Məhkəmə qərarları › İş №2(103)-3735/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3735/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3735/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-32/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MP-P 09365 nömrəli sığorta müqaviləsinə əsasən, qeyd olunan mənzil "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixədək sel, daşqın, leysan və sair sığorta risklərdən sığortalanmışdır.

3. xx.xx.2021-ci il tarixdə baş vermiş yağıntılar nəticəsində mənzilin divarına su sızmış və nəticədə mənzilə zərər dəymişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli MP-P 09365 saylı saylı Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi kimi 1.600 manat məbləğində nəğd pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37 manat məbləğində nəğd pul, və həmin məbləğin bu günədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi 7,5% olmaqla 50 manat, ümumilikdə 1.650 manat nəğd pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küç., ev 7, 3153- cü məhəllə, 71 nömrəli mənzili ipoteka müqaviləsi əsasında xx.xx.2021ci il tarixdə almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qaydalara uyğun olaraq həmin mənzil "xxxx" ASC tərəfindən şəhadətnamədə göstərilən siğorta risklərinə qarşı sığortalanmışdır. xx.xx.2021-ci il tarixdən etibarən bir neçə gün ərzində yağan leysan yağışları nəticəsində mətbəxin divarı su sızması nəticəsində islanmış və zərər dəymişdir. xx.xx.2021-ci il tarixdə o, sığorta şirkətinə zəng vuraraq sığorta hadisəsi barədə məlumat vermiş və sığorta şirkətinin əməkdaşı Xanbala Məcidov hadisə yerinə gələrək akt tərtib etmişdir. Bundan qabaq xx.xx.2021-ci il tarixdə o, "xxxx" MMMC-də bu barədə məlumat vermiş və onlar tərəfindən akt tərtib edildişdir. Sonra, sığorta şirkəti ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometroloğiya Departamentinə sorğu verilib həmin günlərdə yağış yağmasını dəqiqləşdirmək üçün gözləməyini və əgər yağış yağması təsdiqlənərsə, dəymiş zərəri qarşılayacaqlarını bildirmişlər. Lakin, sorğuya iki aydan sonra cavab verilərək yağış yağması təsdiqlənsə də, sığorta şirkəti zərəri qarşılamaqdan rəsmi imtina etmişdir. O, hadisədən sonra mənzil 16-cı mərtəbədə yerləşdiyindən xüsusi alpinist kursları keçmiş şəxsi dəvət etmiş və zərər dəymiş divarı (binanın fasadını) çöl tərəfindən binanın damından sallanaraq təmir elətdirmişdir. Həyatı risk daşıdığı və bu işləri görəcək çox az sayda insan olduğu üçün həmin işlərin görülməsi üç qat xərc tələb edir, o, həmin işlərin görülməsi üçün 800 manat pul xərcləmişdir. Əlavə olaraq divarın içəri hissəsi də təmir olunmalıdır, bu da təxmini 700-800 manat xərc tələb edir. Ümumilikdə ona 1.600 manat zərər dəymişdir. Cavabdehlə aralarında olan Siğorta Şəhadətnaməsinə əsasən mənzil siğortalanmışdır və həmin zərər cavabdeh tərəfindən ödənilməli idi. Tərəfindən çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh baş vermiş hadisə ilə bağlı zərərin ödənilməsinə imtina edilmişdir.

6. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Cəmiyyətə şifahi müraciət edərək xx.xx.2021-ci il tarixli, MP-P 09365 saylı “Əmlak sığortası şəhadətnaməsi üzrə sığortalanmış mənzilin mətbəx otağına xx.xx.2021-ci il tarixində yağan yağışlar nəticəsində zərər dəydiyini bildirmişdir. Elə həmin gün əməkdaşları tərəfindən əmlaka baxış keçirilmiş və sığorta araşdırılması məqsədilə müvafiq dövlət orqanlarına sorğular ünvanlanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Departamentinin sorğuya cavab olaraq Cəmiyyətə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 20/1089 saylı hava şəraiti haqqında məlumat məktubunda xx.xx.2021-ci il tarixində Bakı şəhərində yağış yağması halı təsdiq edilmişdir. Həmçinin, iddiaçı həm daha əvvəl verdiyi məlumatlarda, həm də öz iddia ərizəsində xx.xx.2021-ci il tarixdə yağan yağışlar nəticəsində əmlakına zərər dəydiyini qeyd etmişdir. “Əmlak sığortası şəhadətnaməsi”nin “Sığorta riskləri” bölməsində təminat verilən risklərin konkret siyahısı qeyd edilmiş və həmin risklər sırasında yağış halı qeyd olunmamışdır. Bu səbəbdən yağışın yaratdığı zərərlər sığorta təminatına daxil deyildir. Bununla da, yağış nəticəsində əmlaka zərər dəyməsi halı sığorta təminatına daxil olmadığından sığorta ödənişinin verilməsi üçün əsas olan hal, yəni sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Baş vermiş hadisənin sığorta hadisəsi olmasının təsdiq olunması və tərəflərin imzaladığı müqavilədə müəyyən olunmuş risklərdən biri olması halında sığorta ödənişi həyata keçirilə bilərdi. Bununla bağlı iddiaçıya rəsmi qaydada imtina məktubu göndərilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-821/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

8. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4635 nömrəli rəyinə əsasən İddiaçı məxsus Cavabdeh ASC-də siğortalanmış Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə yağıntı (yağış və s.) nəticəsində zərər dəymişdir. Mənzilə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1.234 manat məbləğində olduğu müəyyən edilmişdir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-32/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddianın qismən təmin edilməsi, 1.234 manat məbləğində pul vəsaitinin, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 manat dövlət rüsumunun 25 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 35 manat hissəsinin cavabdehdən, 15 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mənzilinə xx.xx.2021-ci il tarixdə yağan yağış nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Mübahisə doğuran hal yağan yağışın leysan olub-olmamasından ibarətdir ki, cavabdeh tərəf məhz yağış sularının yaratdığı zərərlərin sığorta təminatına daxil edilmədiyini əsas gətirərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir.

11. Məhkəmə 2021-ci ilin sentyabr ayının 28-30 tarixlərində yağan yağıntıya dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş məlumatda göstərilənlərlə leysan yağışa xas xüsusiyyətləri müqayisə edib, qeyd edilənləri və ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya məxsus mənzilə zərər məhz tərəflər arasında bağlanmış əmlak sığortası şəhadətnaməsinə əsasən sığorta risklərinə aid edilən və sığorta hadisəsi hesab edilən yağan leysan yağışı nəticəsində dəymişdir.

12. Məhkəmə həmçinin iddiaçının cavabdehdən dəymiş zərərin əvəzi olaraq 1.600 manat tutulmasını tələb etməsinə baxayaraq məhkəmənin dəymiş zərərin həcmini ekspert rəyində göstərilən həcmdə müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın “məbləğin bu günədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi 7,5% olmaqla 50 manat tutulması” hissəsinin iddiaçı tərəfindən əsaslandırılmaması, həmçinin hadisədən sonra cavabdehlə razılıq əldə edilməməsi səbəbindən məhkəmə mübahisəsinin başladığını nəzərə alaraq iddia bu hissədə əsassız hesab edilməklə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 925.1, 925.3, 926.1-ci maddələinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 36.1.8-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 88, 103.1, 119.1, 206.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Mülki Məcəllənin 922.1, 926.1, 933.1.2-ci maddələrindən aydın olur ki, sığorta hadisəsinin baş vermiş olması və səlahiyyətli orqan tərəfindən hadisəni təsdiq edən müvafiq sənədin mövcud olması sığorta ödənişinin ödənilməsi üçün əsasdır. Lakin xx.xx.2023-cü il tarixli kologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş məktubda hadisənin sığorta hadisəsi olması öz təsdiqini tapmamışdır. Belə ki, həmin məktubda əmlakın yerləşdiyi əraziyə yaxın olan Bakı (Xırdalan) hidrometeoroloji stansiyasının məlumatlarına əsasən həmin tarixdə sadəcə arabir güclənən yağış yağması təsdiq olunur, leysan xarakterli yağış isə digər hidrometeroloji stansiyalarda qeydə alınmışdır. Sığortalı əmlaka dəymiş zərərin tərəflər arasında bağlanılmış MP-P 09365 saylı “Əmlak sığortası şəhadətnaməsi”nin “Sığorta riskləri”nə daxil olan leysan nəticəsində baş verməsi öz təsdiqini tapmamasına baxmayaraq məhkəmə tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə qət edilməsi maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən əsas sübut kimi qəbul edilən xx.xx.2023-cü il tarixli Milli Hidrometeorologiya Xidmətinin rəyinin 1-ci abzasında əmlakın yerləşdiyi əraziyə yaxın olan Bakı (Xırdalan) hidrometeoroloji stansiyasının məlumatlarına əsasən güclü yağış yağması faktı təsdiq edilmişdir. Məlumatın 2-ci abzasında isə 28-30 sentyabr tarixlərində Bakı və Abşeron yarmadasında yerləşən digər hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağış yağması halı göstərilmişdir. Aydındır ki, leysan yağış yağması ilə bağlı qeyd olunan məlumat əmlakın yerləşdiyi ərazinin hidrometeoroloji stansiyanın məlumatlarına aid deyildir. Lakin daha sonra həmin məlumatda sentyabrın 28- 30-da Bakı şəhəri, Yasamal rayonunda da yağan yağışların leysan xarakterli olmasının istisna olunmadığı qeyd olunmuşdur. Göründüyü kimi, səlahiyyətli orqanın həmin məlumatı qeyd edərkən nəyə əsaslandığı aydın olmamış və həmin məlumat daha əvvəl qeyd olunan məlumatlarla, yəni əraziyə yaxın stansiyanın məlumatları ilə ziddiyyət təşkil etmişdir. Həmçinin, leysan yağıntıları haqqında verilən məlumatlarla təqdim edilən hadisə tarixinə dair göstəriciləri müqayisə edərək yağıntının leysan olması təsdiq oluna bilməz. Belə ki, həmin məlumatda leysan olması güman edilərkən leysanla bağlı xarakterik xüsusiyyətlərə ümumiyyətlə istinad olunmamışdır. Daha əvvəl xx.xx.2021-ci il tarixli sorğuya əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumatda hadisənin leysan olmasına dair təsdiqedici heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə mübahisənin əsasını təşkil edən sığorta hadisəsinin baş veribverməməsi faktını sübut etmədən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ...935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən, işin müəyyən edilmiş aşağıdakı hallarını mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, idddiaçının mülkiyyətində olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək sığortalanmış mənzilə xx.xx.2021-ci il tarixdə yağan yağış nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır.

26. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən yanğın, partlayış, ildırım vurması, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan, daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlərzəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı sığorta risklərinə aiddir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixində Bakı və Abşeron yarımadasında müşahidə olunmuş yağıntı və onun növlərinə dair məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanına yaxın olan Bakı (Xırdalan) hidrometeoroloji stansiyasının xx.xx.2021-ci il tarixinə olan müşahidə məlumatları təqdim edilmişdir. Məlumata əsasən xx.xx.2021-ci il tarixin də miqdarı 10.4 mm (aylıq normanın 60%-i) olan arabir güclənən yağış qeydə alınmışdır. Yağıntılar əvvəlki günlərdə də qeydə alınmışdır. Belə ki, ayın 28də miqdarı 13.5 mm (aylıq normanın 78%-i), 29-da isə 23.6 mm (aylıq normanın 137%-i) olan güclü yağış qeydə alınmışdır. 28-30 sentyabr tarixlərində Bakı və Abşeron yarmadasında yerləşən digər hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağış yağmış, düşən yağıntının maksimal miqdarı 46.5 mm olmuşdur ki, bu da aylıq normanın 207%-i təşkil edir. Bu da sentyabrın 28-30-da Bakı şəhəri, Yasamal rayonunda da yağan yağışların leysan xarakterli olmasını istisna etmir.

28. Göründüyü kimi, səlahiyyətli dövlət qurumu tərəfindən 28-30 sentyabr tarixlərində Bakı və Abşeron yarmadasında hidrometeoroloji stansiyalarda leysan xarakterli güclü yağış yağdığı, düşən yağıntının maksimal miqdarı 46.5 mm olduğu, bu da aylıq normanın 207%-i təşkil etdiyi bildirilmişdir. İddiaçıya məxsus mənzilin yerləşdiyi rayon Bakı şəhərinin ərazisidir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-32/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar