Məhkəmə qərarları › İş №2(103)-3737/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3737/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3737/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-ci il tarixli, e-2(001)-2401/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 07 yanvar 2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 3M-36 reyestr nömrəli razılaşma müqaviləsi üzrə ödənilməmiş qalan ******* manat pul məbləğinin və ödənilmiş 2181 manat məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledəsiniz.

2. Bakı şəhəri Suraxanı Rayon 01 may 2023-ci il tarixli, e-2(001)-2401/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır.

4. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, hazırkı iddianın məkəməyə qədər nizama salınma qaydalarına əməl edilmiş, 14 aprel 2023-cü il tarixdə Cavabdeh MMC-nin hüquqi ünvanına pretenziya məktubu nümayəndə vasitəsi ilə şəxsən çatdırılması üçün aparılmış, lakin, ünvan 1 ünvanında adıçəkilən şəxsi tanımadıqlarına görə şəxsən cavabdehin səlahiyyətli şəxsinə həmin məktubun təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda, qeyd edilən pretenziya məktubu elektron məhkəmə sisteminin tələbinə uyğun olaraq PGF formata hazırlanaraq yüklənməsi texniki səbəblərdən mümkün olmadığından güman edilmişdir ki, hazırkı iddia ilə bağlı məhkəmənin təyin ediləcəyi hazırlıq iclasına kimi ümumi sənədlərin meqabayt həcmi azaldılaraq yenidən sistemə yüklənməsi təmin ediləcəkdi. Hazırkı iddia ərizəsinin predmeti müqavilə münasibətlərindən irəli gələn iddialara aid edildiyindən mübahisənin məhkəməyə qədər nizama salınma qaydasına riayət edilməkə cavabdehlə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi danışıqlarla tələb edilməsi baş tutmadığına görə tərəflərindən məhkəməyə müraciət edilməmişdən əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh tərəf isə buna hər hansı münasibət bildirilmədiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Pretenziya məktubu cavabdeh tərəfə göndərilmiş, lakin iddia ərizəsinin elektron kabinet vasitəsi ilə sistemə yükləməsində texniki problemlər səbəbindən həmin pretenziya məktubu yüklənməmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2023-ci il tarixli, e-2(001)- 2401/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Maddə 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd; Maddə 151.1. İddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İşdən görünür ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

9. İddiaçı şikayətində iki fərqli dəlil irəli sürmüşdür: - Cavabdeh MMC-nin hüquqi ünvanına pretenziya məktubu nümayəndə vasitəsi ilə şəxsən çatdırılması üçün aparılmış, lakin, ünvan 1 ünvanında adıçəkilən şəxsi tanımadıqlarına görə çatdırmaq mümkün olmamışdır; - cavabdehlə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi danışıqlarla tələb edilməsi baş tutmadığına görə məhkəməyə müraciət edilməmişdən əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh tərəf isə buna hər hansı münasibət bildirilmədiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Pretenziya məktubu cavabdeh tərəfə göndərilmiş, lakin iddia ərizəsinin elektron kabinet vasitəsi ilə sistemə yükləməsində texniki problemlər səbəbindən həmin pretenziya məktubu yüklənməmişdir.

11. Göründüyü kimi, hər iki dəlil biri-biri ilə ziddiyət təşkil etməklə, formal mülahizələrdən ibarətdir. Bu səbəblərdən heç biri MPM-in 150.1.6-cı maddəsinin imperativ göstərişlərinə əməl edilmədən verilmiş iddia ərizəsinin icraatının mümkünlüyünə səbəb ola bilməz.

12. Belə ki, cavabdeh hüquqi şəxsdir, rəsmi qeydə alındığı ünvan mövcuddur və qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən pretenziya ya həmin hüquqi şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, əgər cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli, bu da mümkün olmadığı halda “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı idi.

13. Lakin iddiaçı bu tələblərdən heç birinə riayət etməmiş, pretenziya məktubunun aşağı hissəsində “Qeyd edilən ünvanda adı çəkilən şəxsi tanımadılar. ...” qeydi aparılaraq məhkəməyə təqdim olunmuşdur. Habuki, yuxarıda qeyd olunduğu kimi cavabdeh fiziki şəxs deyil, hüquqi şəxsdir və hüquqi şəxsə münasibətdə “... şəxsi tanımadılar” qeydinin aparılması anlaşılan deyildir.

14. Bundan başqa, pretenziya məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunmadığından, yalnız məhkəmə iddia ərizəsini geri qaytardıqdan sonra iş materiallarına əlavə olunduğundan həmin məktubun həqiqətən də iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl tərtib olunması da inandırıcı deyildir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-ci il tarixli, e- 2(001)-2401/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-ci il tarixli, e-2(001)- 2401/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar