Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3735/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh Tösüb oğluna qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadından iddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkəti Cavabdeh Tösüb oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Tösüb oğlunun 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkəti xx.xx.2024-cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə iddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin ərizəsi təmin edilməmiş, ötürülmüş prosesssual müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmamışdır. İddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı aşağıda qeyd edilənlərə görə ləğv edilməli və Şirkətin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməmiş hesab edilməsi (bərpası) barədə ərizəsi təmin edilərək, apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, elektron məhkəmə informasiya sistemi vasitəsilə Şirkətin şəxsi kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, lakin Şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından Şirkət həmin qətnamə ilə tanış olmamış və rəsmi əldə edə bilməmişdir. Qeyd olunan xx.xx.2022-ci il tarixli qətnamə məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsi kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, Şirkət bu qətnaməni şəxsi kabinetdən xx.xx.2024cü il tarixdə rəsmi olaraq əldə etmiş və qətnamədən narazı qaldığı üçün əldə etdiyi vaxtdan 1 ay müddət keçmədən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qətnamənin Şirkətin şəxsi kabinetinə yerləşdirildiyi tarixdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının baş ofisinin inzibati binasında mövcud olan və Şirkətin istifadə etdiyi ümumi serverində və internet şəbəkəsində yaranmış problem və nasazlığın aradan qaldırılması üçün sıradan çıxmış optik naqillərin, qurğu və cihazların təmin edilməsi məqsədilə Şirkət tərəfindən xarici dövlətlərə verilmiş sifarişin gecikdirilməsi səbəbindən, yəni Şirkətdən asılı olmayan səbəblərdən qeyd olunan qurğu və cihazların və eləcə də ümumi server və internet şəbəkəsinin təmiri də gecikdirilmiş və bununla da Şirkət həmin qətnamə ilə nəzərdə tutulmuş müddətdə tanış ola bilməmişdir. Buna baxmayaraq, Şirkət xx.xx.2024-cü il tarixdə şəxsi kabinetdə aparılan yoxlama- araşdırma nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tanış olmuş və elə həmin tarixdə də qətnaməni rəsmi olaraq əldə etmişdir (e-məhkəmə informasiya sistemindən çıxarış əlavə olunur). Bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməmiş hesab edilməklə, apellyasiya şikayəti icraata götürülərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadı ilə iddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-195/2022 saylı qətnaməsi iddiaçının nümayəndəsinin iştirakı ilə elan edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və apellyasiya şikayətinin verilməsi müddətinin şirkətin ümumi serverində və internet şəbəkəsində uzunmüddətli problemlərin yaranması və nəticədə şirkət tərəfindən həmin sistem vasitəsilə şəxsi kabinetə daxil olunmasının və sənədlərin nəzarətdə saxlanılmasının mümkün olmaması, qətnamənin yalnız xx.xx.2024-cü il tarixdə şəxsi kabinetdə aparılan yoxlama araşdırma nəticəsində aşkat edilməsi səbəbindən ötürülməsini göstərmişdir. Halbuki, məhkəmələrdə xeyli sayda işi olan bir şirkətin elektron kabinetinin 2 il işləməməsi və həmin işlərlə bağlı elektron kabinetə yerləşdirilmiş qətnamələr barədə məlumatı olmaması səbəbindən apellyasiya şikayəti verə bilməməsi halı kütləvilik təşkil etməli idi. Lakin iddiaçı məhkəmələr tərəfindən elektron kabinetə yüklənmiş qətnamələrin oxunulmasının mümkün olmadığını qeyd etsə də, şirkətin ümumi serverində və internet şəbəkəsində uzunmüddətli problemlərin yaranmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı onun elektron kabinetinə yerləşdirildiyi günün ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə (22-23 oktyabr tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etməsi səbəbindən) bitmişdir. Nəzərə alınmalıdır ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda iddiaçı tərəfindən göstərilən hal bu hallara aid deyil. Nəticə etibarı ilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində apellyasiya şikayətinin verilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyrimümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X6 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-195/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3735/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3735/2024
07.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver