Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3745/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 15.804,90 manat məbləğində borcun onun abonent hesabından silinməsi və həmin əsasız borca görə tutulmuş 30,30 manat məbləğində pulun abonentə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 2010-cu ildə Birlik tərəfindən “G-4” itron-smar tipli qaz sayğac quraşdırılmış və ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. Qaz sayğacı küçədə quraşdırılmışdır. Bunlara baxmayaraq Birliyin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlamamışlar. Sayğac quraşdırıldıqdan 7 gün sonra cavabdeh Birlik tərəfindən iddiaçının abonentin hesabına 352,90 manat məbləğində, 2012-ci ildə isə 706,70 manat məbləğində borc hesablanmışdır. 2015-ci ilə qədər Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, yaxud verilməməsisəbəbindən əhali arasında narazılıqlar yaranmış və mütəmadi ödənişlər olmadığı üçün cavabdeh Birlik tərəfindən çoxlu cərimə aktları tərtib edilmiş və borclar yaranmışdır. 2015-ci ildə baş vermiş “Nardaran hadisələrindən” sonra sakinlərin əksəriyyətinin cavabdeh Birliyə olan borcları silinmişdir. 2016-cı ildən başlayaraq qəsəbədə yeni sayğaclar quraşdırılmış və təbii qazla təchiz olunma sahəsində mühüm addımlar atılmışdır. Həmin ərəfədə iddiaçının evinə aid qaz sayğacına baxış keçirilmiş, sayğacda heç bir qüsur aşkar edilməmişdir. Bu zaman da “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilməmiş, iddiaçı ilə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. 2018-ci ilin əvvəllərindən başlayaraq cavabdeh Birliyin əməkdaşları qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədilə mütəmadi olaraq iddiaçının iddia ərizəsində qeyd edilən ünvanına baxış keçirərək, abonentin iştirakı olmadan qanunsuz qoşulma faktları qeyd edilmiş aktlar tərtib etmişlər. İddiaçı bildirir ki, qeyd edilən qaz xəttinə heç bir kənar müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Yaxud da əgər belə bir fakt vardırsa həmin faktın iddiaçı tərəfindən törədildiyi sübuta yetirilməli idi. İddiaçı, 2022-ci ilədək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, əsasız borc hesablanmış ünvanda isə kiçik təsərrüfat sahəsi olduğuna görə yalnız həftədə iki dəfə getmiş, 2022-ci ildən sonra isə təsərrüfatını genişləndirdiyi üçün həmin ünvana daimi yaşamaq üçün köçmüşdür. İddiaçı qeyd edir ki, 2012-ci ilin may ayından 2020-ci ilin fevral ayına qədər 607 kub metr qaz sərfiyyatına görə 91 manat ödəniş etmiş və borca görə 30,30 manat tutulma olmuşdur. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən xx.xx.2024-cü il tarixə qədər abonentin hesabına 15.804,90 manat məbləğində borc daxil edilmişdir. Halbuki, “Dəymiş ziyan həcminin hesablanması barədə” tərtib edilmiş aktlara görə 8.156,40 manat borc hesablanmış, lakin 7.648,5 manat borcun haradan yaranması qeyd olunmamışdır. Qeyd edilən əsassız borca görə Birlik tərəfindən iddiaçıdan 30,30 manat məbləğində pul əsassız olaraq tutulmuşdur. İddiaçı, cavabdeh Birliyin bu kimi hərəkətini qanunsuz hesab etdiyi üçün qeyd edilən əsassız borc məbləğin onun abonent hesabından silinməsini, ondan əsassız tutulmuş 30,30 manat məbləğində pulun isə Birlikdən alınaraq ona qaytarılmasını tələb edir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh Birliyin nümayəndəsi Pərviz Əliyev iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən müvafiq hesablamalar aparılmış, itirilmiş qazın dəyəri müəyyən edilmiş və həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilmişdir. İddiaçı həmin borc məbləğini ödəmədiyi üçün Birlik “vurulmuş 2.296,6 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsi həmin iddiaya dair 2(008)-5224/2018 saylı işə baxaraq, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini qət etmişdir. Bunlara baxmayaraq iddiaçı bu kimi hərəkətlərinə son qoymamış, təbii qazdan qanunsuz, yəni sayğacdan kənar olaraq istifadə etməkdə davam etmişdir. Bu fakt isə Birliyin əməkdaşlarının müxtəlif tarixlərdə tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda öz əksini tapmışdır. Odur ki, göstərilənlərə əsasən iddia əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya aid abonent koduna hesablanmış borcun 5.441 manat hissəsinin silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birlik tərəfindən aktlar əsasında “Qalıq və aktlar” qrafasında ümumilikdə 5.441 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin iddiaçı “Qazdan istifadə Qaydalarının” 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tərtibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunsuz qoşulma faktını müəyyən edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 5.441 manat borc silinməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının abonent koduna “may 2020” tarixi üzrə ödəniş qrafasında yazılmış 4.196,60 manat 2019cu ilin mart ayınadək, qalan 6.167,3 manat isə 2020-2024-cü illər ərzində iddiaçının təbii qazdan istifadə nəticəsində yaranmış və ödənilməmiş borcu olduğundan həmin məbləğlərin silinməsi üçün heç bir əsas yoxdur. Buna görə də, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borcun bir hissəsi əsaslı olduğundan iddiaçının ödədiyi 30,30 manat məbləğində pulun Birlikdən alınaraq iddiaçıya qaytarılması mümkün deyil. d) apellyasiya şikayətləri barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın bir qisminin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Birliyin hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “vurulmuş 2.296,6 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi 2(008)-5224/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə 2.296,6 manatın hazırkı iş üzrə iddiaçıdan tutularaq Birliyə ödənilməsini qət etmişdir. Belə olan halda iddiaçıya hesablanmış 15.804,90 manat məbləğində borcdan 2.316,6 manat borc silinməli idi. Lakin Rayon Məhkəməsi bunu da nəzərə almışdır. Ən əsas məqam isə ondan ibarətdir ki, abonent olan iddiaçı tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt çəkilməmişdir. Birliyin həmin əraziyə nəzarət edən əməkdaşları tərəfindən qaz xəttinə hər ay baxış keçirilmişdir. Küçədə quraşdırılmış qaz saygacına və ya qaz xəttinin küçədə olan hissəsinə abonent nəzarət etmir. Sayğacın və ya qaz xəttinin zədələnməsinə görə cavabdehliyi abonent deyil, qazpaylayıcısı olan Birlik daşıyır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat
8. İş üzrə iddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
9. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat
10. İddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh olan Birlik qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı da, qətnamənin həmin hissəsini mübahisələndirmir. O, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan, MPM-in 372.6-ci maddəsinin tələblərindən çıxış edən Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir, bununla bağlı olaraq iddiaçı ilə Birlik arasında müvafiq müqavilə bağlanmış, Birlik tərəfindən ünvanda, küçədə, qaz sayğacı quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir.
15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5224/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə cavabdeh olan Birliyin hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “vurulmuş 2.296,6 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi qət edilmişdir.
16. Cavabdeh Birliyin əməkdaşları tərəfindən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, iddiaçıya məxsus evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı, qaz xəttinə özbaşına qoşulmaqla, təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar istifadə edir.
17. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin tərkibində fəaliyyət göstərən İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən” görünür ki, yuxarıda qeyd edilən aktlara əsasən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmı aşağıdakı kimidir: xx.xx.2018-ci il tarixli akt üzrə 648 kub metr, xx.xx.2018-ci tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 576 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 1.422 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 1.422 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 1.422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1.422 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1.332 kub metr, xx.xx.2019-ci akt üzrə 2.952 kub metr, xx.xx.2020-ci akt üzrə 2.952 kub metr, xx.xx.2020-ci akt üzrə 2.952 kub metr, xx.xx.2020-ci il tarixli akt üzrə 2.952 kub metr, xx.xx.2020-ci il tarixli akt üzrə 886 kub metr, xx.xx.2020-ci il tarixli akt üzrə 23.544 kub metr.
18. Birliyin təqdim etdiyi hesablama sənədlərindən görünür ki, iddiaçının abonent hesabına hələ 2019-cu il mart ayı üçün 4.196,6 manat məbləğində qalıq borc hesablanmışdır.
19. İddiaçının adına olan xx.xx.2024-cü il tarixli “Abonent saldosundan” görünür ki, iddiaçıya 2018-ci ilin may-dekabr ayları üçün ümumilikdə 5.441 manat borc hesablanmışdır. 2020-ci ilin may ayı üçün üzrə ödəniş qrafasında “- 4196,60” manat, istehlakçının qaz sərfi 2020-ci il ərzində 421,80 manat, 2021-ci il ərzində 1748,20 manat, 2022-ci il ərzində 1.857,01 manat, 2023-cü il ərzində 1.658,68 manat, 2024-cü il ərzində 746,91 manat borc hesablanmışdır.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin məsələyə yanaşması tam doğru olmuşdur. Belə ki, iddia ərizəsində qeyd edilən ünvana Birliyin əməkdaşları tərəfindən baxış keçirilən zaman məlum olur ki, iddiaçının **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 2018-ci ilin maydekabr ayı üçün 920,8 manat, 2019-cu il tarixi üçün 1.191,60 manat, 2020-ci il tarixi üçün 3.328,60 manat, ümumilikdə 5.441 manat borc yazılmışdır. Eyni zamanda, 05/2020 tarixi üzrə ödəniş qrafasında “-4196,60” manat yazılmışdır. İstehlakçı olan iddiaçının qaz sərfi 2020-ci il ərzində 421,80 manat, 2021-ci il ərzində 1.748,20 manat, 2022-ci il ərzində 1.857,01 manat, 2023-cü il ərzində 1.658,68 manat, 2024-cü il ərzində 746,91 manat olmaqla, ümumilikdə 6.342,6 manat təşkil etmiş, iddiaçının 08/2024 tarixində ay sonuna borcu 15.804,90 manat olmuşdur ki, Birlik də həmin borc məbləğinin ödənilməsini iddiaçıdan tələb etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2.296,6 manat borcun tutulması qət edilmişdir. Bununla belə, tərtib edilmiş aktlar əsasında yazılmış 5.441 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, o cümlədən iddiaçının 5.441 manatdan çox borcunun olmasına dair hallar iş materiallarından görünmür və bu hallara dair də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
21. “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının abonent koduna hesablanmış 5.441 manat borcun silinməsini qət etməkdə düzgün qərar vermişdir.
23. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
24. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
25. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
26. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
28. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə də Rayon Məhkəməsi haqlı qərar qəbul etmişdir. Belə ki, iddiaçının abonent koduna 05/2020 tarixi üzrə ödəniş qrafasında yazılmış 4.196,60 manat 2019-cu ilin mart ayınadək, qalan 6.167,3 manat isə 2020-2024-cü illər ərzində iddiaçının təbii qazdan istifadə nəticəsində yaranmış və ödənilməmiş borcu olduğundan həmin məbləğlərin silinməsi üçün heç bir əsas yoxdur.
29. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsini müzakirə edilən bu nəticəsinə aid dəlili əsassızdır.
30. Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış borcun bir hissəsi əsaslı olduğundan iddiaçının ödədiyi 30,30 manat məbləğində pulun Birlikdən alınaraq iddiaçıya qaytarılması mümkün deyil.
31. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəmə bu barədə iş üzrə gəldiyi nəticə də əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsini müzakirə edilən bu nəticəsinə aid dəlili əsassızdır.
32. Apellyasiya şikayətində iddiaçı bildirir ki, Birliyin hazırkı iş üzrə ona qarşı irəli sürdüyü “vurulmuş 2.296,6 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi 2(008)-5224/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə 2.296,6 manatın hazırkı iş üzrə iddiaçıdan tutularaq Birliyə ödənilməsini qət etmişdir. Belə olan halda ona hesablanmış 15.804,90 manat məbləğində borcdan 2.316,6 manat borc silinməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almışdır.
33. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızıdır. Çünki hazırkı işə baxmış Rayon Məhkəməsi qeyd edilən həmin qətnaməni nəzərə almış və hətta hazırkı iş üzrə qətnamə qəbul edərkən, həmin qətnaməyə də istinad etmişdir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
34. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
37. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.