Məhkəmə qərarları › İş №2(103)-3769/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3769/2024

05.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3769/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadından İddiaçı Şirkəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(001)- 3798/2023 saylı qətnaməsi ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 10 may 2024-cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixədək şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, Şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq, həmin qətnamə ilə tanış olmaq və onu rəsmi surətdə əldə etmək mümkün omamışdır. Hesab edir ki, prosessual müddət ötürülməyib. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Hazırkı iş üzrə iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə apellyasiya şikayəti vermə müddətini ötürmədiyini bildirir və müddətin buraxılmamış hesab olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi isə ərizəyə müddətin bərpası barədə ərizə kimi qiymət vermiş və ərizənin rədd olunması barədə nəticəyə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməmişdir. İddiaçı müddəti buraxmadığını bildirir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Şirkətinin şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin və prosessual müddətin buraxılmamış hesab olunması barədə ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar