Məhkəmə qərarları › İş №2(103)-3740/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3740/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3740/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, həyat yoldaşı X10 və azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və bu istiqamətdə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia təmin olunaraq, iddiaçılar İddiaçı və X4, azyaşlı uşaqları xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsi, iddiaçıların həmin ünvana köçmələrinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, faktiki olaraq evdə iki ailənin birgə yaşamasının mümkün olmaması, əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və s. kimi əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, əlavə olaraq göstərmişlər ki, iddia ərizəsində iddiaçı kimi yalnız İddiaçı göstərilsə də, məhkəmədən iddiaçının həyat yoldaşı X10 və azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə müvafiq mənzilə köçürülmələri xahiş olunmuşdur. Lakin, X4 iddiaçı kimi belə bir yazılı tələbi olmamış, iddia ərizəsi isə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən imzalanmışdır. X1 onun adından iddia vermək, iddia ərizəsini imzalamaq kimi etibarnaməsi də olmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı və X6 iddiaçı kimi qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, məruzəni və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalıdır. Qeyd edilməlidir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh kimi Cavabdeh qarşı iddia qaldıraraq, özünün, həyat yoldaşı X4 və xx.xx.2023-cü il təvəllüdlü övladı X3 ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməsi və həmin mənzilə köçmək üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, MPM-in 5.1-5.3-cü maddələrinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsinin formasına (məzmununa) lazımınca riayət olunmamış, X10 iddiaçı kimi qeyd olunmamış, sonuncunun tələbi mövcud olmamış, lakin məhkəmədən onun mübahisəli yaşayış sahəsinə köçürülməsi və s. bu kimi tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Baxılan işin yuxarıda sadalanan hallarından isə görünür ki, ərizədə iddiaçı kimi yalnız İddiaçı göstərilməsinə baxmayaraq, X4 da hüquq və mənafeyinə toxunan məsələ barədə (iddiaçı ilə birgə yuxarıda qeyd olunan mənzilə köçürülməsi və s.) qərar qəbul olunmasını xahiş etmişdir. Halbuki, MPM-nin 49-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayanların, habelə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Birinci instansiya məhkəməsi qeyd olunan hala diqqət xüsusi diqqət yetirərək nəzərə almamışdır ki, X10 yetkinlik yaşına çatmış (xx.xx.1983-cü il təvəllüdlü), tam fəaliyyət qabiliyyətli şəxsdir və özünün hüquqları ilə bağlı müstəqil qaydada müraciət etmək imkanı vardır. Belə olan halda, iddiaçı R.X2 adından sonuncunun hüquq və mənafeyinə toxunan məsələ barədə məhkəməyə müraciət etmək səlahiyyəti olmamışdır. Bununla yanaşı, işdən görünür ki, iddia ərizəsi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən imzalansa da, İ.Baxışova tərəfindən imzalanmamış, eyni zamanda bu istiqamətdə sonuncu tərəfindən nümayəndəyə etibarnamə verilməmişdir. MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) ərizəyə əlavə olunmalıdır. Beləliklə, istər iddia ərizəsinin forma və məzmunu, istərsə də iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması istiqamətlərində prosessual çatışmazlıqların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı və X6 birgə iddiaçı kimi qəbul edərək, mahiyyəti üzrə qərar qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, qətnamədə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizənin verilməsi qeyd olunsa da, nə işdə, nədə Elektron Məhkəmə İnformasiya Sistemində belə bir ərizə mövcud deyildir. Bununla yanaşı, hətta nümayəndə tərəfindən belə bir ərizənin verilməsini şərti olaraq qəbul etsək belə, bu hal vəziyyəti dəyişdirmir. Çünki, prosessual qanunvericilik hər hansı şəxsin sonradan iddiaçı kimi işə qoşulması halını dəqiq tənzimləmişdir. Bunlara misal kimi, müstəqil tələblər irəli sürən şəxslərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilmələrini (MPM-in 55.1-ci mad), əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını (MPM-in 54-cü mad), prosessual hüquq varisliyini (MPM-in 58-ci mad) aid etmək olar. Lakin, digər iddiaçının ərizəsi üzrə başqa şəxslərin müstəqil qaydada iddiaçı kimi işə cəlb olunması qanunvericiliyin tələbləri ilə uzlaşmır. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılrması üçün əsaslar mövcuddur, lakin birinci instansiya məhkəməsi prosessual nomaların tələblərini tam yoxlamadan işə mahiyyəti üzrə baxmışdır ki, belə olan halda da qətnamə qanuni və əsaslı sayıla bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam ləğv olunmaqla, iddia ərizəsi tam baxılmamış saxlanılmalıdır. Çünki, İddiaçı tələbi onun tək deyil, ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi ilə bağlıdır. Belə olan halda, yuxarıda da qeyd edildiyi kimi hər bir yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxs iddia ərizəsində iddiaçı qismində göstərilməklə, onların hər birinin tələbi iddia ərizəsinin məzmununda öz əksini tapmalıdır və s. digər tələblər də lazımi qaydada yerinə yetirilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, iddiaçı qanunvericiliyn tələblərinə tam riayət etməklə yenidən müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar