Məhkəmə qərarları › İş №2(103)-3734/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3734/2021

15.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3734/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1, tərcüməçi X4 qızının iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılarİddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac prosesinin etibarsız hesab edilməsi və ona məxsus 1/5 payı üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 payı barədə sonuncu çıxarışın qismən ləğv edilərək tərəflərin əvvəlki vəziyyətə (İddiaçı1 - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi o - İddiaçı1 Məmmədhüseyn qızının (1/5 pay hissəsi) Cavabdeh2 (2/5 pay hissəsi) və Cavabdeh1 (2/5 pay hissəsi) paylı mülkiyyətindədir. 2017-ci il tarixdə Cavabdeh1 cavabdehlər X2, İddiaçı2 Məmmədhüseyn qızına və Cavabdeh2 qarşı "ümumi əmlakın açıq hərracda satılması və paya uyğun satış pulunun ödənilməsi tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-970/2017 saylı qətnaməsi ilə təmin edilmiş və dərhal icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Həmin qanuni qüvvəyə minmiş qətnamədən o - İddiaçı1 Məmmədhüseyn qızının və bacısı İddiaçı2 Məmmədhüseyn qızının xəbəri olmamışdır. Bu səbəbdən də həmin qətnamədən yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanları olmamışdır. Bildirmək istəyirlər ki, paylı mülkiyyətçinin digər pay sahiblərinə qarşı onların razılığı və xəbəri olmadan belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Həmin iş üzrə iddiaçı Cavabdeh1 onlara qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin tələbləri baxımından da tam əsassızdır. Lakin məhkəmə həmin işə baxarkən cavabdeh kimi işdə adı keçən onları Hacıdadş Səbinə və İddiaçı2 Məmmədhüseyn qızını məhkəmə prosesinə cəlb etmədən işə bir tərəfli qaydada baxmış və nəticədə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuşdur. Həmin məcəllənin 9.2-ci maddəsinə birbaşa göstərilmişdir ki, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həmçinin işin ədalətli araşdırılması pirinsipini də pozmuşdur. Paylı mülkiyyətdə olan və naturada bölünməsi mümkün olmayan fərdi yaşayış evinin payçısı digər pay sahibinə məxsus olan 1/5 payı onun xəbəri olmadan əlindən alaraq onu payından (əmlakından) məhrum etməklə həmin pay üzərində özünün mülkiyyət hüququnu təsdiq edən yeni (3/5 pay barədə) Çıxarış əldə edir. Təbii ki, bütün bu proseslərin baş verməsinin əsasında həm məhkəmənin, həm İcra idarəsinin, həm də həmin hərracı keçirən "Cavabdeh4" MMC-nin qanunsuz əməlləri dayanmışdır. Nəsimi Rayon Məhkəməsi prosesdə onların iştiraklarını təmin etməmiş, İcra Şöbəsi icra işi barədə onlara məlumat verməmiş, hərracı keçirən təşkilat hərrac barədə vaxtında onlara məlumat verməyərək iştiraklarını təmin etməmişdir. İddia tələblərinin əsasını qanununvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və evin ona məxsus olmuş 1/5 pay hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən 3/5 pay barədə sonuncu Çıxarışın ləğv edilərək, tərəflərin əvvəlki vəziyyətə (Hacıdadaş Şəbinə - 1/5 pay, Cavabdeh1 - 2/5 pay, Cavabdeh2 - 2/5 pay) qaytarılması tələbi təşkil edir. Həmin hərrac maddi və prosessual normaların tələblərinin pozuntusu ilə keçirildiyinə görə nəticələri etibarsız hesab edilərək ləğv edilməli və onun nəticələrinə uyğun olaraq Cavabdeh1 tərəfindən ona məxsus payının üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış həmin hissədə ləğv edilməlidir. Belə ki, icra idarəsi məhkəmə qətnaməsini icra etmək üçün ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 92,5 kv.m olan evin hərraca çıxarılarılaraq satılması barədə "Cavabdeh4” MMC-yə sifarişli məktubla müraciət etmişdir. İlk öncə icra məmuru "İcra haqqında" qanunun tələblərini pozaraq tərəflərə icra hərəkətləri (tədbiri) barədə heç bir məlumat verməmişdir. Evin hərraca çıxarılması barədə tərəf olaraq onlara məlumat verilməli olduğu halda heç bir məlumat verilməmişdir. Bu səbəbdən də həmin hərracda iştirak edə bilməmişlər. Birinci dəfə evin qiyməti "xxxx" MMC-nin 57 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 92.500 manat, ikinci dəfə 10% endirimlə 83.250 manat məbləğində müəyyən edilmiş və Cavabdeh1 və Səlimova X11 tərəfindən həmin qiymətə alınmışdır. Bildirir ki, yekun hərrac xx.xx.2017-ci il tarixdə saat ll:00-da keçirilsədə hərrac barədə bildiriş (çağırış məktubu) ona və İddiaçı2 Məmmədhüseyn qızına 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə çatmışdır. İşdə olan "xxxx" MMC-nin verdiyi arayışda qeyd edilir ki, onlar hərracın keçirilməsi barədə bildirişi xx.xx.2017-ci il tarixdə, yəni hərracın keçirilməsindən 4 gün əvvəl almışlar, bu isə hərracın keçirilməsi qaydaları barədə mülki məcəllənin və "İpoteka" haqqında qanunun tələblərinin müvafiq qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Əslində isə onlara hərrac barədə bildiriş xx.xx.2017-ci il tarixdə çatmışdır. Həmçinin "Cavabdeh4" MMC-nin xx.xx.2017-ci il tarixli, 03/90-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin və onun çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin təkrar hərracın xx.xx.2017-ci il tarixdə, saat 11:00- da Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D ünvanında keçiriləcəyi barədə İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Nəsimi rayon İcra Şöbəsinə bildirişin göndərilməsi göstərilmişdir ki, guya həmin bildiriş İddiaçı2 Məmmədhüseyn qızı tərəfindən qəbul edilmişdir. Hətta belə olan halda da hərracın keçirilməsi barədə məlumatın verilməsi ilə bağlı Mülki Məcəllənin 415-ci maddəsinin tələbi pozulmuşdur. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac prosesi zamanı "İpoteka'' haqqında qanunun da tələbi kobud şəkildə pozulmuşdur. Hərrac barədə bildirişin xx.xx.2017-ci il tarixdə göndərilməsi və tərəflərə xx.xx.2017-ci il tarixdə, yəni hərracdan 4 gün əvvəl çatması faktı artıq bəs edir ki, hərrac etibarsız hesab edilsin. O və bacısına isə bildiriş ümumiyyətlə hərracın keçirilməsindən 3 gün sonra çatmışdır. Bildirir ki, əgər o, hərracın keçirilməsində iştirak etsə idi öz payını özü alardı və bu gün belə bir problem olmazdı. Ona xəbər verilmədiyinə görə hərracda iştirakı mümkün olmamış və nəticədə ona məxsus payın daha ucuz qiymətə Cavabdeh1 tərəfindən alınması üçün məqsədli şəkildə təkrar hərrac keçirərək evin ümumi satış qiymətini 10% aşağı salmışlar. Nəticədə ona məxsus pay real dəyərindən daha ucuz qiymətə satılmışdır. Həmçinin həmin hərrac zamanı həm iddiaçı Cavabdeh1, həm də Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi qismində eyni şəxs X9 iştirak etmişdir ki, bu da maraqların toqquşması prinsipinə uyğun olaraq qanunsuz hesab edilməlidir. Yəni ki, eyni şəxs iddiaçı və cavabdehin maraqlarını qoruya bilməz. Həmçinin yekun hərrac protokolunda Cavabdeh2 payı 2/5 hissə kimi, Cavabdeh1 payı 3/5 hissə kimi qeyd edilmiş, o - İddiaçı1 Məmmədhüseyn qızına məxsus 1/5 hissə payı isə ümumiyyətlə qeyd edilməmişdir. Təkcə bu faktın özü bütövlükdə hərrac prosesinin və yekun hərrac protokolunun etibarsız hesab edilməsi üçün əsasdır. Halbuki bu fakta, yəni adının yekun protokolda qeyd edilməməsinə hərracı keçirən şirkət tərəfindən əsassız olaraq texniki səhv kimi qiymət verilmiş və məhkəmələrdə bu faktı araşdırmadan qanunsuzluğa göz yummuşdur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işdə olan sənədlərdə və hərracın yekun protokolunda qeyd edilmişdir ki, Cavabdeh1 həmin evi 83,250 manata satın almışdır, lakin paylar 3/5 və 2/5 kimi müəyyən edilmişdir. Belə bir sual ortaya çıxır ki, əgər Cavabdeh1 həmin evi tam şəkildə satın almışdırsa, nəyə görə həmin ev onun tam mülkiyyətinə keçməmiş və Cavabdeh2 məxsus 2/5 hissə pay onun öz mülkiyyətində saxlanılmışdır. Hərracın keçirilməsi barədə yekun protokolda onun adı mülkiyyətçi kimi qeyd edilməmiş, sonradan protokola düzəliş edilərək adı qeyd edilmişdir. Bu fakt bir daha sübut edir ki, onun hərracın keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır və protokola sonradan düzəlişin edilməsi onun etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin hərrac keçirən təşkilata həmin evin şəkilləri təqdim edilməmişdir. Evin ölçüləri paylara uyğun müəyyən edilməmiş, belə ki, ona payına uyğun 18 kv.m sahə çatmalı olduğu halda yalnız 14 kv.m sahə müəyyən edilmişdir. Həmçinin bildirir ki, Cavabdeh2 həmin hərracda real olaraq iştirak etməsi və ya formal şəkildə iştirak etməsi, Cavabdeh1la əlbir olması hələ tam araşdırılmamışdır. Hesab edir ki, onun da bu qanunsuzluqdan xəbəri olmuş, belə ki, onun payı Cavabdeh1 tərəfindən alınmadan olduğu kimi 2/5 hissədə saxlanılmışdır. Bu fakt da məhkəmə prosesində araşdırılmalıdır. Hesab edir ki, payının satılması barədə hərracın keçirilməsi prosesinin özü etibarsız olduğuna görə onun nəticələri də etibarsız hesab edilməlidir. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan 1/5 pay hissəsinin Cavabdeh1 satılması barədə hərrac etibarsız olduğuna görə ona məxsus həmin 1/5 payın üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən sonuncu Çıxarış da etibarsız hesab edilərək ləğv edilməli və onlar pay sahibləri olaraq əvvəlki vəziyyətə qayıtmalıdırlar. Halhazırda o, konstitusion hüququ olan mülkiyyət hüququndan məhrum olmuşdur. Nəticədə ondan başqa həmin evdə yaşayan bacısı İddiaçı2 Məmmədhüseyn qızı və onun ailə üzvləri də daxil olmaqla ümumilikdə 8 nəfərin mənzildən istifadə hüququ pozulmuşdur. Bildirir ki, qanunvericiliyin tələblərinin kobud şəkidə pozulması keçirildiyindən xx.xx.2017-ci il tarixli hərrac prosesi etibarsız hesab edilməli və həmin hərracın nəticələrinə əsasən ona məxsus payının Cavabdeh1 tərəfindən alınaraq həmin pay üzərində mülkiyyət hüququnu təsdiq edən sonuncu çıxarış qismən ona məxsus paya münasibətdə ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, İddiaçı2 Məmmədhüseyn qızı və X3 cavabdehlər Cavabdeh4 MMC-yə və Cavabdeh1 qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə, hərracın nəticəsi hesab edilən protokolun etibarlığını mübahisələndirmiş, bununla da bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə onlara verilmiş məhkəmə müdafiəsi imkanlarından istifadə etmişlər. Məhkəmə hesab edir ki, hazırki iddia tələblərinin (“Hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi və yeni çıxarışın ləğv edilməsi”) və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işin başlanmasına səbəb olan iddiaçılar İddiaçı2 Məmmədhüseyn qızı və X1 Cavabdeh1 qarşı iddia tələblərinin (“Hərracın yekunları barədə yekunların etibarsız hesab edilməsi”) qanuni əsasları və predmeti eyni olub, hər hansı bir fərqli hallar mövcud deyildir, iddia isə formal xarakter daşıyır. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və digər iddiaçı isə məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi hissəsində ləğv olunmalı və iş iddiaya həmin hissədə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadını qəbul edərkən hesab etmişdir ki, İddiaçı2 Məmmədhüseyn qızı və X3 cavabdehlər Cavabdeh4 MMCyə və Cavabdeh1 qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə, hərracın nəticəsi hesab edilən protokolun etibarlığını mübahisələndirmiş, bununla da bu məsələdə pozulduğu ehtimal edilən hüquqlarının bərpası üçün qanunvericiliklə onlara verilmiş məhkəmə müdafiəsi imkanlarından istifadə etdidiyini vurğulamışdır; halbuki iddiaçıların hazırki iddia tələbləri üç hissədən - “hərracın keçirilməsi prosesinin etibarsız hesab edilməsi, yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətə qaytarılması” hissəsindən ibarət olmuş, bununla belə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə isə yalnız hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə iddia irəli sürülmüş və bu iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmək mümkün deyildir; çünkü iddiaçıların digər tələbləri olan “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” hissəsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmamış və birinci instansiya məhkəməsi həmin hissələr üzrə də icraata xitam verməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1197/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı “iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh4 MMC üçüncü şəxs qismində cəlb edilməklə) “yeni çıxarışın ləğv edilməsi və payların əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi hissəsində ləğv edilsin və mülki iş iddiaya qeyd edilən hissələrdə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar