Məhkəmə qərarları › İş №2(103)-3738/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3738/2022

17.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3738/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Məmmədova (Binyətova) Jalə Fətəli qızına qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 və cavabdeh Məmmədova (Binyətova) Jalə Fətəli qızının iştirakları ilə, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla sabiq arvadı Cavabdeh2 (Binyətovanın) cavabdeh MMC ilə bağladıqları xx.xx.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsinin” etibarsız hesab edilməsi, onun tərəfindən MMC-yə ödənilmiş pul vəsaitinin qaytarılması məqsədi ilə 40.000 manat, cavabdehlərin ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(009)-1119/2020) ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-1216/2021) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsini, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Tibbi xidmət müqaviləsinin” iddiaçıya aid hissəsinin etibarsız hesab edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.586,34 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının cəmi əvəzinin ödənilməsi məqsədi ilə 45 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının və cavabdeh MMC-nin ayrı-ayrılıqda verdiyi kasasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-909/2022) ilə kasasiya şikayətlərinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 2015-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Onların övladları olmadığından, 2017-ci ildə onlar müayinə və müalicə üçün cavabdeh MMC-yə müraciət etmişlər. Müalicə nəticə verməmişdir. Müalicə həkimi onlara süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmağın mümkün olduğunu, bunun üçün iddiaçıdan əməliyyat yolu ilə normal toxum hüceyrələri götürülməsinin vacib olduğunu və yaxud donordan istifadə etməklə mayalanmanın mümkün olduğunu bildirmişdir. İddiaçı və Cavabdeh2 təklifi bəyənmişlər. İddiaçı, donordan istifadə edilməsi barədə təklifini rədd edərək cərrahi əməliyyat olunmasına razılıq vermişdir. Həkimlər iddiaçını əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. xx.xx.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər ondan xəbərsiz əlbir olaraq, donordan istifadə etmişlər. Bununla da iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. İddiaçı bildirir ki, cavabdehlər onu aldatdıqları üçün aralarında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən MMC-yə 40.000 manatdan bir qədər çox pul vəsaiti ödənilmişdir. Belə ki, o, süni mayalanmaya görə 5.000 manat, uşaqların süni nəfəs aparatında saxlanmasına görə isə 35.000 manat pul ödəmişdir. İddiaçı hesab edir ki, həmin pul vəsaiti cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehlərin bu kimi hərəkətləri nəticəsində iddiaçı psixoloji sarsıntı keçirmiş, iddiaçıya mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onun xeyrinə 500.000 manat məbləğində pul tutulmalıdır. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etdiyindən Məhkəmə onları bir daha təsvir etməyə lüzum görmür. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçının “Kişi donordan istifadə edilməsinə razılıq” adlı sənəddən xəbəri yoxdur. Sənəddə əks olunmuş imza ona məxsus deyil. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, iddiaçının “Kişi donordan istifadə edilməsinə razılıq” adlı sənəddən xəbəri olmuş və o şəxsən özü həmin razılığı imzalamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı ilə Cavabdeh2 2015-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Onların övladları olmadığından, 2017-ci ildə onlar müayinə və müalicə üçün cavabdeh MMC-yə müraciət etmişlər. Müalicə nəticə verməmişdir. Müalicə həkimi onlara süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmağın mümkün olduğunu, bunun üçün iddiaçıdan əməliyyat yolu ilə normal toxum hüceyrələri götürülməsinin vacib olduğunu və yaxud donordan istifadə etməklə mayalanmanın mümkün olduğunu bildirmişdir. İddiaçı, Cavabdeh2 və cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" görünür ki, iddiaçı və Cavabdeh2 MMC süni mayalanma, həmçinin də müalicənin həyata keçirilməsi, bunun üçün MMC-yə 1.840 manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndinə görə, toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır. Müqavilənin 2.1.2-ci bəndinə görə, “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və “Xəstə yaxını”nın imzalamış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə - İİ-də təqdim olunan “Razılıq” formasına əsasən göstərir. “Kişi donordan istifadə razılığı” adlı sənəddən görünür ki, iddiaçı, uşaq sahibi olmaq üçün ona aid spermlərin olmadığını bəyan edir və uşağa sahib ola bilməsi üçün başqa şəxsə aid “Donor spermlər”dən istifadə edilməsini tələb edir. “Donor spermlər”dən istifadə nəticəsində meydana gələ biləcək bütün ehtimallar, risklər və fəsadlar (uşağın sağlam olmaması, qadında hamiləliyin baş tutmaması və şikəstlik-anormallıq) həkim tərəfindən ona izah olunmuşdur. “Donor spermlər”dən istifadə ilə əlaqədar bu gün və gələcəkdə ortaya çıxa biləcək bütün məsuliyyəti şüurlu olaraq öz üzərinə götürür. Bununla əlaqədar olaraq Cavabdeh1 MMC-yə qarşı gələcəkdə heç bir tələbi olmayacağı və bundan sonra sperm/yumurta toxumalarının köçürülməsi ilə əlaqədar istərsə Cavabdeh1 MMC-də, istərsə də Azərbaycan Respublikası Qanunvericiliyində (həmçinin Azərbaycan Respublikasının tərəfdar olduğu Beynəlxalq müqavilələrdə) bu barədəki qanunlara/qaydalara riayət edəcəyini bəyan edir. xx.xx.2017-ci il tarixli “Xəstə yaxını razılığı”ndan görünür ki, Cavabdeh2 (Binyətovanın) əri İddiaçı bəyan edir ki, MMC-nin həkimləri keçirəcəkləri əməliyyatın həyati riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, ey ni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi halda müayinə, müdaxilə və təqibin digər MK həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsiziliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmələrin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən (ƏDV daxil) 1.840 AZN məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmuş xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, Cavabdeh2 (Binyətova) xx.xx.2018-ci il tarixdə iki uşaq doğmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(013)- 89/2020) görünür ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 MMC-yə qarşı “uşaqların atasının müəyyən olunması, uşaqların atasının başqa şəxs olması müəyyən olunarsa onların şəhadətnamələrində düzəliş edilməsi və sair tələbləri barədə” iddiası təmin olunmamışdır. İddiaçı bildirir ki, “Kişi donordan istifadə” ilə bağlı razılıq ərizəsini imzalamamış, həmin ərizənin mövcudluğundan xəbəri olmamışdır. Bu səbəbdən də xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməli və ona vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Cavabdeh MMC və Cavabdeh2 (Binyətova) isə bildirirlər ki, iddiaçının “Kişi donordan istifadə edilməsinə razılıq” adlı sənəddən xəbəri olmuş və o şəxsən özü həmin razılığı imzalamışdır. Bu, mübahisəli məqamın həlli ilə bağlı işə ilk dəfə apellyasiya icraatında baxılan zaman iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 110-cu vərəqəsində olan “Kişi donordan istifadə” razılığı barədə ərizənin “Həyat yoldaşının razılığı” hissəsində “Ad, ata adı, soyadı” qrafasındakı “İddiaçı” yazıları və “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın qeyd edilən rəyi ilə razılaşmayan cavabdehin verdiyi vəsatət əsasında iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, əvvəlki apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri ilə “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsinin” barədə tələbi əsassızdır. Çünki məhkəmə araşdırması zamanı həmin müqavilənin etibarsızlığına dəlalət edən hallar aşkar olunmamışdır. İddiaçı bu tələbini “Kişi donordan istifadə razılığı” barədə sənədin onun tərəfindən imzalanmaması ilə əsaslandırır. Həmin sənədin iddiaçı tərəfindən imzalanmadığı yuxarıda qeyd edilən ekspertiza rəyləri ilə öz təsdiqini tapsa da, bu hal xx.xx.2017-ci il tarixli müqavilənin onun iradəsinə zidd olduğunu ehtiva etmir. Həmin müqavilənin predmeti aydın ifadə olunmuş, müqavilə yazılı formada bağlanmış, iddiaçı və cavabdehlər tərəfindən imzalanmışdır. Bir sözlə, xx.xx.2017-ci il tarixli müqavilə tərəflərin iradəsinə, müqavilə bağlanarkən tərəflərin nəzərdə tutduqları nəticələrə uyğun olmuşdur. Həmin müqavilənin 4-cü bəndindən də görünür ki, Cavabdeh2 (Binyətova) ərinin – iddiaçının toxum hüceyrələri ilə mayalandırılmalı idi. Lakin bu mümkün olmadığı üçün “Kişi donordan istifadə razılığı” barədə sənəd imzalanmış, iddiaçının toxum hüceyrələrindən deyil, donorun toxum hüceyrələrindən istifadə olunmuşdur. Göründüyü kimi cavabdeh MMC xx.xx.2017-ci il tarixli müqavilənin 4-cü bəndinin şərti pozmuş, müqavilə tərəfi olan iddiaçının razılığı olmadan donordan istifadə olunaraq süni mayalanma əməliyyatı həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində isə müqavilədə nəzərdə tutulmuş öhdəliyin razılaşdırılmış qaydada icra edilməməsi səbəbindən müqavilənin etibarsız hesab edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 442 və 445-ci maddələrinin mənasına görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən bu maddi hüquq normalarının tələblərində işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, müqavilə şərtlərini pozan şəxs bu hərəkəti ilə zərər vurmaya görə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, ona 40.000 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, o, süni mayalanmaya görə 5.000 manat, uşaqların süni nəfəs aparatında saxlanmasına görə isə 35.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Cavabdeh MMC bu hala etiraz edir. MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Maliyyə arayışından” (iş v. 166-167) görünür ki, Cavabdeh2 (Bünyatovanın) müayinə və müalicəsinə görə MMC-yə 8.586,34 manat vəsait ödənilmişdir. İddiaçı bildirir ki, onun MMC-yə etdiyi ödənişləri təsdiq edə biləcək çeklər onda yoxdur. Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, vurulmuş maddi zərərin əvəzi cavabdehlərdən məhz MMC-dən və yalnız 8.586,34 manat məbləğində tutulmalıdır. İddiaçı bildirir ki, cavabdehlərin bu kimi hərəkətləri nəticəsində o, psixoloji sarsıntı keçirmiş, ona mənəvi zərər dəymişdir. O hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onun xeyrinə 500.000 manat məbləğində pul tutulmalıdır. Bu iddia tələbinin həlli ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 8 №-li qərarına görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş, MMC müqavilə şərtlərini pozmaqla iddiaçıya həmçinin mənəvi zərər də vurmuşdur. Məhkəmə iddiaçının çəkdiyi iztirab və əzabları, sair halları nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərdən məhz MMC-dən iddiaçının xeyrinə ağlabatan məbləğdə, yəni 1.000 manat məbləğində kompensasiya tutulmasını qanuni və ədalətli hesab edir. Beləliklə də apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia tələbinin maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə tələbləri yalnız cavabdeh MMC-yə aid hissədə və qismən əsaslıdır. Buna görə də, Məhkəmə MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 8.586 (səkkiz min beş yüz səksən altı) manat 34 (otuz dörd) qəpik və mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən cəmi ödənilmiş 45 manat məbləğində dövlət rüsumlarının 1/2 hissəsi iddiaçının özünə, qalan 1/2 hissəsi Cavabdeh1 MMC-yə aid edilsin. Buna görə də Cavabdeh1 MMC-dən 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar