Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3740/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə “əlavə qətnamənin qəbul edilməsi barədə” iddiaçının ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı övladı olan Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 191 “A” saylı evdən cavabdehin istifadə hüququnun itirilməsi, bu məqsəd ilə onun tərəfindən cavabdehə 5.000 manat məbləğində kompensasiya verilməsi, cavabdehin ailə üzvləri ilə birlikdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tələbin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamənin qismən, yəni iddia tələbinin “cavabdehin ailə üzvləri” kimi qeyd edilmiş şəxslərə qarşı aid olan hissəsinin həll edilməsi hissəsində ləğv etmiş və iddianın həmin hissəsini baxılmamış saxlamışdır. İddianın apellyasiya baxışında qalan hissə ilə bağlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir və bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarış” ilə təsdiq edilir. İddiaçının övladı olan cavabdeh ailə qurana kimi, iddiaçının evində yaşamış və münasibətləri mehriban olmuşdur. Lakin cavabdeh ailə qurduqdan sonra münasibətlər korlanmış, onların bir evdə yaşamaları qeyri-mümkün olmuşdur. Çünki cavabdehin arvadı iddiaçı ilə yola getmir. Hazırda iddiaçı evi sataraq özünə başqa ev almaq istəyir, lakin cavabdeh buna razılıq verməyərək evin satılmasına mane olur. Odur ki, iddiaçı hesab edir ki, onun tərəfindən cavabdehə 5.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin evdən istifadə etmə hüququna xitam verilməli və cavabdeh evdən çıxarılmalıdır. Mülki işə baxmış Məhkəmə, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddiaçının apellyasiya şikayəti qismən, yəni apellyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələbin təmin edilməsi, iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin ünvan 1 ünvanında yerləşən 191 “A” saylı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, cavabdehə kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddianın apellyasiya baxışı icraatında qalmış “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə” hissəsinin əsaslı olub-olmaması apellyasiya baxışı zamanı araşdırılsa və bu tələb ilə bağlı tərəflər izahat versələr də, Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədə həmin tələbə qiymət verilməsini unutmuşdur. Yaranmış vəziyyətlə bağlı Məhkəmə bildirir ki, MPM-nin 392-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır. MPM-nin 229.1.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Qeyd olunanlara əsaslanan, habelə göstərilən prosessual hüquq normalarının tələblərini rəhbər tutan Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “cavabdehin mübahisəli mənzildən çıxarılması tələbi barədə” iddiasının təmin edilməsi barədə hazırki iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı “cavabdehin mübahisəli mənzildən çıxarılması tələbi barədə” iddiası (qətnamə çıxarılmamış hissə) əsaslıdır. Belə ki, Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsində əks olunmuş mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh, yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı tərəfindən kompensasiya kimi təklif olunan 10.000 manata (10.000 : 200 = 50 ay) 4 ildən yuxarı müddət ərzində, yəni davamlı sürətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Buna görə də, iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin mübahisəli yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Əgər cavabdehin bu kimi hüquqa xitam verilirsə, onda cavabdeh mübahisəli yaşayış sahəsindən çıxarılmalıdır. Bu nəticənin hüquqi əsaslanması Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsində göstərildiyindən Məhkəmə həmin hüquqi əsaslanmanın əlavə qətnamədə göstərilməsinə zərurət görmür. Çünki əlavə qətnamə əvvəlki qətnamənin tərkib hissəsini təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 392-1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 191 “A” saylı evdən çıxarılsın. Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3740/2021
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-3740/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver