Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3741/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(006)-588/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X5 arasında bağlanmış hesab edilməlidir, faktiki Cavabdeh Levon Ağacanyana özlərinin mövcud olmayan evlərinin dəyişməsi ilə bağlı formal olaraq etibarnamə vermişdi. İlkin sənədləşmə Cavabdeh adına aparıldığına görə və eyni zamanda Cavabdeh erməni Levon Ağacanyandan öz şəxsi vəsaiti hesabına satın aldığı cavabdeh və ailəsinə heç bir aidiyyatı olmayan 2 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehin onlara nə vaxtsa hər hansı bir problem yaradacağını heç vaxt ağıllarına gətirmədiklərinə görə o, 2 saylı fərdi yaşayış evini xx.xx.2003-cü ildə Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Cavabdeh adına qeydiyyatdan keçirib onun adına qeydiyyat vəsiqəsi almışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasını və onun adına rəsmiləşdirilməsini iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin və həmin əqd əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X5 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evini o, 1989-cu ilin yanvar ayında tam olaraq öz şəxsi vəsaiti hesabına erməni milliyyətindən olan X4 satın almışdır. Alınan gündən indiyə kimi həmin bu fərdi yaşayış evi faktiki ona və ailəsinə məxsusdur və onların mülkiyyətindədir. 2 saylı fərdi yaşayış evini satın alan zaman evin hüquq müəyyənedici sənədi olmamışdır. X4 2 saylı fərdi yaşayış evini satın alan zaman evin ümumi sahəsi 48,5 kvadrat metr olmuşdur. Bu faktı 59 saylı Mənzil İstismar Kontoru tərəfindən Levon Ağacanyana xx.xx.1989-cu ildə verilmiş arayış da tam təsdiq edir. Həmin arayışda qeyd olunmuşdur ki, Levon Ağacanyana məxsus olan və ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı evin sahəsi 48,5 kvadrat metrdən ibarətdir, o və cavabdeh əslən Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndindəndirlər. Eyni zamanda həm də qohumdurlar. Onun xalası qızı Şərqiyyə Yusubova Cavabdeh qardaşı Ellaz Yusubovun həyat yoldaşıdır. Həm də onun atası Cavabdeh əmisi ilə bacanaqdır. 1971-ci ilə kimi Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində yaşamışlar. Sonra isə ailəlikcə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Cavabdeh isə valideynləri ilə birlikdə 1988-ci ilin sonuna kimi Saral kəndində yaşamışlar. Milli münaqişə zəminində azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasından sonra onlar 1988-ci ilin sonunda yaşamaq üçün Bakı şəhərinə köçüb gəlmişlər. 1971-ci ildə onlar ailəlikcə Bakı şəhərinə köçüb gələndən sonra valideynləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ailəsinə mənzil almış və onlar ailəlikcə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməklə yaşayırdılar. O, 1980-ci ildə Bakı şəhərində ali məktəbi bitirəndən sonra həmin il Təhsil Nazirliyinin göndərişi ilə əmək fəaliyyətinə başlamış və iş yerində gənc mütəxəssis kimi mənzil bölməsinə qəbul olunmuşdu. Milli münaqişə zəminində 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması başlayandan sonra Bakıda yaşayan ermənilər də evlərini satıb Bakıdan köçüb getməyə başlamışdır. Bunları görəndən sonra o, ailəsinin normal şəraitdə yaşaması üçün evə olan təlabatlarını təmin etmək məqsədilə 1989-cu ilin yanvar ayında ünvan 1 ünvanda yerləşən, erməni milliyətindən olan Levon Ağacanyana məxsus 3 (üç) otaqdan ibarət, 48,5 kvadrat metr sahəsi olan 2 saylı fərdi yaşayış evini atasının dostlarının iştirakı ilə özünün şəxsi vəsaiti hesabına almışdır. Həmin evin alınmasında maddi cəhətdən atası da müəyyən qədər ona kömək etmişdir. Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evində onunla bərabər, bacısı Əliyeva Sadəgülün və qardaşı Əliyev Bəxtiyarın ailəsinin də bu evdə yaşamaları nəzərdə tutulurdu. Daha sonra Levon Ağacanyanın qonşusu Aşotun da evinin bir hissəsini öz şəxsi vəsaiti hesabına satın aldılar və 2 saylı fərdi yaşayış evinə qatdılar. Həmin vaxtdan öz şəxsi vəsaiti hesabına Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evində və qonşusu Aşotdan satın aldığı evin bir hissəsində təmir-tikinti və yenidənqurma işləri apararaq otaqların sayını artırdılar və uyğun şərait yaradıb üç ailə bu evdə yaşamağa başladılar. Aşotdan aldığı evin bir hissəsini Levon Ağacanyandan aldığı fərdi yaşadıqları 2 saylı fərdi yaşayış evinin mövcud olan 9 (doqquz) otaqdan ibarət olan 126,7 kvadrat metr yaşayış sahəsi və 161,7 kvadrat metr ümumi sahə əmələ gəlmişdir. O zaman respublika rəhbərliyinin göstərişinə əsasən Ermənistandan gələn qaçqınlarla Bakıda yaşayan ermənilər evlərini formal olaraq etibarnamə ilə də dəyişə bilirdilər. O, gənc mütəxəssis kimi iş yerində ev növbəsində qeydiyyatda idi. Yaxın vaxtlarda da ona mənzil verilməli idi. İş yerindən ona veriləcək mənzilin əldən çıxmasın deyə valideynlərinin məsləhəti ilə Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evini səmimiyyətinə, düzgünlüyünə inandıqları və tam etibar etdikləri qohumları Cavabdeh adına sənədləşdirmək qərarına gəldilər. Ona görə ki, həmin vaxt qüvvədə olan qanuna görə hər bir adamın, hər bir ailənin yalnız bir evi ola bilərdi. O da həmin vaxtı subay idi və ailə üzvü kimi valideynlərinin üstündə gedirdi və onlarla birgə Əhmədlidəki mənzildə yaşamaqla eyni ünvanda pasport qeydiyyatında idi. Ailəsinin öz şəxsi mənzili olduğundan ailə üzvü kimi onun ikinci evi öz adına və ailə üzvlərindən birinin adına ala bilməzdi. Cavabdeh valideynlərinin tapşırığı ilə 2 saylı fərdi yaşayış evinin sənədləşməsini aparmaq məqsədi ilə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində qaçqın düşənə kimi, yəni 1988-ci ilin sonlarına kimi özünün, valideynlərinin və qardaşı Səlimxanın ailəsi ilə birgə yaşadıqları evlərini Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evi ilə dəyişmək üçün sonuncuya 1989-cu il tarixdə Bakı şəhərindəki 13 saylı notariat kontoru vasitəsilə formal olaraq etibarnamə vermişdir. Halbuki, Cavabdeh və ailə üzvlərinin onun Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evinə heç bir aidiyyatı olmamış, həmin evin alınmasına hər hansı məbləğdə vəsait xərci çəkməmişdilər. Digər tərəfdən, həmin etibarnamə verilən zaman Cavabdeh və ailə üzvlərinin qaçqın düşənə kimi yaşadıqları Ermənistan Respublikasının Spitak rayonu Saral kəndindəki evləri və əmlakları 07 dekabr 1988-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış və daha sonra da ermənilər tərəfindən tamamilə dağıdılmış və məhv edilmişdir. Faktiki Cavabdeh Levon Ağacanyana özlərinin mövcud olmayan evlərinin dəyişməsi ilə bağlı formal olaraq etibarnamə vermişdi. İlkin sənədləşmə Cavabdeh adına aparıldığına görə və eyni zamanda Cavabdeh erməni Levon Ağacanyandan öz şəxsi vəsaiti hesabına satın aldığı cavabdeh və ailəsinə heç bir aidiyyatı olmayan 2 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehin onlara nə vaxtsa hər hansı bir problem yaradacağını heç vaxt ağıllarına gətirmədiklərinə görə o, 2 saylı fərdi yaşayış evini xx.xx.2003-cü ildə Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Cavabdeh adına qeydiyyatdan keçirib onun adına qeydiyyat vəsiqəsi almışdır. Evə Cavabdeh adına qeydiyyat vəsiqəsi alan zaman onlara bildirmişdir ki, nə vaxt istəsə, evi öz adına və ya ailə üzvlərinin birinin adına keçirə bilər və ya satıb başqa yerdən ev ala bilər. Bu işdə onun tərəfindən onlar üçün heç bir problem olmayacaqdır. O və ailə üzvləri də onun dediklərinə tam inanmış və ona etibar etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(006)-588/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354.1,372.1, 372.2 və 375-ci maddələrinə və eyni zamanda Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına, xx.xx.2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarına istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəmə 2 saylı fərdi yaşayış evinin sənədlə formal olaraq Cavabdeh adında olmasına və Mülki Məcəllənin 354.1,372.1, 372.2 və 375-ci maddələrinə və eyni zamanda Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına, xx.xx.2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarına istinad edərək əqdlərin etibarsız hesab olunması üçün müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürməsi barədə səhv və yalnış nəticəyə gələrək iddia tələbinin təmin olunmaması haqqında əsassız qətnamə çıxarmışdır. O qeyd edir ki, Cavabdeh adına 2 saylı fərdi yaşayış evinə olan qeydiyyat vəsiqəsinin tam formal bir sənəd olması və onun 2 saylı evlə bağlı hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu 2022-ci ilin aprel ayının sonlarında bilməyi və hüququnun pozulduğunu bildiyi vaxtdan MM-nin 354.1-ci maddəsinə uyğun olaraq 1 illik iddia müddətini ötürmədən məhkəmədə Cavabdeh qarşı iddia qaldırmağı aparılmış məhkəmə araşdırması ilə tam sübut olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 44-cü maddənin İ hissəsinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi iddia müddəti 3 il müəyyən edilir. 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq pozulmuş hüququn müdafiə olunmasına dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunur. 78-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnu pozulmasını bidiyi və ya bilməli olduğu gündən əmələ gəlir. 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətnin keçməsi iddianı rədd etmək üçün əsasdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin və əqdin onunla X5 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi hissələrində iddia tələbi rədd edilməlidir. İşi materiallarından görünür ki, iddiaçının tələbləri aşağıdakılardan ibarət olmuşdur. 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin etibarsızlığı, 2) Həmin əqd əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 3) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X5 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi. Kollegiya qeyd edir ki, tələbin İİ hissəsi üzrə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilməsinə dair xx.xx.2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi tələbin İ və İİİ hissələri üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələblərinə əsasən işin araşdırılmış hallarına görə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə evin sahibi ilə cavabdeh arasında bağlanmış əqd əsasında alınmış, sonradan xx.xx.2003-cü il tarixdə isə həmin mübahisəli ev Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir, hazırda iddiaçı həmin əqdin, həmin əqd əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini, həmçinin mübahisəli evlə bağlı bağlanmış əqdin cavabdehlə deyil, onunla bağlanmış hesab edilməsi və onun adına yeni çıxarışın verilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının tələbin İ hissəsi üzrə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ciil tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi əqdin tərəfi olmamışdır. Belə olan halda isə onun həmin əqdi mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subyektiv hüququ olmuş olsa idi belə, iddiaçının tələbinin İ hissəsi üzrə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin etibarsızlığına təqdim etdiyi dəlillər heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqlənmir. Başqa sözlə, iddiaçı bu müqavilənin tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin hansı tələblərinə uyğun olmadan bağlanmasını sübut edə bilməmişdir. Belə ki, istər tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin tələbləri baxımından bağlanmış əqdin etibarsızlığına dair əsasların (sübutların) təqdim edilməsi hazırda qüvvədə olan MPM-nin tələbləri baxımından iddiaçının birbaşa vəzifəsi idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, iddiaçı iddia tələbinin İ hissəsi üzrə subyektiv malik olmuş olsa və bu tələbin əsaslandığı hallar üzrə müəyyən sübutlar təqdim etmiş olsa idi belə o, xx.xx.2000-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən iddia müddətini ötürmüşdür. Hətta birinci instansiya məhkəməsi də iddiaçının tələbini yalnız iddia müddətinin keçməsi ilə bağlı rədd etsə də, bununla bağlı maddi qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirməsi nəticəsinə gələrkən xx.xx.2000-ci ildən sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 372.1, 372.2, 375.-ci maddələrinə, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarına istinad etmiş, bu nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əqdin X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlandığı üçün iddia tələbinin İ hissəsinə Azərbaycan Respublikasının MPM-ni 217.2-ci maddəsinin tələblərinə uyğun tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövr, yəni xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) hüquqi qiymət verilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin İ hissəsinə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından (maddə 73, 76-82) iddia müddəti ötürüldüyündən iddianın İ hissəsi rədd olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək iddiaçının mübahisəli evlə bağlı hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu 2022-ci ilin aprel ayının sonlarında bilməyi və hüququnun pozulduğunu bildiyi vaxtdan MM-nin 354.1-ci maddəsinə uyğun olaraq 1 illik iddia müddətini ötürməməsinə dair dəlilinə qiymət verərək əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinə sorğu əsasında 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş mübahisəli mənzilin özəlləşdirilməsinə dair sənədlərdən görünür ki, iddiaçı mübahisəli fərdiyi yaşayış evinin həyat yoldaşı, yəni cavabdeh X3 adına özəlləşdirməsinə xx.xx.2002-ci il tarixdə razılıq ərizəsi vermişdir. Məhkəmə kollegiyası iddia tələbinin İİİ hissəsi ilə bağlı hesab edir ki, həmin tələb İİ tələbin təmin olunub-olunmamasından asılıdır. Belə ki, tələbin İİ hissəsi üzrə icraata xitam verildiyindən və həmin tələb üzrə inzibati qaydada baxılaraq yekun məşkəmə qərarı qəbul edilmədiyi və mübahisələndirilən mənzilə dair çıxarış hazırki vaxta kimi qüvvədə olduğundan İİİ tələb, yəni, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X5 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi tələbi təmin edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən iddia tələbləri rədd edildiyindən dövlət rüsumları iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(006)- 627/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumlar iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə