Məhkəmə qərarları › İş №2(103)-3764/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3764/2021

15.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3764/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-2202/2021 saylı qərardadından cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri olaraq ünvan 1 B ünvanına dair **********00000 abonent kodu üzrə cərimə borcunun çıxılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2202\2021 saylı qərardadına əsasən ərizə təmin edilmişdir. Bu qərardaddan cavabdeh şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-2202/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)- 2202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-2202/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar