min iki yüz on iki dollar 22 sent) borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 rnanat məbləğində dövlət rüsumunun “Unibank" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(106)-849/2019 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 80/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia "xxxx" KB ASC-nin Lənkəran filialına münasibətdə təmin edilməməlidir. Bundan başqa iddiaçı onun maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASC-dən 5.000 manat məbləğində pulun kompensasiya kimi ona ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin tələb də təmin edilə bilməz. İddiaçı maddi zərərin ödənilməsi tələbini məhkəmədə sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələri səhv təfsir edilmiş və digər maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi əsasları qanunvericiliklə müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlillər məhkəmə kollegiyasına təqdim edilməmişdir. Bundan başqa, MPM-nin 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən müqaviləyə, yəni 01.10.2015-ci il tarixli, 6502nkLKN/15 nömrəli müqaviləyə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2(106)-849/2019 nömrəli qətnaməsi hüquqi qiymət verildiyindən, iddiaçının 01.10.2015-ci il tarixdə No 6502nkLKN/15 sayla rəsmiləşdirilmiş kredit müqaviləsi qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası digər iddia tələblərinə münasibətdə isə qeyd edir ki, 28.02.2014-cü il tarixdə "xxxx" ASC-nin 14 saylı filialından 9.600 ABŞ dolları dəyərində götürdüyü kreditə dair müqavilə əsasında onun müvafiq cədvəl üzrə edilmiş ödənişlər də nəzərə alınmaqla, qalan kredit borcunun müəyyənləşdirilməsi barədə iddianın mahiyyəti 01.10.2015-ci il tarixdə No 6502nkLKN/15 sayla rəsmiləşdirilmiş kredit müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinin mahiyyətindən asılı olduğu üçün iddia bu hissədə də təmin edilməməlidir. Bundan başqa, iddiaçının maddi zərərə düşməyində təqsirli olan cavabdeh "xxxx" KB ASCdən 5. 000 manat məbləğində pulun kompensasiya kimi ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 5000 manat məbləğində pul tələbini ona vurulmuş maddi zərərin əvəzi qismində ödənilməsi əsası ilə tələb etsə də, apellyasiya şikayətində bu məbləğin tələbinin əsasını maddi və mənəvi zərərin əvəzinin ödənilməsi kimi əsaslandırmışdır. Bununla bağlı, kollegiya qeyd edir ki, əvvəla, iddiaçıya cavabdeh tərəfindən 5000 manat maddi zərərin vurulmasının əsasları nə iddia ərizəsində, nə də apellyasiya şikayətində göstərilməmişdir. Maddi zərərin məbləğinin əsasları barədə sübutlar da iş materialları ilə müəyyən edilmir. Mənəvi ziyanın ödənilməsi tələbi olmadığı halda, apellyasiya şikayətində həm maddi, həm mənəvi ziyanın 5000 manat məbləğində müəyyən edilməsini iddiaçı xahiş etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi olmadığı halda, mövcud iddia tələbini mənəvi ziyanın ödənilməsini təsbit edən maddi hüquq normaları ilə əsaslandırmışdır. Kollegiyanın qənaətinə görə, nə iddia ərizəsində, nə də apellyasiya şikayətində zərərin konkret nədən ibarət olması dəqiq müəyyən olunmadığından iddia tələbi bu hissədə də təmin edilə bilməz. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçının ödədiyi dövlət rüsumları onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5479/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar