Məhkəmə qərarları › İş №2(103)-3731/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3731/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3731/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1159/2024 nömrəli 15 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsində İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğac çıxarılmış və İtron tipli, G-4 markalı, 1802AZ**********96 sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi texniki baxış qeyd edilmişdir. Aktda əlavə olaraq əməkdaşlar tərəfindən qeyd aparılmış və qeyddə göstərilmişdir ki, sayğacın daxilinə kamera vasitəsilə baxış keçirildi, çıxış plastmas borusu deşikdir.

2. Cavabdeh Qaz Sayğaclarına Nəzarət komissiyası tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, QSN 29/1710-01546/4-19 saylı akta görə İtron tipli G-4 markalı, 1502AZ**********44 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Yoxlama zamanı mexaniki göstəricisi isə 3272 kub.m olmuşdur.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta görə istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, ünvan 1 ünvanında G-4 markalı, 1802AZ**********96 sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Nəticədə dəymiş ziyanın hesablanması qeyd edilmişdir.

4. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 21 sentyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə istehlakçı kimi İddiaçı məxsus Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən və abonent kodu **********10000 olan sayğacda aşkar edilmiş nöqsan kimi İTRİ “Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və istehlakçının vəsaiti hesabına sərfiyyatına uyğun yeni qaz sayğacının quraşdırılması göstərilməklə, 21 sentyabr 2018ci il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 9720 kub.m məbləğində hesablanmış və oktyabr ayından 1944 manat borc abonent hesabına yazılmışdır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli aktlara əsasən istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Nizami küçəsi, ev 9A ünvanında G-4 markalı, 1802AZ**********96 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Müvafiq olaraq aktların hər birinə əsasən kənar qeyri-qanuni birləşmə ləğv edilmiş və dəymiş ziyan hesablanmışdır.

6. GASREP adlı proqramdan olan çıxarışa əsasən sayğac üzrə sərfiyyat 13550 kub.m, 2899 manat ödəniş edilmiş, 1319,16 manat borca görə silinmə olmuşdur.

7. Cavabdeh İB tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı 2013-cü il, 2018-ci il, 2022-ci il, 2023-cü il tarixlərində olan 67894 kub.m sərfiyyata görə 8809,72 manat dəymiş ziyan hesablanmışdır. 2024-cü ilin mart ayı tarixinə İddiaçı saldo üzrə 2899 manat ödənişi, 1319,16 manat borca görə tutulması olmuşdur. Hal-hazırda GASREP programı üzrə cəmi 7799,92 manat borcu vardır. 8809,72 manat borc müdaxilə nəticəsində yaranmış borcdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 12529 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, onun mülkiyyətindədir. Lakin buna baxmayaraq Binəqədi rayon X3 tərəfindən 30 noyabr 2022-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və aktda əsasən mənzilə baxış zamanı Abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Həmin vaxt isə ona ümumilikdə 3939 manat borc tərtib edilmişdir. Bundan sonra hər ay ərzində buna bənzər aktlarla yenidən akt tərtib edilmiş və hər ay üçün istifadə etmədiyi müddətdə belə ortalama 293 manat borc hesablanmışdır. Bildirir ki, adətən qeyd olunan ünvanda daimi yaşamır. Buna baxmayaraq, abonent saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə etməsə belə ümumilikdə hər ay üçün 293 manat borc yazılmağa davam etmişdir. Ona qarşı tərtib edilmiş bugünə kimi olan aktların hamısı əsassız və qanunsuzdur. Belə ki, abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman heç birində nə o, nə də ki, aiə üzvlərindən biri iştirak etməmişdir. X4 əməkdaşları hər ay üçün akt tərtib etdikdə belə həmin yerdə olmamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2024-cü il tarixli 2(001)-1159/2024 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********10000) hesablanmış 8233.92 (səkkiz min iki yüz otuz üç manat, doxsan iki qəpik) manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 102.33 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, göründüyü kimi sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi üst-üstə düşmüş və sayğacın keçən qaz sərfiyyatını qeydə almaması halı olmamışdır. Yəni sayğacda olan qüsur nəticəsində qazın talanması halı sübut olunmur. O ki qaldı sayğacın çıxış plastmas borusunun deşilməsi məsələsinə, burada abonentin təqsiri birbaşa sübutlarla təsdiq olunmur. Hansı ki, həmin qüsur istənilən kənar təsir nəticəsində yarana bilər. Qanunsuz qoşulmaya görə tərtib edilmiş aktların əsasında abonentə hesablanmış borcun silinməsi hissəsində isə məhkəmə qeyd etmişdir ki, istehsalçının 2022-ci ilin noyabr ayından başlayaraq 10 ay müddətdə hər ay qanunsuz qoşulmaya görə akt tərtib etməsi, həmin aktların mötəbərliyini şübhə altına alır və onların formal tərtibi ilə bağlı qənaət formalaşdırır. Belə ki, bütün aktlar abonentin iştirakı olmadan tərtib edilmiş və bir dəfə də olsun abonentə bu barədə məlumat verilməmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillərdən qeyriqanuni qoşulmanın məhz akt tərtib edilən abonentin ünvanına daxil olması görünmür. Halbuki istehsalçı 10 ay müddətində aktların doğruluğunu təsdiq etmək üçün qanunsuz qoşulma xəttinin evə daxil olduğunu təsvir edən fotoşəkillər, videoçəkiliş apara bilər və abonentin iştirakı ilə həmin qeyri-qanuni hərəkətlər barədə təqzibolunmaz faktlar yarada bilərdi. Bu səbəbdən də məhkəmə iddiaçının dəlillərini inandırıcı hesab edir və aktlar əsasında hesablanmış borcun silinməsi qənaətinə gəlir.

12. Məhkəmə iddiaçının tələbini ona görə qismən əsaslı hesab etmişdir ki, tədqiq edilmiş sübutlar əsasında istehsalçı tərəfindən abonentə 12529 manat borc hesablanması müəyyən edilmir. Belə ki, təqdim edilmiş aktlardan və abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə 2018-ci ilin oktyabr ayında 1944 manat, 2022-ci ilin noyabr ayında 3939.84 manat, 2022-ci ilin dekabr ayında 293.76 manat, 2023-cü ilin yanvar ayında 293.76 manat, 2023-cü ilin fevral ayında 293.76 manat, 2023-cü ilin mart ayında 293.76 manat, 2023-cü ilin aprel ayında 293.76 manat, 2023-cü ilin may ayında 293.76 manat, 2023-cü ilin iyun ayında 293.76 manat, 2023-cü ilin iyul ayında 146.88 manat, 2023-cü ilin avqust ayında 146.88 manat akta görə borc hesablanmışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.5, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 112.1.6, 112.1.7, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

20. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

21. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

24. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

25. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

26. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

27. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

28. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

29. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

30. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göründüyü kimi iddiaçıya məxsus ünvan üzrə birinci dəfə sayğaca müdaxilə əsası ilə 2018-ci ildə akt tərtib edilmişdir. Həmin akta görə sayğacın çıxış plastmas borusu deşilmişdir. Eyni zamanda akta əsasən müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi üst-üstə düşür, yəni sayğacın keçən qaz sərfiyyatını qeydə almaması halı olmamışdır.

40. Beləliklə, iddiaçının sayğaca müdaxiləsi nəticəsində qaz itkisinin yaranması halı müəyyən edilməmişdir. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi məsələsində abonentin təqsiri birbaşa sübutlarla təsdiq olunmur. Hansı ki, həmin qüsur istənilən kənar təsir nəticəsində yarana bilər.

41. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

42. Baxılan iş üzrə isə tərtib edilmiş digər 10 akt xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

43. Həmçinin bütün aktlar abonentin iştirakı olmadan tərtib edilmişdir. Eyni zamanda aktlara əlavə edilmiş fotoşəkillərdən qeyri-qanuni qoşulmanın məhz akt tərtib edilən abonentin ünvanına daxil olması görünmür.

44. Tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləği 8233.92 manat olduğundan məhkəmə haqlı olaraq, hesablanmış borc məbləğinin silinməsi qənaətinə gəlmişdir.

45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1159/2024 nömrəli 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar