Məhkəmə qərarları › İş №2(103)-3746/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3746/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3746/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-625/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 2.450 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2021-ci ildə sığorta hadisəsi baş verib. Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Seat Leon” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və həmin avtomobilə mexaniki zədə yetirib. Cavabdehin idarə etdiyi avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalandığına görə iddiaçı mexaniki zədə almış “Seat Leon” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə zərərin əvəzi kimi 2.450 manat sığorta ödənişi verib. “Mercedes Benz C230” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi başqa şəxs olub, hadisə baş verən zaman cavabdeh həmin avtomobili etibarnamə olmadan idarə edib. Ona görə də iddiaçı subroqasiya qaydasında zərərin əvəzi kimi cavabdehdən 2.450 manat tələb edir. İddiaçının subroqasiya hüququ yaranmayıb. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası belə göstərilib: “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi”. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Bu maddədə “qanuni əsaslar” deyiləndə yalnız etibarnamə və ya digər yazlı sənəd deyil, avtomobilin istismar edilməsinə mülkiyyətçinin şifahi razılığı da nəzərdə tutulur. Odur ki, avtomobilin istismar edilməsinin mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu, onu təsdiq edir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında şifahi istifadə müqaviləsi mövcuddur. Avtomobilə dair istifadə müqaviləsi üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-625/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar