Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3745/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4853/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 5435,81 manat əsas borc, 1,98 manat faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 213,3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5651,09 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ASC-dən illik 25 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4853/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Əsas borc üzrə 5435,81 manat, faiz borcu üzrə 1,98 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 213,3 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 5681,09 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Zaminlik müqaviləsinə xitam verilməlidir, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2017-ci ildə başa çatdığı vaxtdan 1 il ərzində ona qarşı tələb irəli sürülə bilərdi. xx.xx.2015-ci il tarixli Əlavələr nə onun tərəfindən, nə də ki zamin tərəfindən imzalanmamışdır. İddiaçı saxta sənədlər tərtib edib, müqaviləyə qanunsuz dəyişikliklər edilmişdir, həmin sənədlər üzrə məhkəmə xətşünaslıq eskpertizası təyin edilməlidir. Tərəfindən edilmiş ödənişlər qanunsuz olaraq faiz məbləğindən silinmişdir, faiz borcu üzrə tələb əsas məbləğ üzrə tələbə mütənasib deyildir. Əlavə gecikdirilmiş müddətə görə faizin hesablanması üzrə tələb qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı tərəf və digər cavabdeh gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin borc məbləği üzrə yoxlanılması təşkil edir, çünki həmin hissədə tələb bölünməzdir və işdə iştirak edən tərəflərdən hansının mübahisələndirməsindən asılı olmayaraq, həmin hissə tam, yəni hər bir tərəfə münasibətdə yoxlanılır və bu hissədə yekun məhkəmə aktı həmin mübahisənin bütün tərəfləri üçün məcburi qüvvəyə malik olur. Cavabdeh1 xx.xx.2015-ci il tarixli Əlavələrin nə onun tərəfindən, nə də zamin Cavabdeh2 tərəfindən imzalanmaması və həmin sənədlər üzrə məhkəmə xətşünaslıq eskpertizasının təyin edilməli olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya baxışının əvvəlki iclasında hər iki cavabdeh kredit və zaminlik müqavilələrinə əlavələrə baxış keçirdikdən sonra, müqavilələrdəki imzaların onlara məxsus olduğunu bildirmiş və xətşünaslıq ekspertizasının keçirilməsinə ehtiyac olmadığını qeyd etmişlər. Buna görə də apellyasiya şikayəti həmin hissədə yoxlanılmır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc tələbinə aid hissədə isə qətnamə dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 6-Z-2-0-1587-14 nömrəli kredit müqaviləsinə əsasən borc verən bank borcalan Cavabdeh1 36 ay müddətinə illik 25% dərəcəsi ilə 10000 AZN məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni nömrəli və tarixli zaminlik müqaviləsinə əsasən zamin - Cavabdeh2 bank-İddiaçı İKB ASC qarşısında borcalan - Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Kreditin mənbəyi, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borcalanın borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə banka dəymiş zərərin və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə bank qarşısında birgə cavabdehdir. xx.xx.2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli 6-Z-2-0-1587-14 nömrəli kredit və zaminlik müqavilələrinə Əlavə”dən görünür ki, saziş qüvvəyə mindiyi tarixdən etibarən müqavilənin 1.6-cı bəndində göstərilmiş “36 ay” sözləri “49 ay 14 gün” sözləri ilə əvəz edilmiş kreditin müddəti “49 ay 14 gün” hesab edilmiş, kredit müaviləsinin 1.8-ci bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmişdir. Zaminlik müqaviləsinin 1.3.6-cı bəndində göstərilmiş “xx.xx.2017” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmişdir. Həmin müqavilələrə Əlavə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 6-Z-2-0-1587-14 nömrəli kredit müqaviləsi üzrə 5434,81 manat əsas, 1,98 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış əldən çıxmış faydanın 213,3 manat məbləğində olması müəyyən edilmişdir. Bank tərəfindən borclulara ünvanlanan xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində göndərilən xəbərdarlıq məktublarından görünürki, cavabdehlər borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Borc məbləğinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 9/3386 nömrəli rəydən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-Z-2-0-1587-14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli Əlavə Saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 maliyyə arayışının verildiyi xx.xx.2019-cu il tarixə illik 5%-lə hesablanmış borcu aşağıdakı kimi müəyyən edilmişdir: əsas kredit borcu - 5626,18 manat; faiz borcu - 91,43 manat. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 5435,81 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 5626,18 manat müəyyən edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün Kollegiya hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməlidir, belə olan halda əsas borca aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Faiz borcuna aid hissədə Kollegiya qeyd edir ki, verilmiş ekspert rəyindən müəyyən edilir ki, maliyyə arayışının verildiyi xx.xx.2019-cu il tarixə Cavabdeh1 faiz borcu olmamışdır (ekspert rəyindən müəyyən edilir ki, müqavilə müddəti bitdiyi tarixdən sonra gündəlik faizlər illik 5%-lə hesablanmış və edilmiş ödənişlər müvafiq olaraq illik 5%-lə hesablanmış faiz borcundan silinmiş, qalanı isə müqavilə müddətinə olan faiz borcundan çıxılmış və bu gedişlə müqavilə üzrə faiz borcu sıfırlanmışdır). Başqa sözlə, ekpert rəyindən müəyyən olunur ki, müqavilə müddəti bitdiyi tarixə (xx.xx.2018-ci il) Cavabdeh1 1.130,77 manat faiz borcu qalmışdır. Sonuncu həmin tarixdən sonra da ödənişlərini davam etdirmiş, beş dəfə 100 manat, bir dəfə isə 1100,0 manat olmaqla, ümumilikdə 1.600,0 manat ödəniş etmişdir. Həmin məbləğin 139,73 manatı illik 5 %-lə hesablanan borca, 329,44 manatı əsas borca, 1.130,83 manatı isə müqavilə müddəti üçün ödənilməmiş qalan normal faiz borcuna silinmişdir. Cavabdeh1 sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş apardığı üçün həmin tarixdən başlayaraq maliyyə arayışının verildiyi xx.xx.2019-cu il tarixədək illik 5%-lə hesablanmış faiz borcu 91,43 manat təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyası mühasibatlıq ekspertizasının rəyini əsaslı sayır və hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməklə, faiz borcuna aid hissədə iddia tələbi rədd edilməlidir. İddianın gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 213,3 manat məbləğində əldən çıxmış fayda hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Ekspert rəyindən göründüyü kimi, maliyyə arayışının verildiyi tarixə illik 5%-lə hesablanmış borc 91,43 manat olmuşdur. Kollegiya məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsaslı sayaraq hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməli və cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ 91,43 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4853/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcu üzrə 1,98 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Həmin qətnamə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 213,3 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ 91,43 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan (əsas borc məbləğinə aid) hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3745/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3745/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver