Məhkəmə qərarları › İş №2(103)-3764/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3764/2022

06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3764/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə X25 şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 savlı fərdi yaşayış evi iddiaçının mərhum xalası X4 xüsusi mülkiyyətində olmuşdur. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və 2 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-cı il qeydiyyat tarixli, 929 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X4 vəfatından sonra həmin əmlaklar digər vərəsələrin xəbəri və məlumatı olmadan X4 qardaşı X21 tərəfindən tək vərəsə kimi 2 saylı Bakı Cavabdeh2ndə notariat ofisində onun adına sənədləşdirilmişdir. X4 digər qanuni vərəsələri, yəni iddiaçıların göstərilən notariat əməliyyatlarından xəbəri və məlumatı olmamışdır. Halbuki, həmin əmlaklar iddiaçıların istifadəsində və faktiki olaraq idarəetmələrində olmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evindən ibarət miras əmlakının qəbuluna dair Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə isə ona qanun üzrə X25 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. Həmçinin, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakının qəbuluna dair o, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə isə ona qanun üzrə X25 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. X4 yeganə qanuni vərəsəsi Cavabdeh1 deyildir. X2 və X8 birgə nikahdan Cavabdeh1, X16, X26, X17 və X18 adlı 5 övladı dünyaya gəlmişdir. Onlardan yalnız 3 övladı - X16, X17 və X26 vəfat etmişdir. Lakin, Cavabdeh1 miras əmlakının qəbuluna dair ərizədə bacısı Sanayeva (Cəfərova) Fəridə Şahbaz qızını, mərhum X12 övladları İddiaçı4 və İddiaçı3, X1 övladı İddiaçı1 Şahbaz oğlunu qanuni vərəsə qismində göstərməyərək, yalnız özünü yeganə qanuni vərəsə kimi qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçıların qanuni vərəsə olma faktı 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. X1 vərəsəsi olaraq iddiaçı yəni Həsənov X30 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini nümayiş etdirmişdir. Belə ki, iddiaçı həmin evdə uşaqlığından bəri daimi olaraq yaşayır. Yəni iddiaçının xalasının övladı olmadığı üçün həmin Nizami rayonunda yerləşən, həm də Qusar rayonunda yerləşən əmlakları faktiki olaraq iddiaçıya bağışlamışdır. Bunu iddiaçının bütün qohumları da təsdiqləyə bilərlər. Lakin, həmin əmlakların faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi, orada daimi olaraq yaşamağı faktı tamamilə gözardı edilmişdir. O cümlədən digər vərəsələrdə həmin evlərin idarə edilməsində və qorunub saxlanılmasında iştirak etmişlər. Həmçinin iş materiallarından da göründüyü kimi, notariat kontoru iddiaçılara qarşı qərəzli olmuş, vərəsə qismində mövcudluqları faktı ümumiyyətlə araşdırılmamışdır. Notariat orqanı mülki qanunvericiliyin normalarının tələblərini pozaraq vərəsələrin dairəsini müəyyən etməyərək tam miras əmlaka qanun üzrə X25 şəhadətnamə vermişdir ki, nəticədə bu iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir. Bunun hüquqi nəticəsi olaraq isə cavabdeh əsassız olaraq miras əmlaka dair öz adına çıxarış almışdır. Yəni iddiaçılar həyatda olaola vərəsələr sırasında göstərilməmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normadan göründüyü kimi, mirasın qəbulunun iki forması mövcuddur: Rəsmi və ya qeyri-rəsmi üsulu. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən iddiaçı tərəfindən mirasın qəbulu faktı inkar olunur. Qeyri rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə qətnaməsində miras əmlakı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmamışdır. Lakin qeyd olunan hallar əsaslandırılmamışdır. İddiaçı bildirir ki, miras əmlak hesab olunan Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evi faktiki olaraq İddiaçı1 tərəfindən qəbul edildiyi nümayış etdirilmişdir. Belə ki, o, həmin miras əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş materiallarına əlavə olunmuş Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışa, o cümlədən qonşular tərəfindən verilmiş ərizəyə əsasən müəyyən olunur ki, iddiaçı həqiqətən də uzun müddətdir ki, həmin ünvanda yaşayır. Göstərilən sənədlərdən əlavə iş materiallarına əlavə edilən, qazın, işığın və suyun ödəniş qəbzlərindən göründüyü kimi həmin ödənişlər iddiaçı tərəfindən həyata keçirilir və bu ödəmələr bu gün də tərəfindən edilir. Hətta xalasının vəfatından sonra qızıl-zinyət əşyaları da miras olaraq iddiaçıda qalmışdır. Bugün həmin əmlakın Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilməsi və idarə etməsi hansı sənədlə öz əksini tapır. İşin digər bir halıda ondan ibarətdir ki, xx.xx.2020-cı il qeydiyyat tarixli, 929 nömrəli ölüm haqqında şəhadətnamədən göründüyü kimi mərhum X16 Azərbaycan Respublikasında yox Dağıstan Respublikasının Dərbənd şəhərində vəfat etmişdir. Həmin vaxtı pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlı olduğu üçün İddiaçı2 mərhum bacısı X9 dəfn etmişdir. Onun vəfatından sonra bəzi qızıl zinyət əşyaları da miras olaraq ona qalmışdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlarəmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmişxidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı1 istisna olmaqla, digər iddiaçılar mərhum xalası Validə Sanayevanın ölümündən sonra qalan miras əmlakı faktiki qəbul etməmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X16 xx.xx.2020-ci il tarixində Dərbənd şəhərində ölmüşdür. X20 daşınmaz miras əmlakı Qusar şəhəri, T.İsmayılov küçəsində yerləşən 43 saylı fərdi yaşayış evindən, ünvan 3-dən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. xx.xx.2020-ci il tarixli Qanun üzrə X25 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X4 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən istifadədə olan 0,02217 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 329,35 kv.metr, yaşayış sahəsi 60,4 kv.metr, yardımçı sahəsi 127 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhum X10 məxsus 4 otaq (y/s – 60,4 kv.metr) hissəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə X25 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X4 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,0143 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 64,20 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh1 xx.xx.1948-ci il tarixində Qusar rayonunda anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X22” anası “X7” qeyd edilmişdir. X23 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ölmüşdür. X27 (Validənin, Muxtarın, Rəhilə və Fəridənin bacısı) xx.xx.2009-cu il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş kommunal xərclərin ödənilməsinə dair qəbzlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kommunal ödənişləri iddiaçı tərəfindən aparılmışdır. İşin materiallarından görünür ki, İddiaçı1 mərhum X4 bacısı X5 oğlu, İddiaçı2 mərhumun bacısı, iddiaçılar İddiaçı4 və İddiaçı3 isə mərhumun bacısı X13 uşaqlarıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçılar miras qoyan Validə Sanayevanın qanun üzrə vərəsələri olsalar da, lakin onlar miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etmədiklərinə görə, 6 aylıq müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübutu və həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiklərinə görə, miras həmin vərəsələr tərəfindən qəbul edilmiş sayıla bilməz. Digər tərəfdən, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin X25 şəhadətnamələr etibarsız hesab edilmədiyindən, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. - 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İş materialları ilə müəyyən edilmişdir ki, miras qoyanın birinci növbə vərəsələri olmamış, ikinci növbə vərəsələri isə iddiaçılar və cavabdehdir. İlk olaraq kollegiya iddiaçıların subyektiv hüquqlarının olub-olmaması məsələsini araşdıraraq qeyd edir ki, işin materiallarından göründüyu kimi, X4 yeganə qanuni vərəsəsiCavabdeh1 deyildir. X2 və X8 birgə nikahdan Cavabdeh1, X16, X26, X17 və X18 adlı 5 övladı dünyaya gəlmişdir. Onlardan yalnız 3 övladı - X16, X17 və X26 vəfat etmişdir. Lakin, işin materiallarından görünür ki, Cavabdeh1 miras əmlakının qəbuluna dair ərizədə bacısı Sanayeva (Cəfərova) Fəridə Şahbaz qızını, mərhum X12 övladları İddiaçı4 və İddiaçı3, X1 övladı İddiaçı1 Şahbaz oğlunu qanuni vərəsə qismində göstərməyərək, yalnız özünü yeganə qanuni vərəsəkimi qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında izahatları alınan Cavabdeh1, bacısı uşaqlarının vərəsə olmadıqlarını hesab etdiyindən bu məzmunda ərizəni təqdim etdiyini, İddiaçı1 isə daima ünvan 4 ünvanında yaşadığını və xalası rəhmətə getdikdən sonra hər-hansı notariat hərəkətlərinin aparılmalı olduğunu bilmədiyini bildirmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların miras qoyan Validə Sanayevanın qanun üzrə vərəsələri olmalarını düzgün olaraq qeyd etsə də, Cavabdeh1 tərəfindən iddiaçıların qanuni vərəsə olma faktının 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisindən gizlədilməsi və bunun nəticəsində iddiaçıların vərəsəlik hüquqları pozulmasına hüquqi qiymət verməmiş, onların miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etməməkləri, bu müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübut, həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına, eləcə də, mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədikləri əsasına görə, mirasın həmin vərəsələr tərəfindən qəbul edilmiş sayıla bilməmələrinə dair nəticəsi isə işin faktiki hallarına uyğun olmamış və məhkəmə iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri hallar üzrə araşdırma aparmamışdır. Belə ki, miras qoyan öldükdən sonra 6 ay müddətində cavabdehdən başqa iddiaçıların heç birinin notariat ofisinə müraciət etməmələri işin mübahisəsiz halıdır. Lakin qanunvericiliyə əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Qanunverici mirasın qəbul edilməsinin digər bir əsasını, yəni mirasın faktiki qəbul edilmə yolu ilə də vərəsəliyin qəbulunu təsbit etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiya hesab edir ki, X25 şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Belə ki, mirasın rəsmi surətdə qəbulu üçün qanunvericilikdə müddət müəyyən olunsa da, faktiki qəbulu üçün müddət müəyyən edilməmişdir. Mirasın faktiki qəbulu müddətlə məhdudlaşdırılmayaraq, konkret hərəkətlərdə ifadə olunur. Mirasın rəsmi qəbulu müddəti ilə iddia müddəti ayrı-ayrı anlayışlar olduğuna görə bunları eyniləşdirmək düzgün deyildir. Ümumiyyətlə, mirasın faktiki qəbuluna iddia müddəti şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. İşin materiallarında olan Qusar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 2639 saylı arayışından görünür ki, Həsənov X24 rayonu, Tofiq İsmayılov küçəsi 43 saylı edə yaşayır. Birinci instansiya məhkəməsi isə qeyd edilən arayışın iddianın əsasını təşkil edən dəlillərdən biri olmasına baxmayaraq bu dəlil üzrə araşdırma aparmayaraq iddiaçılarından İddiaçı1 Şahvərdi oğlu tərəfindən miras əmlakın faktiki qəbul edilib edilməməsinə hüquqi qiymət verməmiş, işdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinədair mötəbər sübutlar olmamasına istinad etmişdir. Qeyd edilən arayışda onun verilməsinə əsas olaraq notariusda təsdiq edilmiş **********55№li ərzə göstərilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Qusar rayon notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2021-ci il tarixdə təsdiq etdiyi Qusar şəhər T.ismayılov küç. Ev 49-da yaşayan X14, Q.İsmayılov küç. Ev 3 ünvanında yaşayan X19 və X11 imzaladıqları ərzədən görünür ki, İddiaçı1 həqiqətən Qüsar şəhəri, T.İsmayılov küç. 43 ünvanında yaşayır Məhkəmə kollegiyası qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X4 vərəsəsi olaraq iddiaçı yəni Həsənov X30 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini nümayiş etdirmişdir. Belə ki, iddiaçı həmin evdə uşaqlığından bəri daimi olaraq yaşayır və cavabdeh iddiaçının bunanla bağlı dəlilini təsdiq etməsə də, təkzib etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası Həsənov X30 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbulu barədə izahatını bu izahatın işin digər sübutları ilə tamamlandığı üçün (notarial qaydada ərizə, nümayəndəliyin arayışı, ödəniş qəbzləri, digər iddiaçıların izahatları və s.) inandırıcı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir Beləliklə də, müəyyən edilmişdir ki, apellyasiya baxışı zamanı iddiaçılardan yalnız İddiaçı1 xalası Validə Sanayevadan qalan Qusar şəhərindəki miras əmlakı qəbul etmişdir. Bu hal qeyd edilən Qusar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 2639 saylı arayışı və onun verilməsinə əsas olaraq notariusda təsdiq edilmiş **********55№li ərizədən əlavə, iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş Qusar şəhərində olan miras evin kommunal xidmət xərclərnin ödənilməsinə dair qəbzlərin əsli ilə ğəsdiq edilir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Həsənov X28 Sanayevanın bütün qızıl-zinət əşyalarını, mərhumənin bacısı olan digər İddiaçı2 isə bir cüt sırğanı faktiki olaraq miras kimi qəbul edərək, həmin əşyalar əyani surətdə məhkəmə iclasında nümayiş etdirilmiş, lakin cavabdeh mərhum bacısının belə bir qızıllarının olmamasını bildirmişdir. Məhkəmə kollegiyası təqdim edilən qızıl-zinət əşyalarının Validə Sanayevaya aid olmamasına dair cavabdeh tərəfin dəlillərini inandırıcı saymır və bu izahatı digər vərəsələrin vərəsəlik hüquqları olmalarına baxmayaraq miras əmlakdan pay almamaları üçün verilmiş izahat kimi qiymətləndirir və iddiaçı tərəfin izahatlarını daha inandırıcı sayır. Belə ki, cavabdeh daima olaraq Validə Sanayeva ilə birgə yaşamayaraq onda hansı qızılların olmasını dəqiq bilə bilməzdi. Digər iddiaçılar İddiaçı1 Şahbaz oğlu isə uşaqlıqdan Validə Sanayeva ilə yaşadığından və İddiaçı2 isə onun doğma bacısı olduğundan mərhumənin hansı qızıl-zinət əşyalarının ona məxsus olmasını daha yaxşı bilirlər. Validə Sanayevanın bacısı olan digər İddiaçı2 bir cüt sırğanı qəbul etməsini göstərsə də, məhkəmə kollegiyasında həmin əmlak İddiaçı1 tərəfindən baxış üçün təqdim edilmiş və həmin bir cüt sırğa iş materiallarında olan mərhumənin fotoşəklində əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Validə Sanayevanın bacısı olan digər İddiaçı2 bir cüt sırğanı qəbul etsə də bu miras əmlakı tam və ya qismən qəbul etmə kimi qiymətləndirilə bilməz. Həmçinin də, digər iddiaçılar İddiaçı4 və İddiaçı3 isə hər hansı miras əmlakı qəbul etməsinə dair fakt işin halları ilə müəyyən edilməmişdir. (G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il qərarı) Qeyd olunduğu kimi, Cavabdeh1 miras əmlaklara dair qanun üzrə X25 şəhadətnamə verilməsi ilə bağlı müraciət ərizələrində Mülki Məcəllənin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını göstərmişdir. Notariat ofisi tərəfindən müvafiq notariat hərəkətləri aparılarkən və Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, digər vərəsələrin dairəsi müəyyən olunmamışdır. Cavabdeh1 başqa vərəsə olmadığını göstərmiş, notariat ofisi tərəfindən isə digər vərəsələrin olub-olmaması müəyyənləşdirilməmiş və yeganə vərəsə olaraq Cavabdeh1 qəbul edilərək, qanun üzrə X25 şəhadətnamələr verilmişdir. Belə olan halda məlum olur ki, digər vərəsələrin, həmçinin iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 1318-ci maddəsinə görə Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda, notarius vərəsələrin dairəsini yoxlamadan, miras əmlaklara dair yeganə vərəsə kimi Cavabdeh1 hesab edərək, qanun üzrə X25 şəhadətnamələr vermişdir. İddiaçı isə mərhum xalasının ölümü ilə ondan qalmış mirası (qızıl-zinət əşyalarını və ünvan 4) faktiki qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, miras əmlaklara dair vərəsələrdən biri kimi Cavabdeh1 qanun üzrə X25 şəhadətnamələr onun payına uyğun olaraq verilməli olduğu halda, qanun üzrə X25 şəhadətnamələr yuxarada göstərilən qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Buna görə də şəhadətnamələr etibarsız hesab edilməlidir. Şəhadətnamələr etibarsız sayıldığından, onların əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatlar da ləğv olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə almışdır ki, araşdırma zamanı miras əmlakın qanunvericiliyə uyğun olaraq iddiaçı X15 və Cavabdeh1 tərəfindən qəbul olunduğu müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yeni şəhadətnamə və ona müvafiq çıxarış verilərkən qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmalıdır. Məhz bu səbəbdən Cavabdeh1 qanun üzrə X25 şəhadətnaməsi ona aid hissədə düzgün verilsə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın qismən ləğv edilməsi mümkün deyildir. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi cavabdeh mərhumə ilə paylı mülkiyyətində olmuşdur. Həmin evə dair qanun üzrə şəhadətnamə isə tam olaraq cavabdehin adına verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamələrin və çıxarışın cavabdehə aid olan hissəsinin ləğvi qətnamənin icrasında müəyyən maneələr yarada bilər. Bu səbəbdən şəhadətnamələr və çıxarış müəyyən edilmiş paylar üzrə qanunvuyğun verilməsi məqsədi ilə tam etibarsız və ləğv edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti İddiaçı1 münasibətdə əsaslı olsa da, apellyasiya şikayəti tam təmin edilməlidir. Belə ki, digər apellyatorların vərəsəliklə bağlı irəli sürdükləri hallar öz təsdiqini tapmasa da onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın təmin edilməsini xahiş etmiş, lakin tələblərində iddianın təmin edildiyi halda paylarının müəyyən edilməsini xahiş etməmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi digər iddiaçılara münasibətdə düzgün olsa da, qətnamənin qəbulu zamanı maddi və prosessual pozuntulara yol verildiyindən qətnamə tam ləğv edilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi tam ləğv edilməklə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməli,2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab olunmalı, həmin şəhadətnamələr əsasında verilmiş: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əsasında verilmiş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar