Məhkəmə qərarları › İş №2(103)-3732/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3732/2021

27.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3732/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-2553/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 226 manat borcun silinməsi və mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən mənzildə qaz itkisinin yarandığı müəyyən edilmiş, ondan 226 manat borcun ödənilməsi tələb edilmişdir. Onun qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda, qaz sayğacında yaranmış qüsura görə 226 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz hərəkətləri onun mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 226 manat borcun silinməsi və mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)- 2553/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 145,80 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı qətnamənin qismən ləğv edilib iddianın təmin olunmayan mənəvi ziyana aid hissədə təmin edilməsini, Cavabdeh İB isə qətnamənin təmin olunmuş hissədə ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun yaşadığı ünvana hələ də qaz verilmir və o, təbii qazdan istifadə edə bilmir. Məhkəmə tərəfindən abonent hesabına hesablanmış borcun silinməsi ona əsas verir ki, cavabdeh tərəfindən qanunsuz olaraq borc yazılmış və ona istehlakçı kimi mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində stres və əsəb keçirərək mənəvi ziyan çəkdiyi aşkar olduğundan iddia tələbinin həmin hissəsi də təmin edilməlidir. Cavabdeh İB isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, o, Qarabağ müharibəsi veteranıdır. Buna baxmayaraq onun Cavabdeh qanunsuz hərəkətlərindən etdiyi şikayətləri dövlət orqanları tərəfindən nəzərə alınmamış və ona etinasız münasibət bəslənilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, ailəsi ilə birlikdə indiyədək qazsız qalmış və qış mövsümündə xeyli əziyyət çəkmişdir. Bunun nəticəsində o, əsəb və stress keçirərək mənəvi ziyana məruz qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh təşkilatın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-2553/2020 saylı qətnaməsi qismən, iddia tələbinin təmin olunmayan mənəvi ziyanla bağlı hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı verilən qaz xətti üzrə abonent kodu **********02220 sayla qeydiyyata alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14.02.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 1202AQ**********2 nömrəli sayğac çıxarılmış, STS**********1 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 31 may 2020-ci il tarixli M005338 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus **********02220 sayla qeydiyyata alınmış ünvanda 1458 kub metr ziyan hesablanmışdır. Abonent saldosundan isə görünür ki, İddiaçı məxsus **********02220 sayla qeydiyyata alınmış ünvanda 145,8 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin halları ilə müəyyən olunur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh həmin sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qazın sərfiyyatına görə dəyən ziyanı tələb edir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz abonentinin mənzilində quraşdırılmış sayğacın sərfiyyatı qeydə almadığını və sayğaca müdaxilə edildiyini göstərsə də, sayğacın sərfiyyatı qeydə almamasının texniki səbəbdən və ya abonent tərəfindən sayğaca müdaxilə nəticəsində baş verməsini sübuta yetirmədən iddiaçıya əsassız borc hesablamış, bununla da istehlakçı hüquqlarını pozmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 145,8 manat borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh İB-nin apellyasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mənəvi ziyana dair hissəsini rədd edərkən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı əsassız borc yazılması və qaz təminatının dayandırılması istehlakçı hüquqlarının pozulması ilə yanaşı, iddiaçıya mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Ona görə də mənəvi zərərin əvəzi cavabdeh təşkilat tərəfindən ödənilməlidir. İddiaçı cavabdeh təşkilatdan mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatdan iddiaçının xeyrinə mənəvi zərərə görə 200 manat pul tutulması mənəvi zərərin ədalətli əvəzi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyanla bağlı hissədə rədd edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)- 2553/2020 saylı qətnaməsi qismən – mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsinə dair hissədə ləğv edilsin, iddia həmin hissədə qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı verilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar