Məhkəmə qərarları › İş №2(103)-374/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-374/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-374/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və onun vəkili, eyni zamanda digər iddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və “xxxx” KB ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-351/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və “xxxx” KB ASC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən onların birgə mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin satılması ilə bağlı hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 36/1 nömrəli protokolun və MMC ilə ASC arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin satılması ilə bağlı hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 36/1 nömrəli protokolun və MMC ilə ASC arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə, onların birgə mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin və onun yerləşdiyi 0,40 ha torpaq sahəsinin ilkin satış qiymətinin 275.000 manat müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(005)-88/2013 nömrəli qətnaməsinə əsasən İddiaçı1 110.139,99 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun “xxxx” KB ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdehlər İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə və onun yerləşdiyi 0,40 ha torpaq sahəsinə tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Göyçay Rayon İcra şöbəsinin icra məmuru X3 xx xxx 2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(005)- 88/2013 nömrəli icra sənədinin icraatına başlanılmışdır. Göyçay Rayon İcra şöbəsi tərəfindən İddiaçı2 və qeyrilərinə xx xxx 2016-cı il tarixdə 2149-2(005)-88/2013 nömrə ilə qeydə alınmış bildiriş göndərilmiş və qətnamənin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmiş və xx xxx 2016-cı il tarixdə Göyçay Rayon İcra şöbəsində olması bildirilmiş, İcra şöbəsi heç bir qiymətləndirmə aparmadan xx xxxxxx 2017-ci il tarixli, 179/2014-2149/2016 nömrəli məktubla MMC-yə müraciət olunaraq əmlak kompleksi kimi müəssisənin hərraca çıxarılması sifariş olunmuşdur. İcra işində olan materiallardan göründüyü kimi MMC tərəfindən əmlak kompleksi kimi müəssisə barəsində hərracın keçirilmə tarixi xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Hərracın keçirilmə tarixi xx xxxx 2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə birinci hərrac keçirilmiş və hərrac baş tutmamış, daha sonra xx xxxx 2018-ci il tarixdə ikinci hərrac keçirilmiş və hərrac yenə də baş tutmamışdır. Hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 36/1 nömrəli protokoldan görünür ki, hərrac keçirilən zaman əmlakın qiyməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 128 nömrəli xx xxxx 2016-ci il tarixli hesabatda göstərilən qiymət əsasında keçirilmişdir ki, hesab edirlər ki, qeyd olunanlar tamamilə əsassız və qanunsuzdur. Belə ki, icra işindən göründüyü kimi əmlakın qiymətləndirilməsi barədə “xxxx” MMC tərəfindən xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş hesabatın 3-cü səhifəsində qeyd olunur ki, tərtib olunmuş akt 1 il müddətinə hüquqi qüvvəyə malikdir. Bu zaman hərracın keçirildiyi zaman əmlakın qiyməti heç bir hüquqi qüvvəsi olmayan hesabata əsaslanaraq seçilmişdir ki, bütün bu qeyd olunanlar bir daha hərracın nəticələrinin şübhə altına alınmasına səbəb olmuş olur. Bundan başqa, əmlakın qiymətləndirilməsi barədə “xxxx” MMC tərəfindən xx xxxx 2016-cı il tarixdə tərtib olunmuş hesabat hazırlanarkən tamamilə başqa bir icra işinin icraatı zamanı alındığı müəyyən olunmuş olur. Hesabatın birinci səhifəsində hesabatın Şəki İnzibali-İqtisadi Məhkəməsinin 2- 1(102)-192/2013 nömrəli, xx xxxx 2013-cü il tarixli icra vərəqəsi üzrə Göyçay Rayon İcra Şöbəsinin 446- 179/2014 nömrəli, xx xxxxxx 2016-cı il tarixli şifariş məktubu əsasında verildiyi məlum olur. Eyni zamanda, icra işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə diqqət yetirdikdə icra vərəqəsinin xx xxxxxx 2016-cı il tarixdə verildiyi və həmin icra vərəqəsi əsasında icra icraatına başlanmasının isə xx xxx 2016-cı il tarixdə başladığı müəyyən olunur. Bütün bu qeyd olunanlar isə bir daha sübut edir ki, hərrac keçirilərkən əmlakın qiyməti müəyyən olunmamışdır. İcra işində olan bildirişlərdə göndəriləcək şəxslərin siyahısında iddiaçıların adı göstərilmiş olsa da, onlara bu barədə heç bir məlumat verilməmiş, bildirişlər ünvana göndərilməmiş, iş materiallarına bu barədə hər hansı sübut əlavə olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)- 351/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 MMC tərəfindən İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin satılması ilə bağlı hərracın yekunları barədə xx xxxx 2018-ci il tarixli 36/1 nömrəli protokolun etibarsız hesab edilməsi, Cavabdeh1 MMC ilə “xxxx” KB ASC arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 275.000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Cavabdeh “xxxx” KB ASC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc edilmiş, keçirilmə vaxtı və yeri barədə iddiaçılara rəsmi qaydada bildirişlər göndərilmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri pozulmuş, alıcının və satıcının hüquqi statusunun ilkin vəziyyətə qaytarılması barədə imperativ tələbə riayət edilməmişdir. Mübahisəli əmlakın qiymətinin müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməmiş, “xxxx” MMC tərəfindən şişirdilmiş məbləğ müəyyən edilmişdir. Cavabdeh1 MMC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçılara hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlər göndərilmiş, həmçinin “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. Əmlakın qiymətləndirilməsi barədə rəy verilərkən mütəxəssislər tərəfindən müvafiq təhlillər və araşdırmalar aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi Ü.Xəlilova öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisə predmetinə qoyulmuş 155.000 manat bazar qiymətinə uyğun məbləğdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ipoteka predmetinə qoyulmuş 155.000 manat qiymət əmlakın real dəyərindən aşağıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili E.Quliyev iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətlərinin əsassız olduğunu qeyd edib, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş üzrə müəyyən olunmuş hallar aşağıdakılardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(005)- 88/2013 nömrəli icra vərəqəsinin məzmunundan görünür ki, müvafiq icra vərəqəsi ilə İddiaçı1 110.139,99 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehlər İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə və onun yerləşdiyi 0,40 ha torpaq sahəsinə yönəldilməsi, tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Göyçay Rayon İcra şöbəsinin icra məmuru X3 xx xxx 2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(005)- 88/2013 nömrəli icra sənədinin icraatına başlanılmış, Göyçay Rayon İcra Şöbəsi tərəfindən İddiaçı2 və qeyrilərinə xx xxx 2016-cı il tarixdə 2149-2(005)-88/2013 nömrə ilə qeydə alınmış bildiriş göndərilmiş və qətnamənin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmiş və xx xxx 2016-cı il tarixdə Göyçay Rayon İcra Şöbəsində olması bildirilmişdir. Göyçay Rayon İcra şöbəsi Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli sifariş məktubu ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(005)-88/2013 nömrəli icra vərəqəsinə əsasən müvafiq əmlak kompleksi kimi müəssisənin və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılaraq satılması və icra olunması üçün hərracın keçirilməsi haqqında sifariş vermişdir. Cavabdeh1 MMC-nin xx xxxxxx 2017-ci il tarixli 12/10 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Kaspi” qəzetinin xx xxxxxx 2017-ci il tarixli 224 (3974) nömrəli buraxılışının surətindən görünür ki, Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksinin 105.000 manat qiymətinə hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir; F.119 nömrəli poçt xəbərnaməsinin surətindən görünür ki, İddiaçı1 ünvanlanmış qeyd edilən hərracın keçirilməsi barədə məlumat verən müvafiq bildirişi xx xxxxxx 2018-ci il tarixdə “Xəlilova” soyadlı şəxs imza etməklə qəbul etmişdir. Cavabdeh1 MMC-nin xx xxxxxx 2018-ci il tarixli 12/10-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı təkrar hərracın keçirilməsi xx xxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmiş; “Kaspi” qəzetinin xx xxxxxx 2018-ci il tarixli 025 (3400) nömrəli buraxılışının surətindən görünür ki, Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksinin 89.250 manat qiymətinə (105.000/15%=15.750; 105.000-15.750=89.250) təkrar hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir; Müvafiq bildirişin əlavə edildiyi zərfin surətindən görünür ki, qeyd edilən təkrar hərracın keçirilməsi barədə İddiaçı1 və İddiaçı2 məlumat verən müvafiq bildiriş qeyd edilən şəxslərin həmin ünvanda yaşamaması səbəbi ilə bağlı geri qaytarılmışdır. Cavabdeh1 MMC-nin xx xxxx 2018-ci il tarixli 36/1 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(005)-88/2013 nömrəli icra vərəqəsinin və Göyçay Rayon İcra Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin və onun yerləşdiyi 0,40 ha torpaq sahəsinin ilkin hərrac qiyməti 105.000 (manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 89.250 manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 78.750 manat qiymətə tələbkar “xxxx” KB ASC-yə təklif edilmiş və qəbul edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 0,40 ha torpaq sahəsi 78.750 manat qiymətə “xxxx” KB ASC tərəfindən alınmışdır. Göyçay X4 24 sentyabr 786 nömrəli məktubunun məzmunundan görünür ki, ünvan 3 ünvanına İddiaçı2 adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi icra şöbəsi tərəfindən xx xxx 2016-xx xxxx 2016-cı il tarixlərdə məktub daxil olmamışdır. Göyçay X4 24 sentyabr 787 nömrəli məktubunun məzmunundan görünür ki, Göyçay rayonu Çayarxı kəndindəki əmlakın “KMEFİK” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi icra şöbəsi tərəfindən xx xxx 2016-xx xxxx 2016-cı il tarixlərdə məktub daxil olmamışdır. Göyçay X4 25 sentyabr 793 nömrəli məktubunun məzmunundan görünür ki, ünvan 3 ünvanına İddiaçı2 adına Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2017-xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-xx xxxx 2018-ci il tarixlərdə məktub daxil olmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələrinə əsaslanaraq işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, hərracın keçirilməsi ilə bağlı mülkiyyyətçilər İddiaçı1 və İddiaçı2 lazımi qaydada məlumatlandırılmamışlar.Bu baxımdan Mülki Məcəllənin 416-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilmiş bu hərrac etibarsız hesab edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu qənaəti doğrudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinin tələbinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırırsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Məcəllənin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İş materiallarından görünür ki, mübahisələndirilən hərracın keçirilməsi barədə hazırki iş üzrə iddiaçılar lazımi qaydada məlumatlandırılmamışlar. Cavabdeh tərəf sözügedən bildirişin verilməsini göstərən poçt xəbərnaməsi təqdim etmiş və bu, iş materiallarına əlavə edilmişdir. Belə ki, F.119 nömrəli poçt xəbərnaməsinin surətindən görünür ki, İddiaçı1 ünvanlanmış bildiriş xx xxxxxx 2018-ci il tarixdə “Xəlilova” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin həmin şəxsin şəxsiyyəti və iddiaçılara qohumluq münasibəti müəyyən deyil, həmin bildirişin iddiaçılar tərəfindən alındığı təsdiq edilmir. Bundan başqa Göyçay X4 məktubundan görünür ki, ünvan 3 ünvanına İddiaçı2 adına Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2017-xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-xx xxxx 2018-ci il tarixlərdə məktub daxil olmamışdır. Kollegiya hesab edir ki, məhkəmə Mülki Məcəllənin 416-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilmiş bu hərracın etibarsız hesab edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hər iki cavabdehin apellyasiya şikayətinin digər bir dəlili əmlak kompleksinin ilkin satış qiyməti ilə bağlıdır. İş materiallarından müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı1 borcun tutulması, tutmanın ipoteka predmeti olan cavabdehlər İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə və onun yerləşdiyi 0,40 ha torpaq sahəsinə yönəldilməsi və satıldıqda ən geci 1 ay ərzində boşaldılması müəyyən edilsə də, ilkin satış qiyməti müəyyən edilməmişdir. Göyçay rayon İcra şöbəsinin sifariş məktubuna əsasən “xxxx” MMC-nin xx xxxx 2016-cı il tarixli 128 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 105.000 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxx 2016-cı il tarixli hesabatında göstərilmişdir ki, tərtib olunmuş həmin akt 1 il müddətinə hüquqi qüvvəyə malikdir və müddət başa çatdığı gündən aktı tərtib etmiş ekspert və MMC heç bir məsuliyyət daşımır. Belə olan halda görünür ki, həmin hesabat xx xxxx 2017-ci il tarixdə qüvvədən düşmüşdür. Həmçinin hesabatın birinci səhifəsində hesabatın Şəki İnzibali-İqtisadi Məhkəməsinin 2-1(102)- 192/2013 nömrəli xx xxxx 2013-cü il tarixli icra vərəqəsi üzrə Göyçay Rayon İcra Şöbəsinin 446-179/2014 nömrəli xx xxxxxx 2016-cı il tarixli şifariş məktubu əsasında verildiyi məlum olur. Cavabdeh1 MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə hərrac keçirilərkən mübahisə predmetinin ilkin satış qiymətini bu hesabata əsasən 105.000 manat müəyyən edilmişdir. İddiaçılar qeyd olunan qiymətlə razılaşmamış, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin LP-061/19 nömrəli xx xxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətlərində olan Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin hazırkı bazar dəyəri 275.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin qiymətləndirmə ekspertizasının müvafiq rəyi əsasında 275.000 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlmişdir. Əmlakın qiymətləndirilməsi ilə bağlı mübahisə olduğu və cavabdehlərin “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin nəticəsi ilə razılaşmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-10322/2019 saylı qərardadı ilə Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin yenidən qiymətləndirilməsi keçirilmiş, qiymətləndirmə işlərinin aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli hesabatında ilə Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 2017-ci ilin noyabr ayına bazar qiymətinin 260.000 manat, hazırki bazar qiymətinin isə 283.000 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh “xxxx” KB ASC bu hesabatla razılaşmamış, ASC-nin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-10322/2019 saylı qərardadı ilə Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxxx 2019cu il tarixli rəy ilə əmlak kompleksinin xx xxxxxxx 2019-cu il tarixinə bazar dəyərinin 155.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə əsaslıdır və qətnamə bu hissədə dəyişdirilməli, əmlak kompleksinin ilkin satış qiyməti 155.000 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin satış qiymətinə dair hissədə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-351/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi Göyçay rayonu, Çayarxı kəndində 0,40 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilsin. Göyçay rayonu, Çayarxı kəndində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 155.000 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar