Məhkəmə qərarları › İş №2(103)-3729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3729/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3729/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-1219/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bunda sonra cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq olaraq “SAMSUNG” markalı mikrodalğalı sobanı, “PHİLİPS” markalı fen-darağı, “SHOSMAN” markalı qazan dəstini, “BRAUN” markalı blenderi, “BOSCH” markalı ətçəkəni, “PHİLİPS” markalı tozsoranı, “SAMSUNG” markalı mikrodalğalı sobanı, “KENWOOD” markalı mikseri, “BRAUN” markalı şirəçəkəni, “İPHONE 14 PRO” markalı, “SAMSUNG GALAXY A14” markalı, “HONOR X8A” markalı və “XİAOMİ REDMİ 12C” markalı telefonları nisyə almış və ödəniş cədvəllərinə uyğun olaraq bu əmlakların dəyərini aylar üzrə ödəməyi, həmin şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə mübahisəsiz olaraq penya ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür (müqaviləyə əlavənin 2-ci bəndi). Həmin tarixli əşyaların təhvil-təslim aktlarına əsasən qeyd edilən əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh “SAMSUNG” markalı sobadan imtina etmiş, bununla bağlı məhsul 318,88 manat məbləğində qiymətləndirilməklə qalan məbləğ borcdan silinmiş və məhsul geri qaytarılmışdır. Lakin, cavabdeh bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, ötən dövr ərzində xx.xx.2023cü il tarixli müqavilə üzrə 205,26 manat, xx.xx.20123-cü il tarixli müqavilə üzrə 90,06 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 832,52 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.885,94 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 72,04 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40,70 manat, ümumilikdə 6 müqavilə üzrə cəmi 3.126,52 manat məbləğində ödəniş etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə bildiriş (xəbərdarlıq) göndərilməklə yaranmış borc barədə məlumat verilmiş və həmin borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin, bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da lazımi qaydada icra edilməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,90 manat məbləğində əsas, 199,95 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 178,40 manat məbləğində əsas, 89,20 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.559,50 manat məbləğində əsas, 779,75 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.594 manat məbləğində əsas, 797 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 356 manat məbləğində əsas, 178 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 280,30 manat məbləğində əsas, 140,15 manat məbləğində cərimə borcu yaranmışdır. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********71296 olan “İPHONE 14 PRO” markalı telefon üçün 1.594 manat ödənilməmiş hissə, 797 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən “SHOSMAN” markalı qazan dəsti, “BRAUN” markalı blender, “BOSCH” markalı ətçəkən, “PHİLİPS” markalı tozsoran, “SAMSUNG” markalı mikrodalğalı soba, “KENWOOD” markalı mikser, “BRAUN” markalı şirəçəkən üçün 1.559,50 manat ödənilməmiş hissə, 779,75 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********94010 olan “HONOR X8A” markalı telefon üçün 399,90 manat ödənilməmiş hissə, 199,95 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********04375 olan “SAMSUNG GALAXY A14” markalı telefon üçün 356 manat ödənilməmiş hissə, 178 manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********99069 olan “XİAOMİ REDMİ 12C” markalı telefon üçün 280,30 manat ödənilməmiş hissə, 140,15 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən “SAMSUNG” markalı mikrodalğalı soba, “PHİLİPS” markalı fen-daraq üçün 178,40 manat ödənilməmiş hissə, 89,20 manat dəbbə, ümumilikdə 6.552,15 manat borc, 85,53 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutlaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək əsaslandırılmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1219/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 399,90 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 178,40 manat əsas borc, 8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1.559,50 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 1.594 manat əsas borc, 100 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 356 manat əsas borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə görə 280,30 manat əsas borc, 15 manat cərimə olmaqla altı müqavilə üzrə ümumilikdə cəmi 4.691,10 manat borcun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 66,91 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X7).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının cavabdehdən pul tələbinə dair iddia tələbi əsas borc hissəsində əsaslı olmaqla təmin edilməli, lakin dəbbə pulu hesablanarkən tənasüblük qorunmamıdığından, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və xx.xx.2023cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində dəbbə pulu tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1ci, 467-ci, 567-ci, 600-601-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, borcun yenidən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Məhkəmə hazırkı iş üzrə iddia tələbində göstərilən həm əsas borcun, həm də faiz borcunun dəqiq hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Məhkəmə işin bu halını araşdırmış olsaydı mülki qanunvericiliyin (maddə 458.1) tələbinə əsasən borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaltmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, müqavilə cavabdehlə (onun qızı) ilə bağlansa da, faktiki olaraq əşyalar cavabdeh tərəfindən qəbul edilməmişdir. Həmin əşyaların cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Belə ki, cavabdeh qeyd edilən müqavilələri tanışının xahişi ilə bağlamış və müqavilələrdə göstərilən əşyalar da həmin şəxs tərəfindən qəbul edilmiş və həmin vaxt müqavilələr də daxil olmaqla bütün sənədlər cavabdeh tərəfindən ona təqdim edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı apellyasiya şikayəti ilə qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləğinin dəyişdirilməsi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh müqavilələrin predmeti olan əşyaları qəbul etmiş (sonradan bu əşyalardan biri olan sobadan imtina etmiş, bununla bağlı məhsul 318,88 manat məbləğində qiymətləndirilməklə qalan məbləğ borcdan silinmiş və məhsul geri qaytarılmışdır), lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qeyd edilən müqavilələr üzrə borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

20. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi nisyə alqı-satqı müqavilələrinin formal bağlandığını, müqavilə üzrə malların cavabdeh tərəfindən təhvil alınmadığını, həqiqətdə müqavilə üzrə malların üçüncü şəxs (cavabdehin iş yoldaşı) üçün alındığını bildirsə də, istinad etdiyi halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Əksinə nisyə alqı-satqı müqavilələrinin, habelə digər bütün sənədlərin, o cümlədən əşyaların təhvil-təslim aktlarının məhz cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapır.

21. Apellyasiya şikayətində isə cavabdeh bu mövqedən kəskin şəkildə fərqlənən dəlillərdən çıxış etmiş və borcun düzgün hesablanmaması, onun məsuliyyətinin ölçüsünün düzgün müəyyən edilməməsi ilə bağlı dəlillər irəli sürmüş, nəticə etibarı ilə 20-ci bənddə qeyd edilən dəlillər yalnız işə apellyasiya instansiyasında baxılan zaman cavabdehin nümayəndəsi (anası) tərəfindən səsləndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası nəinki həmin dəlilləri, hətta ümumiyyətlə cavabdehin belə bir dəlillərdən çıxış etməsinin özünü əsassız hesab edir.

22. Cavabdeh alqı-satqı və ondan irəli gələn bütün sənədləri, o cümlədən əşyaların təhvil təslim aktını imzalamaqla hüquqi nəticə etibarı ilə həmin əşyaları qəbul etmişdir. Bundan sonra həmin əşyaların hər hansı başqa şəxs tərəfindən götürülməsi və onlara sahiblik etməyə başlaması bilavasitə cavabdehin iradəsi əsasında baş vermiş və heç bir halda həmin müqavilələrin etibarsız olması və müqavilənin predmetini təşkil edən əşyaların cavabdeh tərəfindən qəbul edilməməsi anlamına gəlmir.

23. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə əsaslanıb, habelə cavabdeh tərəfindən əsas borcun daha az məbləğdə olmasını təsdiq edən hər hansı sübutun təqdim edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin müqavilələr üzrə məhz iddia edilən məbləğdə əsas borcunun yaranması qənaətinə gəlmiş və əsaslı olaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 399,90 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 178,40 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.559,50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.594 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 356 manat əsas, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 280,30 manat məbləğində əsas borc tutmuşdur. Bu məbləğlərin azaldılması üçün isə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin hər hansı birində cavabdeh tərəfindən iddiaçıya fazilərin ödənilməsi şərtləndirilməmiş və iddiaçı tərəfindən də cavabdehdən hər hansı məbləğdə faiz tələb edilmir. İddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilə üzrə hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.

25. Birinci instansiya məhkəməsi tələb olunan cərimə borcunu tənasübsüz surətdə yüksək hesab edərək, azaltmış və nəticədə iddia edilən (797 + 779,75 + 199,95 + 178 + 140,15 + 89,20 = 2.184,05) 2.184,05 manat məbləğində cərimə borcunu (50 + 8 +100 + 100 + 50 + 15 = 323) 323 manata endirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə borcunun məbləğini müqavilə üzrə qalıq əsas borc məbləğlərinə mütənasib hesab edir və bu məbləğlərinin azaldılmasına hər hansı əsas görmür.

26. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə əsas borc kimi tutulan məbləğ düzgün hesablanmış, cərimə borcu isə əsas borc məbləğinə tənasübdür, həmin məbləğlərin azaldılması üçün hər hansı əsas yoxdur. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.

27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1219/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar