Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3769/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi və pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(011)-763/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçının barəsində tərtib olunmuş 21 sentyabr 2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1449,50 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 11/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 494,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması, işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun və notariusun hesabına ödədiyi 151,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. 2018-ci ildə Cavabdeh İB-nin nümayəndələri iddiaçıya məxsus mənzildə həyətdə quraşdırılmış smart tipli qaz sayğacını yeni smart tipli qaz sayğacı ilə əvəz edib akt tərtib etmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, köhnə smart tipli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə rəy verilmişdir. İddiaçıya qaz itkisinin yaranması səbəbindən 1944 manat cərimə hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(011)-763/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2018-ci il tarixdə İddiaçı mənzilinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Bundan sonra qeyd olunan nəticələr 21 sentyabr 2018-ci il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin Gasreport hesablama sistemindən çıxarışından da mübahisəsiz qaydada görünür ki, 2016, 2017-ci illərdə və 2018-ci ilin sentyabr ayına qədər ödənişlər az edilmiş, bəzi aylarda isə, yəni 2017-ci ilin aprel-oktyabr, 2018-ci ilin mart-avqust aylarında iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı üzrə ödənişlər ümumiyyətlə qeydə alınmamışdır. Bununla bərabər iddiaçının etdiyi ödənişlərdən 2018-ci ilin 10-cu ayından başlayaraq 3 il ərzində borca görə tutulmalar aparıldığı iddiaçının bu haldan məlumatlı olduğunun və sayğacın yararsız hala salınmasına görə təqsirini qəbul etdiyinin göstəricisidir. Abonentin sayğaca müdaxiləsi nəticəsində pozuntu aşkar edilən günədək istehlak etdiyi qaz sərfiyyatına ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Bu halda qeyd ediləm pozuntunun məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsini daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(011)-763/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 21 sentyabr 2018-ci il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı mənzilinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilsə də, zədənin abonentin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmiş olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, sadəcə müşahidə edilmiş faktı təsdiq etmişlər. Lakin sonradan həmin zədənin nəticəsi olaraq, sanki abonentin təqsirinin sübuta yetirildiyinə görə ona cərimə borcu hesablamışlar. Göründüyü kimi sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 2(011)-763/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3769/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3769/2022
24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver