Məhkəmə qərarları › İş №2(103)-3756/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3756/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3756/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-38/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" ASC tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli CFİ-0171/2021 saylı Sığorta aktının surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 17 ünvanındakı əmlak 09 iyun 2021-ci il tarixdə daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. 21 oktyabr 2021-ci il tarixində su basma nəticəsində X2 dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən 2328,31 manat ödəniş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Vunq Tau küçəsi 15 ünvanında yerləşən Reqnun çay evindən yuxarıda yerləşə Cavabdeh istifadəsində olan 218 saylı mənzildən 21 oktyabr 2021-ci il tarixdə su borularının yararsız vəziyyətinə düşməsi səbəbindən obyekti su basmış və nəticədə zərər dəymişdir. (köhnə ünvan Gəncə prospekti 17) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadənin ekspertiza aparmaqdan imtina etməsi haqqında 22 yanvar 2025-ci il tarixli məlumatından görünür ki, 2(011)-312/2024 saylı iş üzrə tərəflərindən 13 dekabr 2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki obyektlərinin tədqiqi ekspertizanın aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. “Qərarddadla ekspert qarşısında qoyulmuş suallarla əlaqədar qeyd olunur ki, tədqiqat obyektinə baxış keçirilən zaman, tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzilə baxış keçirilən zaman, mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğu, su-kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.” Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində RAZ********** saylı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış ünvan 3 ünvanında yerləşən X1 mülkiyyətində olan daşınmaz əmlaka subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisənin həmin binanın Cavabdeh istifadəsində olan 218 saylı mənzilindən su axması nəticəsində baş verməsi 118 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 2442 nömrəli arayışında öz əksini tapmışdır. Baş vermiş hadisə nəticəsində CFİ-0171/2021- AKT4178/21 saylı sığorta aktına əsasən 2328,31 manat sığorta ödənişi X2 ödənilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 2328,31 manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 43,29 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı izahatında bildirmişdir ki, bina köhnədir, ikinci mərtəbədə 218 saylı mənzildə yaşayır. Onun üstündəki mənzildən su axıdılmışdır və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəymişdir. Onun mənzili bir otaqlıdır, ancaq çayxananın sahəsi binanın birinci mərtəbəsinin bütün sahəsidir. Orada başqa üst mərtəbələrdən də axıntılar baş verir. Hətta cavabdehin üst qonşusu onun da mənzilinə su axıtmışdır. Cavabdeh qeyd etmişdir ki, MKİS-in rəisi S.Quliyev, mühəndis A.Öənahov cavabdehin mənzilinə baxış keçirməmişdir, bununa bağlı tərtib olunmş akt saxtadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-38/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin mənzilindən suyun axması nəticəsində sığrtalanmış əmlaka zərərin vurulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı X2 məxsus qeyri-yaşayış sahəsinə axıdılan suyun cavabdehə məxsus ünvan 3da yerləşən 218 saylı mənzildən axıdılması sübut edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışın surəti hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın verilməsinə əsas olmuş hallar və cavabdehə məxsus mənzilə baxış keçirilməsi və bununla bağlı cavabdehin və hal şahidlərinin iştirakı ilə aktın tərtib edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, cavabdeh həmin aktın tərtib edilməsində iştirak etmədiyini bildirmişdir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində də ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Cavabdeh onun üstündəki mənzildən su axıdıldığını və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəydiyini bildirmişdir və iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh mənzilinin tavanında və divarlarında üst mərtəbədə yerləşən mənzildən su axıdılmasının izləri mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixində RAZ ********** saylı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış ünvan 3 ünvanında yerləşən X1 mülkiyyətində olan daşınmaz əmlaka subasma hadisəsi nəticəsində maddi zərərin Cavabdeh tərəfindən vurulması sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 226.1, 385.1, 386.1, 936.5, 1097.1, 1111.2, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 216-220, 233 və 360-cı maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-38/2025 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2328,31 (ikimin üç yüz iyirmi səkkiz manat, otuz bir qəpik) manat sığorta ödənişi və 43.29 (qırx üç manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-38/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddianın təmin edilməməsini məhkəmə araşdırması zamanı X2 məxsus qeyri-yaşayış sahəsinə axıdılan suyun cavabdehə məxsus ünvan 3da yerləşən 218 saylı mənzildən su axıdılmasının öz təsdiqini tapmaması, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışın surəti hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyinə görə arayışın verilməsinə əsas olmuş hallar və cavabdehə məxsus mənzilə baxış keçirilməsi və bununla bağlı cavabdehin və hal şahidlərinin iştirakı ilə aktın tərtib edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, cavabdeh həmin aktın tərtib edilməsində iştirak etmədiyini bildirmişdir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində də ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Cavabdeh onun üstündəki mənzildən su axıdıldığını və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəydiyini bildirmişdir və iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh mənzilinin tavanında və divarlarında üst mərtəbədə yerləşən mənzildən su axıdılmasının izləri mövcuddur. İşin hallarından müəyyən edilir ki, məhz Cavabdeh məxsus olan mənzildən su axması nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış X2 məxsus qeyri-yaşayış sahəsinə zərər dəymişdir. Bu hal Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışla yanaşı cavabdehin öz izahatı ilə də təsdiqini tapır. Belə ki, məhkəmə də qətnamədə cavabdehin izahatına istinad edərək, Cavabdeh onun üstündəki mənzildən su axıdıldığını və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəydiyini bildirdiyini göstərmişdir. Beləliklə, cavabdehə məxsus olan mənzildən suyun axıdılması və iddiaçı tərəfindən sığortalanmış əmlaka zərər dəyməsi iddiaçı tərəfindən tam sübuta yetirilmişdir. Həm yuxarıda qeyd edilən arayış, həm də cavabdehin izahatı bu faktın mövcudluğunu təsdiq edir. Cavabdeh öz etirazının əsası kimi suyun üst mərtəbədəki mənzildən onun mənzilinə, onun mənzilindən isə sığortalanmış qeyri-yaşayış sahəsinə axdığını göstərmişdir. Bu isə bilavasitə MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh üçün əlverişli olan haldır və məhz cavabdeh tərəfindən həmin halın mövcudluğu sübuta yetirilməlidir. Belə ki, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas). Hazırkı halda isə cavabdehin özünə qarşı yönəlmiş iddianın rədd edilməsi üçün bildirdiyi hal (suyun üst mərtəbədəki mənzildən onun mənzilinə, onun mənzilindən isə sığortalanmış qeyri-yaşayış sahəsinə axması) onun özü üçün əlverişli olan haldır və bu halı sübut etmək vəzifəsi bilavasitə onun üzərinə düşür. Lakin cavabdeh qeyd edilən halın mövcudluğuna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-in nümayəndəsi V.R.Rəhimova məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çox olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, kollegiya hüquqi şəxs olan iddiaçının hazırkı mülki iş üzrə təkrar təyin olunan məhkəmə iclasında nümayəndəsinin iş yükünün çox olması səbəbi ilə təxirə salınması əsasını üzürlü səbəb olaraq qiymətləndirməmiş, bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, 15 saylı evin 218 saylı mənzili onun mülkiyyətindədir. Onun mənzilinə üst mərtəbədən axan su ondan altda yerləşən çayxana kimi istifadə olunan obyektə axmışdır. Onun mənzilin üstündə olan mənzil kirayəyə verilir. Kirayəçi isə onun iradlarına qarşı sudan istifadə etməli olmasını bildirir. "xxxx" ASC və MKİS tərəfindən onun mənzilinə baxan olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Maddə 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin mülkiyyətində olan mənzildən sığortalı obyektə su axmasını təsdiq edən sübut kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışına, vurulmuş ziyanın məbləğini müəyyən edən sübut kimi isə özünün dəvət etdiyi Əmlak üzrə ekspert İ.Zeynalov tərəfindən tərtib olunan hesabata istinad edir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib, iddiaçının təqdim etdiyi 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışı mötəbər sübut növü kimi qəbul etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, həmin arayışdan cavabdehin mənzilinə baxışın keçirilibkeçirilməməsi müəyyən olunmur. Arayış tərtib edilərkən cavabdehin özünün iştirakı isə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi arayışda qeyd olunan faktın baş verməsini yoxlamaq üçün iş üzrə ekspertiza təyin etsə də, qərarddadla ekspert qarşısında qoyulmuş suallarla tədqiqat obyektinə baxış keçirilən zaman, tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, yəni təmir edildiyi, cavabdehə məxsus mənzilə baxış keçirilən zaman isə mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğu, su-kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığı müəyyən edildiyindən qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Hazırkı işdə iddiaçı ona vurulan zərərin əvəzinin ödənilməsi tələbini deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Hazırkı işdə isə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi, iddiaçıya vurulmasını iddia etdiyi ziyanla iddiaçının baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-38/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar