Məhkəmə qərarları › İş №2(103)-3770/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3770/2023

19.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3770/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə (Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3266/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı məxsus ünvan 1ünvan şərtidir) dair (abonent kodu: **********00351) Cavabdeh tərəfindən xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) əsassız olaraq hesablanmış 1.645,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları məlumatı olmadan ona məxsus ünvan 2 ünvanına gəlmiş, qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmiş, buna görə də ayrı-ayrı vaxtlarda akt tərtib edərək, itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə 1.645,20 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Sözügedən ünvanda əsasən yay aylarında fasilələrlə qısa müddət yaşadığı üçün həmin ünvanda istilik cihazlarından istifadə etmək üçün zərurət yoxdur. Cavabdeh İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli tələbnamələrdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin və Kombi isitmə sisteminin olmasını, xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdə isə həmin ünvanda PQ-4 tipli qaz plitəsinin, QSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının maksimal saatlıq sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, kombinin maksimal saatlıq sərfıyyatı 2,6 kub metr, orta günlük iş rejimi 4 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 90 gün götürülmüşdür. xx.xx.2019-cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının saatlıq sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat, Kombinin saatlı sərfıyyatı 2,6 kub metr, orta iş rejimi 24 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 30 gün götürülmüşdür. xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və 30 mart 2020-ci il tarixli tələbnamələrdə kombi deyil, guya başqa iki qaz cihazının (dəmir sobanını və QSQ-nin) olması qeyd edilmişdir. PQ-4 tipli qaz cihazının maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, QSQ-nin maksimal saatlı qaz sərfıyyatı 1,5 kub metr, dəmir sobanın maksimal saatlıq qaz sərfıyyatı 1,4 kub metr olmaqla hər üç cihaz üçün orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat müddəti 30 gün qəbul olunmuşdur. Həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı üçün istilik cihazı quraşdırılmamışdır. Təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Cavabdeh Birlik mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Tələbnamələrdə göstərilən qaz sərfıyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. 90 günlük müddət üçün yalnız PQ-4 tipli qaz cihazına görə 2592 kub metr sərfıyyatın, bu sərfıyyata görə 259,20 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 2,88 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. xx.xx.2019-cu il tarixli tələbnamədə hesabalama da düzgün aparılmamışdır. Belə ki, PQ-4 tipli qaz cihazına görə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 648 kub metr, Kombiyə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 4212 kub metr sərfıyyat hesablamışdır. Komisiyyanın rəyində qeyd olanları adi riyazi hesablamar ilə hesablayanda hesablamanın düzgün aparılmaması açıq-aydın görünür Belə ki, komissiyanın rəyində göstərilən rəqəmlərlə hesablama aparılarkən PQ-4-də görə hesablamanın nəticəsi 432 kub metr (1,2x4x90=432) olmasına baxmayaraq rəydə bu nəticə 648 kub metr kimi, Kombiyə görə hesablamanın nəticəsi 936 kub metr (2,6x4x90=936) olduğu halda rəydə bu nəticə 4212 kub metr kimi qeyd olunmuşdur. Yalnız buna görə Birlik 3492 kub metr artıq sərfıyyat hesablamışdır ki, bunu özünün tərtib etdiyi sənədlərlə belə əsaslandıra bilməmişdir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfıyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatmın komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir.

4. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) yerləşən qaz sayğacının üzərində hər hansı müdaxilə izinin olub-olmaması, müdaxilə izi olmuşdursa, izlərin yaradılma üsulu, səbəbi və xarakterinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 3/1241 saylı ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Rəyin tədqiqi hissəsində qeyd edilənə əsasən, askar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizmini və müddətini müəyyən etmək mümkün deyil.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3266/2022 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) hesablanmış 1.159,20 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət rüsumuna görə 31,59 manat tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri 64 manatın Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X1) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 486 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 1159,20 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 4.2, 4.9, 6.5-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

8. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1442/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3266/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam araşdırmamışdır. Qətnamənin nəticə hissəsi (iddia tələbinin təmin olunmamış hissədə) ilə işin faktiki halları arasında kəskin uyğunsuzluq vardır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi hazırkı iş üzrə qətnamə çıxararkən Azərbaycan Respublikası Məhkəmə ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/1241 saylı ekspert rəyinə əsaslanaraq yalnız Birliyin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində tərtib olunmuş rəyi əsaslı hesab edərək, bu akt əsasında iddiaçıya hesablanmış 486 manat məbləğində borcu əsaslı hesab etmişdir. Sözügedən rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tədiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Rəyin tədqiqi hissəsində qeyd edilənə əsasən aşkar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizimini və müddətini müəyyən etmək mümkün deyildir. İiddiaçı təbii qazdan qeyri-qanuni, yəni sayğacdankənar qaz xətti vasitəsi ilə istifadə etməmişdir. Tədiqata təqdim edilən qaz xətti olan borunun uzunluğu bir neçə yüzmetrlərlədir ki, bu borunun üzərində hər hansı bir qaynaq izinin olmasına görə heç bir halda iddiaçı cavabdehlik daşımamalıdır. Borunun üzərində hər hansı bir qaynaq izinin olması iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməyi anlamına gəlməməlidir. Qaz xəttinin yerləşdiyi boruya müdaxilənin digər şəxslər tərəfindən (qonşuluqda yerləşən evlərin sahibləri tərəfindən) edilə biləcəyi heç bir halda istisna ola bilməz. Ən əsası odur ki, ekspertiza tədiqatının nəticə hissəsində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməyi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan ekspert rəyinin tədqiqat hissəsində qeyd edilənə əsasən aşkar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizimini və müddətini müəyyən etmək mümkün deyildir. Bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert sözügedən qaynaq izinin hansı tarixdə aparıldığını müəyyən edə bilmədiyi halda, Birliyin əməkdaşları hansı əsasla onun qazdan sayğacdankənar qaz xətti vasitəsi ilə xx.xx.2019-cu ildən istifadə etdiyimi müəyyən edə bilməsi böyük sual doğurur. Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana baxış keçirtmədən bu ünvanda mövcud olmamuş qaz cihazlarını hansı əsasla müəyyən edə bilməsi bu günə qədər aydın deyildir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş digər aktlar kimi xx.xx.2019-cu il tarixli akt da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarının xx.xx.2019-cu il tarixində tərtib etdikləri aktlarda göstərilən müddəti qəbul etsək belə, guya iddiaçı xx.xx.2019-cu ildən təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Avqust, sentyabr və oktybar aylarında Bakı şəhərinə və ətraf qəsəbələrində yaşayış sahələrinin isidilməsi məqsədi ilə təbii qazdan istifadə üçün hər hansı bir zərurətin olmaması heç kimə sirr deyildir. İddiaçı Birliyin əməkdaşalrı tərəfindən aparılmış hesablamalar ilə də razı deyildir. Komissiya tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə hesabalama da düzgün aparılmamışdır. Belə ki, iddiaçıya PQ-4 tipli qaz cihazına görə (maksimal saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 648 kub metr, Kombiyə (maksimal saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 4212 kub metr sərfiyyat hesablamışdır. Komisiyyanın rəyində qeyd olanları adi riyazi hesablamar ilə hesablayanda hesablamanın düzgün aparılmaması açıqaydın görünür. Belə ki, komissiyanın rəyində göstərilən rəqəmlərlə hesablama aparılarkən PQ-4-də görə hesablamanın nəticəsi 432 kub metr (1,2x4x90=432) olmasına baxmayaraq, rəydə bu nəticə 648 kub metr kimi, Kombiyə görə hesablamanın nəticəsi 936 kub metr (2,6x4x90=936) olduğu halda rəydə bu nəticə 4212 kub metr kimi qeyd olunmuşdur. Yalnız buna görə Birlik 3492 kub metr artıq sərfiyyat hesablamışdır ki, bunu özünün tərtib etdiyi sənədlərlə belə əsaslandıra bilməmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi, ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən, Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. İddiaçı bütün sübutetmə vasitələrindən istifadə etməklə onun qazdan qeyriqanuni istifadə etmədiyini isbat etsə də Xətai Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Ona görə də hesab edir ki, məhkəmə hazırkı iş üzrə iddia tələbini qismən təmin etməklə prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mad Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işdə olan cavabdehin apellyasiya şikayəti üzrə işə baxmış apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqribi 5 ay sayğacdan kənar təbii qazdan istifadə etmişdir.

22. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyindən də görünür ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır.

23. Göründüyü kimi, iddiaçı özü bir müddət təbii qazdan sayğacdan kənar istifadə etdiyini etiraf etmiş, ekspert tərəfindən də həmin ünvanda qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik izin olduğu müəyyən edilmişdir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

26. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3266/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar