Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3768/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 633/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsində yerləşən 4 saylı ev xx.xx.2022-ci il tarixdən İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. İddiaçı həmin evi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və iddiaçı **********00000 nömrəli abonent kodu üzrə qaz xəttinin üzərində quraşdırılmış sayğac vasitəsi ilə təbii qazdan istifadə etməyə başlamışdır. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 01 ədəd kombi (su qızdırıcı) (1/1), 1 ədəd 2 gözlü qaz plitələri (PG-2) (1/1) istifadə edilir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 34.560 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 4.147,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda, aktda iddiaçının soyadı və adı göstərilmiş və onun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına olan 4.147,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, neçə müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclərin ödənilməsi ilə bağlı kommunal xidmətləri göstərən "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh ASC ilə hər hansı problem olmamışdır. Lakin xx.xx.2023cü il tarixdə Səbail rayon Qaz İstismar İdarəsinin əməkdaşları onların evinə quraşdırılmış qaz sayğacı ilə bağlı ******* saylı akt tərtib edərək qeyd etmişdilər ki, guya qaz xətti qonşu tərəfdən keçərək abonentin həyətinə daxil olur, abonent sayğacdan kənar xətt çəkərək kombi olan otağın divarını deşmiş və şlanq vasitəsilə daxil olub qaz xəttini birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə edir, sayğacdan kənar xətt ləğv edilməli, dəymiş ziyan hesablanıb ödənilməlidir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Aktın tərtib edilməsindən onun xəbəri olmamışdır. Cavabdeh İB əməkdaşları onun yaşadığı ünvanda olarkən, o, evdə olmamış, bundan onun xəbəri olmamış və o, akt tərtib olunarkən dəvət olunmamışdır. Qanunsuz olaraq yazmışlar ki, guya o, akta da imza etməkdən imtina etmişdir. Halbuki, bu yalandır. O, bu barədə cavabdeh tərəfə bildirəndə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona yazılmış 4.147,20 manat cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 633/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəzəbəsi, İ.Ağayev küçəsində yerləşən 4 saylı evə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən iddiaçının abunə hesabına (**********00000) yazılmış 4.147,20 manat borcun silinməsi, Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması qət edilmişdir. (hakim X3)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib etdiyi aktın müvafiq icra qurumuna göndərilməsi, həmin qurum tərəfindən bununla əlaqədar hər hansı bir araşdırma aparılması və qərar qəbul edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Yəni səlahiyyətli orqan və ya məhkəmə tərəfindən istehlakçının qanunsuz qoşulma ilə bağlı təqsirini təsdiq edən hər hansı mötəbər sübutun mövcudluğu ilə bağlı cavabdeh tərəfindən məhkəməyə məlumat verilə bilməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, CD diskə baxış zamanı həqiqətən sayğacdan kənar xəttin mövcud olması aşkar olunsa da, həmin xəttin iddiaçının evinədək getməsi, orada hər hansı bir qurğuya qoşulması faktı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsiri sübut olunmadığından, qanunsuz qoşulma ilə əlaqədar əlavə qaz sərfiyyatının hesablanması və həmin sərfiyyata görə hesablanmış məbləğin ondan tələb edilməsi qanunsuz olmuşdur.
6. Məhkəmə cavabdehin nümayəndəsinin akt tərtib edilən zaman “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvəyə minməməsi barədə dəlilləri üzrə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 486- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 292) ilə 13-cü maddəyə yeni məzmunda 8-1-ci hissə əlavə edilmiş və həmin Qanun 2022ci il mayın 1-dən qüvvəyə minmişdir. Yəni mübahisələndirilən akt və protokol qeyd edilən dəyişkənlik qüvvəyə mindiyi tarixdən sonra tərtib edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin istehlakçının qaz xəttinə qanunsuz qoşulması barədə tərtib etdiyi aktın müvafiq icra qurumuna göndərilməli olmaması barədə dəlillərini əsassız hesab etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü, 18-ci, 26-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-cı, 119.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci, 5.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmiş və xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 4.147,20 manat dəymiş ziyan hesablanmışdır. Daha sonra 2 noyabr 2023-cü il tarixdə 14-2-2/2-5588/2023 saylı məktubla digər istehlakçılarla bərabər iddiaçının da qanunsuz hərəkətləri barədə müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Eyni zamanda məhkəmə iclasında videogörüntülərin həmin ünvana aid olduğu, qaz sayğacından kənar qanunsuz qoşulmanın mövcud olduğu müəyyən edilmişdir. İddiaçı qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməyərək sayğacdan kənar xətt çəkərək kombi olan otağın divarını deşmiş və şlanq vasitəsi ilə daxili qaz xəttinə birləşdirmişdir. Birlik tərəfindən qoşulma aşkar edildikdən sonra qanunvericiliyə uyğun olaraq tədbirlər görülsə də və birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qoşulmanın mövcudluğu müəyyən edilsə də, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Lakin məhkəmə istehlakçının qaz xəttinə qeyri-metal borular vasitəsilə özbaşına qoşulması faktını tədiqləyən akta əsasən dəymiş ziyan kimi hesablanıb saldosuna əlavəedilmiş borcunu heç bir normaya əsaslanmadan silmişdir. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən iddianın rədd edilməsinə əsas olan sübutlar təqdim edilmişdir. Birlik qanunsuz qoşulma faktını təsdiq edən sübutları tərtib edilmiş aktı, videogörüntüləri, istehlakçının 2020-2023-cü illər ərzində heç bir ödəniş etmədiyini təsdiqləyən saldosunu məhkəməyə təqdim etmiş, məhkəmə tərəfindən də qanunsuz qoşulma halı öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə heç bir fakta əsaslanmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə CD diskə baxış zamanı həqiqətən sayğacdan kənar xəttin mövcud olması aşkar olunduğunu, lakin həmin xəttin iddiaçının evinədək getməsi, orada hər hansı bir qurğuya qoşulması faktının müəyyən edilmədiyini qeyd etsə də, Cavabdeh İB tərəfindən xx.xx.2024-ci il tarixdə işin obyekiv araşdırılması üçün verilmiş trasolojiekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etmiş və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək mülki işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə etməsi əsası ilə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İddiaçı da bu akta razılaşmayaraq, onları mübahisələndirmiş və akt, habelə onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar üzrə hesablanmış cərimə məbləğinin silinməsini tələb etmişdir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2023-cü il tarixli aktda qaz xəttinin qonşu həyətdən keçərək, abonentin həyətinə daxil olduğu, abonentin saycağdan kənar xətt çəkərək, kombi olan otağın divarını deşdiyi və şlanq vasitəsi ilə daxili qaz xəttinə birləşdirilərək, təbii qazdan qeyri-qanuni istifadə etdiyi göstərilmişdir. Lakin bu halın təsdiqi olaraq, cavabdeh tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə (cavabdeh onun məzmunu barədə məlumatlı olduğundan tərkib məhkəmədən kənar qaydada ona baxış keçirmişdir) sayğacdan kənar xəttin mövcud olması müşahidə olunur, lakin bu xəttin iddiaçının evinə getməsi, o cümlədən onun evində yerləşən hər hansı qurğuya qoşulması müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində cavabdeh tərəfindən aktın əsassız olaraq tərtib edildiyini təsdiq edir və iddianın təmin edilməsi üçün əsas yaradır.
24. Digər tərəfdən məhkəmə kollegiyası vurğulayır ki, qoşulma halı müəyyən edildiyi təqdirdə belə cavabdeh tərəfindən akt bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən etibarsız hesab edilməlidir ki, bu da öz növbəsində iddiaçının abonent hesabına hesablanmış cərimə məbləğinin silinməsini şərtləndirir.
25. Belə ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, akt tərtib edilən zaman iddiaçıya bu barədə məlumat verilməmiş və aktın tərtib edilməsində onun iştirakı təmin edilməmişdir. İddiaçının hazırki mövqeyi ümumiyyətlə onun akt barədə məlumatlı olmadığını təsdiq edir. Bu da öz növbəsində iddiaçının həmin aktı imzalamaqdan imtina etməsini istisna edir. Başqa sözlə, iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd formal xarakter daşıyır və reallığı əks etdirmir.
26. Bundan başqa, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
27. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.
28. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (xx.xx.2022-ci – xx.xx.2023-cü il) üzrə aparılmış və nəticə etibarı ilə iddiaçının istifadə etdiyi qaz qurğularının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və sair nəzərə alınmamışdır. Hər bir halda, hamıya məlumdur ki, ilin isti ayları olan iyul, iyul, avqust, nisbətən isti ayları hesab olunan may və sentyabr ayları üzrə kombinin (qış rejimində), hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. 4 gözlü qaz sobasının özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir. Maraqlısı ondan ibarətdir ki, iddiaçı qeyd edilən evi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və xx.xx.2022-ci il tarixdən həmin evin mülkiyyətçisidir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən ən azı xx.xx.2022-ci il tarixədək onun həmin ev üzrə təbii qazdan ümumiyyətlə hər hansı formada istifadəsi qeyri-mümkün olmuşdur.
29. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin aktda göstərdiyi hal öz təsdiqini tapmaması ilə yanaşı, həmin aktda həm vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması həyata keçirilməmiş, həm də akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, cavabdehin mülahizəsinə əsasən hesablanmış zərər məbləği bilavasitə iddiaçının abonent hesabına daxil edilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-633/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.