Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3727/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4680/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.”Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi”nə görə, Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məxsus olan “Skoda Kodiaq” markalı 055D004 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən avtoqəzadan və digər risklərdən sığortalanıb (iş v. 25). 2.Sığorta müddətində, yəni xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş verib. Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Skoda Kodiaq” markalı 055D004 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və ona mexaniki zədə yetirib. Yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsi müəyyən olunub. Nəsimi RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilib. 3.İddiaçı cavabdehin vurduğu zərərin məbləğinin 32.608,44 manat olduğunu müəyyən edib. İddiaçı tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli 105749 nömrəli sığorta aktı tərtib edilib (iş v. 27). Həmin aktdan görünür ki, zərərin məbləği müəyyən edilərkən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabına istinad olunub. Aktda qeyd olunub ki, sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma məbləği sığortaçıya ödənildiyinə görə, 32.608,44 manat "xxxx" MMC-nin hesabına köçürülsün. 4.Həmin 32.608,44 manatın 4.974,17 manatı icbari sığorta müqaviləsi əsasında (iş v. 33), qalan 27.634,27 manatı isə könüllü sığorta müqaviləsi əsasında (iş v. 32) iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına köçürülüb. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 27.604,44 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 173,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, subroqasiya qaydasında zərərin əvəzi kimi 18.620 manat, dövlət rüsumunun əvəzi kimi 146 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 8.İşə bundan əvvəl bir dəfə apellyasiya qaydasında baxılıb, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunub, lakin həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılıb. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğnu bildirdi. 10.İddiaçı Sığorta Şirkəti” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Mübahisə zərərin məbləği barədədir, yəni cavabdeh zərər vurduğunu etiraf edir, lakin zərərin əvəzi kimi ondan tələb olunan məbləğin şişirdildiyini bildirir. 12.Zərərin məbləğinin 32.608,44 manat olduğunu müəyyən edən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabı (iş v. 29) mötəbər sübut sayıla bilməz. Bunun 3 səbəbi var. Birinci, həmin MMC-nin qiymətləndirmədə marağı var, çünki sığorta aktında (iş v. 27) MMC “məbləği alan” kimi göstərilib və ödəniş tapşırığına əsasən (iş v. 32, 33) sığorta ödənişi MMCnin bank hesabına ödənilib. İkinci, həmin MMC-nin eyni avtomobilə dair verdiyi başqa sənəddə (təmir aktında) zərərin fərqli məbləgi göstərilib. Belə ki, təmir aktında dəyişilməli olan ehtiyat hissələrin qiymətinin 22.580 manat, təmir işlərinin qiymətinin 2.000 manat, zərərin ümumi məbləğinin 24.580 manat olduğu qeyd edilib (iş v. 107). Üçüncü, həmin MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli 3 saylı hesabda qiymətlərin mənbəyi göstərilməyib. 13.Zərərin məbləğinin 23.620 manat (dəyişilməli hissələrin qiymətinin 21.620 manat, təmir-bərpa işlərinin qiymətinin 2.000 manat) olduğunu müəyyən edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyi (iş v. 92) mötəbər sübut sayıla bilməz. Bunun iki səbəbi var. Birinci, həmin ekspert rəyi verilərkən "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli 3 saylı hesabına istinad olunub, bu hesabın isə mötəbət sübut sayılmadığı yuxarıda əsaslandırılıb. İkinci, ekspert rəyindəki məbləğ nəzəri hesablama yolu ilə müəyyən edilib. 14.Yuxarıda qeyd olunan ekspert rəyi birinci instansiya məhkəməsində icraat zamanı verilib. Apellyasiya icraatı zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilsə də, ekspert ekspertiza aparılmasından imtina edib, imtinanı onunla əsaslandırıb ki, yerli internet saytlarında 2021-ci il buraxılışlı “Skoda Kodiaq” markalı avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat mövcud deyil, bu səbəbdən də ekspertin qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı (iş v. 232). 15.Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin “Preyskurant”ına görə, “Skoda Kodiaq” markalı 055D004 dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan hissələrin qiyməti 9.343.24 manat təşkil edir (iş v. 213). Apellyasiya icraatı zaman cavabdeh bildirdi ki, dəyişilməli olan hissələrin qiymətinin 9.343.24 manat olması ilə razılaşır, o cümlədən təmir-bərpa işlərinin məbləği kimi ekspert rəyində göstərilən məbləğlə, yəni 2.000 manatla razılaşır. Göründüyü kimi, cavabdeh zərərin məbləğinin 11.343,24 manat (9.343,24 manat + 2.000 manat) təşkil etdiyini etiraf edir. Zərərin məbləği kimi müəyyən olunan 11.343,24 manatdan icbari sığorta müqaviləsi əsasında ödənilmiş 4.974,17 manat çıxıldıqda qalan məbləğ 6.369,07 manat təşkil edir. 16.Sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləğini müəyyən edərkən mötəbər sübutlardan istifadə etməlidir ki, sonradan subroqasiya qaydasında zərərin əvəzini tələb edə bilsin. İddiaçı özü özünü bu imkandan məhrum etmiş, sığorta ödənişi verənə qədər zərərin məbləği barədə mötəbər sübutlar əldə etməmişdir. Ona görə də zərərin məbləği müəyyən edilərkən cavabdeh tərəfindən etiraf olunan məbləğ əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 17.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 936-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi subroqasiya qaydasında zərərin əvəzi kimi tutulmalı olan məbləğə aid hissədə dəyişdirilməli, həmin məbləğ 6.369,07 manat müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4680/2023 nömrəli qətnaməsi 18.620 manat tutulmasına aid hissədə dəyişdirilsin, Cavabdeh İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə subroqasiya qaydasında zərərin əvəzi kimi 6.369,07 (altı min üç yüz altmış doqquz tam yüzdə yeddi) manat tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3727/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3727/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver