Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3772/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-213/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdehə məxsus “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçı tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.
2. xx.xx.2017-ci il tarixdə cavabdeh özünə məxsus Sığortalanmış avtomobili idarə edərkən sığorta hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, bu hərəkətinə görə onun barəsində xx.xx.2017-ci il tarixdə KYP 88289 saylı inzibati tənbeh vermə haqqında protokol qəbul edilməklə, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.
3. Sığorta hadisəsi nəticəsində “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Dədəmin” avtoservisi tərəfindən qiymətləndirilərək 1383,2 manat, “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə iddiaçının özü tərəfindən qiymətləndirilərək 2980 manat müəyyən edilmiş, hesablanmış 1383,2 manat sığorta ödənişi xx.xx.2017-ci il tarixdə 001XOH********** nömrəli ödəniş tapşırığı əsasında “Mercedes Benz E270” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Fəqanə Qəmbərovaya, 2980 manat sığorta ödənişi isə xx.xx.2017-ci il tarixdə “Hyundai Accent” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cəmil Əlşirazovun kart hesabına ödənilmişdir.
4. Sığorta hadisəsi baş verən vaxt cavabdehin sürücülük vəsiqəsi faktiki olmamış, ona xx.xx.2004-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin müddəti xx.xx.2014- cü il tarixdə bitmiş, növbəti sürücülük vəsiqəsini isə xx.xx.2017-ci il tarixdə almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı subroqasiya qaydasında dəymiş ziyana görə ödədiyi 4363,20 manat sığorta ödənişinin, ödənilmiş 63,63 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində iki avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** HG *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2980 manat, ** HL *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270” markalı avtomobilə isə 1383,20 manat zərər dəymişdir. İddiaçının xx.xx.2017 və xx.xx.2017-ci il tarixli sığorta aktlarına əsasən ümumilikdə 4363,20 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxslərə ödəniləsi qərara alınmış və avtonəqliyyat vasitələrinin təmir olunması üçün köçürmə həyata keçirilmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-213/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə üzrə hakim iddia müddədinin ötürülməsinə əsaslanmışdır. Halbuki, Ali Məhkəmənin 2012-ci il bülletenində qeyd olunmuşdur ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-cimaddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Bu baxımdan hazırkı halda iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır. Birinci instansiya məhkəməsi əsaslandığı maddi hüquq normalarını yalnış təsfir etərək yekunda yalnış nəticəyə gəlmişdir. Göründüyü kimi subroqasiya hüququ məhz qanundan yaranmış öhdəlikdir. Yəni tərəflər arasında bağlanmış sığorta müqaviləsində hanısa hərəkət və ya hərəkətsizlik nəticəsində yaranmış hüquq pozuntusu nəticəsində ödənilmiş sığorta ödənişinin geri tələb olunması öhdəliyi qeyd olunmamışdır. Bununla da tələb tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə deyil,məhz qanunvericiliyin tələbi (icbari sığortalar haqqında qanun) əsasında pozulmuş hüquq əsasında subroqasiya qaydasında ödnilmiş məblləğ geri tələb olunmuşdur. Bu halda MM-nin mövcud tələbinə uyğun olaraq iddia müddəti 10 il tətbiq edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Müki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
16. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
25. Belə ki, iş materiallarına görə, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə özünə məxsus Sığortalanmış avtomobili cavabdeh sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2017-ci il) idarə edərkən sığorta hadisəsi (yol nəqliyyat hadisəsi) törətmiş, bu hərəkətləri nəticəsində o, iki avtomobilə zərər vurmuşdur. Sığorta hadisəsi baş verən vaxt cavabdehin Sığortalanmış avtomobili idarə etmək hüququ olmamışdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobillərin təmiri üçün, ümumilikdə 4363,2 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zəfələnmiş avtomobillərin sahiblərinə ödənilmişdir. əmçinin, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2017-ci il tarixdə KYP 88289 saylı inzibati tənbeh vermə haqqında protokol-qərarla İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, Sığortalanmış avtomobillə yol nəqliyat hadisəsi törədərək iki fiziki şəxsə dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının ödənilmiş sığorta ödənişi həcmində subroqasiya hüququ yaranmışdır.
26. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, cavabdehə məxsus Sığortalanmış avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 il müddətinə sığortalanmış və bu barədə cavabdehə sığorta şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin müəyyən etdiyi qaydaya əsasən sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəd kimi təsbit edilmişdir. Bu hüququ əsas həm Mülki Məcəllədə, həm də “İcrabi sığortalar haqqında” Qanununda nəzərədə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 899.1.2-ci maddəsində qeyd edilir ki, sığorta müqaviləsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə yazılı formada bağlanır. Eləcə də, “İcrabi sığortalar haqqında” Qanunun 9.1-ci maddəsində deyilir ki, icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Qeyd edilən baxımından kollegiya hesab edir ki, iddia tələbi haqlı olmaqla aparılmış ödəmişlə bağlı həmin ödəniş həcmində hüquq iddiaçıya keçmişdir. Birinci instansiya məhkəməsinin də məhz iddianın əsaslı olması qənaəti qətnamədə əksini tapmışdır.
27. Lakin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2020 və xx.xx.2020-ci ilədək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə müraciət etməsinə və müddət keçdiyini vurğulamaqla iddiaçının həmin Qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyü qənaəti ilə müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə gəlinən qənaət əsaslı hesab edilə bilməz.
28. Kollegiya qeyd edir ki, iddia müddəti ilə bağlı apellyasiya şikatənin dəlilini əsaslı sayaraq qeyd edir ki, mübahisəyə sığorta müqaviləsindən doğan 3 illik iddia müddətini tətbiq edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında doğan öhdəlik münasibətdir və iddiaçı öz sığortalısına sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə görə onun subroqasiya hüququ yaranmışdır.
29. Kollegiya hesab edir ki, hazırki mübahisədə tərəflər arasında öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrin aradan qaldırılmasından əmələ gəlmişdir.
30. Belə olan halda kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı ASC ilə cavabdeh arasındakı münasibətlərə müqavilədən deyil, zərər vurmadan yaranan münasibət kimi Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyənləşdirilmiş ümumi iddia müddəti şamil edilə bilər.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud qanunvericilik normalarını düzgün tətbiq etməyərək, düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan da kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili əsaslı olmaqla təmin edilməli, məhkəmənin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməldir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-213/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə ödədiyi 4363,20 manat sığorta ödənişi, ödənilmiş 63,63 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.