Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3775/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və bunula əlaqədar yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3466/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, onun azyaşlı X1 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küç.9 saylı evin 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı X1 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzilə istifadə hüquqlarının tanınmasına, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhədi, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzil tam mülkiyyət hüquqi əsasında həyat yoldaşı Cavabdeh məxsusdur. O, Cavabdeh ilə xx xxxxxxxx 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Həmin müddətə kimi və həyat yoldaşı həbs olunanadək o həyat yoldaşı ilə Bakı şəhəri, Bakıxanov küçəsində qaynatasına məxsus evdə yaşamışdılar. Onların ailə münasibətlərinə 2016-ci il tarixdə xitam verilmiş, lakin 2018-ci il tarixdən barışdıqları üçün yenidən 2019-cu ilin yanvar ayının 22-də nikahlarını rəsmiləşdirmişlər. 2016-ci il tarixdən onun cehiz əşyaları həyat yoldaşı Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzilə köçürüldü və ona barışdıqdan sonra orada qalacaqlarına dair söz verdilər. 2019-cu ilin yanvar ayından həyat yoldaşı Qasımov X4 Respublikasına getmişdir. O, hər dəfə gələcəyi ilə bağlı yalan vədlər versə də, bu günə kimi geri qayıtmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Cavabdeh evdə başqa şəxslər saxlamaqla ona məxsus yaşayış evində yaşamağına müxtəlif maneələr yaradır. X1 artıq böyüyüb, onun Bakı şəhərində yüksək və keyfiyyətli təhsil almasını istəyir. Atası övladının harada və necə yaşaması, onun təhsili və tərbiyəsi ilə maraqlanmır. O və az yaşlı X1 Cavabdeh ailə üzvləridirlər, onların Cavabdeh məxsus mənzildə yaşamaq və ondan istifadə etmək hüquqları vardır. xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli nikah şəhadətnaməsinə əsasən onunla Cavabdeh arasında nikahları rəsmiləşdirilmişdir. xx xxxx 2014-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X5 onun və Cavabdeh övladıdır. Yaşayış sahəsindən istifadə etmək hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Azərbaycan Respublikası Mənzil və Mülki Məcəllələrində əks olunmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən cavabdehin səlahiyyətli nümayəndəsi-vəkili X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh və onun nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vasiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Agdam rayonu Şotlanlı kəndində anadan olmuş, Agdam rayonu Şotlanlı kəndində qeydiyyatdadır. AZE seriyalı, ******** saylı şəxsiyyət vasiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küç.ev 9 mənzil 8-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8 Cavabdeh oğlunun adına xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və həmin nikah 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.6.2014-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 5700/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan mebel əşyalarının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-dən çıxarılması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1311/2018 saylı qərardadına əsasən İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı iddialarından imtina ərizələri qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ləgv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən X6 hədiyyə alana mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-i hədiyyə etmişdir. İşdə olan xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-i hər ay 250 manat ödəniş olmaqla icarəçi X2 icarəyə vermişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Onların ailə münasibətlərinə 2016-ci il tarixdə xitam verilmişdir. 2018-ci il tarixdən barışdıqları üçün yenidən 2019-cu ilin yanvar ayının 22-də nikahlarını rəsmiləşdirmişlər. Hazırda da nikah pozulmamış, lakin Agdam Rayon Məhkəməsinin icraatında hikahın pozulması ilə bağlı mülki iş vardır. Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzil tam mülkiyyət hüquqi əsasında Cavabdeh məxsusdur. Mənzil xx xxxxxx 2017-ci ildə cavabdehin atası X10 oglu tərəfindən cavabdehə hədiyyə kimi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan mebel əşyalarının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-dən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1311/2018 saylı qərardadına əsasən İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı iddialarından imtina ərizələri qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ləgv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən; 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2- 30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-ə dair istifadə hüquqları vardır, belə ki o halhazırda da mülkiyyətçinin ailə üzvüdür, onlar arasında hazırda nikah pozulmamışdır. Belə olan halda onun həmin mənzilə istifadə hüququ olduğundan azyaşlı X1 ilə birlikdə köçürülməsi qanuni, ədalətli və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüquq, həm də borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Kollegiya hesab edir ki, İddiaçı hazırda da cavabdehin ailə üzvü oldugundan onun mübahisəli mənzil istifadə hüquqları yarandığından,iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından məhkəməyə iddia vermək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehin səlahiyyətli nümayəndəsi-vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3775/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3775/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver