Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3778/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Bakı şəhəri 8 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Bakı şəhəri 08 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünmsəsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən idddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X7 ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Tərəflərin birgə nikahından X10 doğulmuşdur.
2. Cavabdeh2 ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsini 70.500 manata X1.
3. X19 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X19 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilini 61.500 manata Cavabdeh1 satmışdır. Həmin əmlaka dair Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilini Cavabdeh2 bağışlamışdır.
5. Bakı şəhəri 8 saylı notariat ofisində yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən İddiaçı birgə nikah dövründə əldə edilmiş, əri Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilinin bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
6. Baş X22 İdarəsinin xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərə əsasən “Azsamand LX” minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 5.000 manat pula Cavabdeh1 tərəfindən əldə edilmiş və həmin tarixdə onun mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən avtomobil onun tərəfindən 5.200 manat pula Cavabdeh4, xx.xx.2022-ci il tarixdə isə 1.500 manat pula sonuncu tərəfindən Cavabdeh5 satılmış və hazırda sonuncunun mülkiyyətindədir.
7. "xxxx" MMC tərəfindən verilən 23 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən "AZSAMAND LX” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5.200 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 8 saylı Notariat ofisində bağlanmış 4Ə-253 nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzili ilə bağlı mülkiyyət hüquq müəyyənedici sənədlərin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bundan sonra İddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh4 və Cavabdeh5 da cavabdeh qismində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edərək, Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və birgə nikah dövründə, yəni xx.xx.2021-ci il tarixdə əldə edilmiş bir ədəd "AZSAMAND LX' markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-də özgəninləşdirilməsinə dair xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli müqavilələrin və həmin müqavilələrin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınar və daşınmaz əmlaklara münasibətdə 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2019-cu il il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə bir uşaqları doğulmuşdur. Onlar birgə nikah dövründə aldıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilində yaşamışdılar. 2022-ci ilin əvvəllərindən başlayaraq, cavabdeh həmin mənzili satıb şəhərə yaxın yerdə mənzil almağı ona təklif etmiş, o da nəticədə onunla razılaşmışdır. Sonradan Cavabdeh1 mənzili atası, yəni digər Cavabdeh2 70.000 manata satılması barədə onunla razılığa gəldiyini, lakin alqı-satqı nəticəsində böyük məbləğdə vergi və digər xərclərin yaranması səbəbindən aralarında bağışlama müqaviləsi bağlayacaqları barədə ona məlumat vermiş və ondan notariusa gedib bir neçə sənədi imzalamağı xahiş etmişdir. Razılığa əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçirib, banka qarşısında ipoteka ilə yüklü etməklə, kredit götürüb onlara 70.000 manat pul verməli idi. Onlar da həmin pula əlavələr edib, yeni mənzil almalı idi. O, cavabdehlərə inanıb xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat ofisinə gedərək, bilmədiyi bir neçə sənədə imza etmişdir. Lakin Cavabdeh2 mənzili öz mülkiyyətinə keçirdikdən sonra mənzilə görə ödəməli olduğu 70.000 manat pulu ödəmədiyinə görə o, dəfələrlə Cavabdeh1 mənzilin dəyərini atasından almağı tələb etməyə başlamış və buna görə də ailələrində problemlər yaşamağa başlamışdır. Nəticədə ona aydın olmuşdur ki, cavabdehlər bu yolla onu mənzilə olan 1/2 hissədə payından məhrum etmişlər. Buna görə də, dəfələrlə əmlakın geri qaytarılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər onu evdən qovulması ilə hədələmişlər və nəticə etibarı ilə onu mülkiyyətindən məhrum etmişlər. Həmçinin, Cavabdeh1 onunla birgə nikahda olan dövrdə “Azsamand LX” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin sonradan onun razılığı alınmadan özgəninkiləşdirmişdir. Bununla belə, mənzillə bağlı müqavilə bağlanan zaman o aldadılmış, avtomobillə bağlı müqavilə bağlanan zaman isə onun razılığı alınmamışdır.
11. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun oğlu keçmiş həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin 12 saylı mənzilində yaşamışdılar. Həmin mənzil xx.xx.2021ci il tarixdə onun adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin satılması nəticəsində əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixdə oğlunun adına alınmışdır. Bunun səbəbi onun yaşlı insan olması, oğlunun onun yeganə vərəsəsi olması və gələcəkdə oğlunun vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı əziyyət çəkməməsi ilə bağlı olmuşdur. Lakin bu ilin əvvəllərindən başlayaraq iddiaçının onun oğluna qarşı münasibəti dəyişmişdir. Buna səbəb olan hal isə bundan ibarətdir ki, gəlini həmin evin oğlunun adına olduğuna görə keçmiş həyat yoldaşının onları evdən çıxaracağını düşünərək, oğlu ilə mübahisələr yaşamağa başlamışdır. Daha sonra ümumi razılığa gəlmişlər ki, qeyd edilən mənzil onsuz da onun tərəfindən alındığından, elə onun mülkiyyətinə qaytarılsın. Buna iddiaçı razı olmuş və bağışlama müqaviləsi mübahisəsiz şəkildə notarial qaydada rəsmiləşdirilmişdir. Buna baxmayaraq, oğlu ilə iddiaçı arasında mübahisələr davam etmiş nəticədə iddiaçı öz istəyi ilə uşağı ilə birlikdə atası evinə getmiş və bu günədək orada qalır. Həmin bağışlama müqaviləsinin bağlanmasına mübahisəli mənzil onsuz da onun evinin satılması ilə əldə edilən vəsait hesabına alındığından, iddiaçı özü razılıq vermişdir. İddiaçı anlaqlı və tam fəaliyyət qabiliyyəti olan şəxs olduğu üçün hansı sənədlərə imza atdığını bilməməsi ilə bağlı söylədiyi fikirlər inandırıcı görünmür. Eyni zamanda, iddiaçının qeyd etdiyi kimi Cavabdeh1 iddiaçı başqa müqavilə bağlamaq adı ilə aldatmış olsaydı belə iddiaçının notariat ofisində aldadıldığını anlamaması mümkünsüz olardı. Mübahisəli mənzilin onun mülkiyyətində olan torpaq sahəsinin satılmasından əldə edilən vəsait hesabına alındığı nəzərə alınsa, mənzilin elə onun adına rəsmiləşdirilməsi də müqavilənin etibarlılığının təsdiqidir. İddiaçı öz tələbini əsaslandırmalı və sübut etməli olduğu halda bunu etməmişdir. Mövcud müqavilə notariat qaydasında təsdiqləndiyi üçün onun etibarlılığı şübhə doğurmamalıdır. Odur ki, iddiaçı bağışlama müqaviləsinə şəxsən razılıq verdiyi üçün həmin müqavilə etibarlı hesab edilməlidir. Bununla yanaşı, mənzil onun adına olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0226 ha olan torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə satılması nəticəsində əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixdə alındığı üçün həmin mənzil nikah dövründə alınmasına baxmayaraq ər-arvadın birgə mülkiyyətində olan əmlak hesab edilə bilməz. Bağışlama müqaviləsinə münasibətdə yalnız daşınmaz əmlakın bağışlanması zamanı yazılı və notarial qaydaya riayət olunması tələb olunur. Burada isə bağışlamanın predmeti onun tərəfindən 70.000 manat pul vəsaiti olmuşdur. Həmin pul vəsaitini oğlu Cavabdeh1 bağışlamışdır. Pulun 65.500 manatına qeyd edilən mənzil, qalan hissəsinə isə oğluna avtomobil alınmışdır. Mülki Məcəllədə yalnız məbləği 3.000 manatdan çox olan borc müqaviləsinin yazılı qaydada bağlanması tələb olunmuşdur. Lakin pulun bağışlanmasının yazılı qaydasına riayət edilməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Həmçinin pul vəsaitini bağışladığı şəxs oğlu olduğu üçün heç bir yazılı müqavilə bağlanmamışdır. İddiaçı da bu faktı təsdiq edə bilər. Həmin torpaq sahəsinin 04 avqust tarixində 70.500 manat məbləğinə satılması və oğlunun adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 15 saylı evin, 12 saylı mənzilin 09 avqust tarixində 61.500 manat məbləğinə alınması bu mənzilin onun verdiyi pul vəsaiti hesabına alınmasını təsdiq edir. Mənzil oğluna verdiyi pul vəsaiti hesabına alındığına görə oğlunun ayrıca mülkiyyəti hesab edilməli, həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilmədiyi, yəni, iddiaçının həmin mənzil üzərində sərəncam vermək hüququ olmadığı üçün bağışlama müqaviləsinin bağlanması zamanı onun razılığının olub-olmamasının əhəmiyyəti qalmır. Hazırda isə həmin əmlak onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, həmin mənzil onun mülkiyyətində olduğundan həmin əmlakın bölgüsünə dair mülki işə bu məhkəmədə baxıla bilməz. Hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra məhkəmə aktının nəticəsinə uyğun olaraq həmin iddianın qaldırılması mümkün ola bilər. Odur ki, iddia ərizəsi mənzilə payın müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmalı, qalan hissədə isə rədd edilməlidir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X14)
13. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iş üzrə halların tədqiq olunması zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15, 12 saylı mənzilin bağışlanması zamanı qanunvericiliyə zidd olan hər hansı hal aşkar edilməmiş, iddiaçı müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia qeyd edilən hissədə əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Bununla belə, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İddiaçı öz sərbəst iradəsini ifadə edərək, birgə nikah dövründə əldə olunmuş əmlakın bağışlanmasına dair razılıq vermiş, müqavilənin formal xarakter daşıması, yaxud əqd bağlanması məqsədilə aldadılmasına dair öz dəlillərini sübuta yetirə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Digər tərəfdən nə Mülki Məcəllədə, nə də “Notariat haqqında“ Azərbaycan Respublikası Qanununda və “Azərbaycan Respublikasında notariat X3” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (144.1 və 650-ci maddələr). Lakin hazırda Azərbaycan Respublikasında mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq orqanda həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı belə razılıq tələb olunmur (1.2 və 1.6-cı bəndlər). Odur ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamlıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Eyni zamanda, mübahisə edilən daşınar və daşınmaz əşyalar üçüncü şəxslərin mülkiyyətində olduğundan, onlara dair iddiaçının pay hüququnun müəyyən edilməsi qanuna müvafiq deyildir. Odur ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Lakin mübahisəli avtomobil tərəflərin birgə nikahı olan dövrdə əldə edilmiş və ailənin faktiki dağılması ərəfəsində özgəninkiləşdirildiyindən iddiaçıya izah edilmişdir ki, mübahisə edilən avtomobilə dair mülkiyyət hüququ olmasa da, həmin avtomobilin satışından əldə edilmiş vəsait ər-arvadın ümumi birgə mülkiyyəti sayıldığından, avtomoblin satışından əldə olunmuş pula dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, 225.6-cı, 331.1-ci, 337.1-ci, 337.4-cü, 339-cu, 666.1-ci, 667.1-ci, 668.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, 33-cü, 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, hazırkı mülki işin hazırlıq mərhələsində məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan mübahisəli avtomobili onun qanuna müvafiq qaydada razılığını almadan Cavabdeh4 xeyrinə özgəninkiləşdirmişdir. Onların müraciəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qarardadı ilə avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Lakin hazırkı mülki iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qeyd olunan avtomobilin guya birgə nikah dövründə satıldığını bildirirək, məhkəməni yanıltmağa çalışmışdır. Bununla bağlı məhkəmə tərəfindən göndərilmiş sorğuya AR DİN-nin BDYPİ-dən xx.xx.2022-ci il tarixdə alınmış cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, avtomobil X16 tərəfindən xx.xx.2021-ci il tarixdə 5.000 manata Cavabdeh1, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 5.200 manata Cavabdeh4 və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə 1.500 manata Cavabdeh5 iddiaçının razılığı olmadan satılmışdır. İlk iki müqavilədən də avtomobilin dəyərinin 5.000-5.200 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu məbləğ isə avtomobilin Cavabdeh4 adına özgəninkiləşdirildiyi dövrə aid dəyəri ilə bağlı tərtib edilmiş rəydə göstərilən 5.200 manata uyğun gəlir. Həmçinin, avtomobilin faktiki nikah münasibətləri pozulduğu dövrdə onun razılı olmadan iki dəfə özgəninləşdirilməsi, habelə sonuncu dəfə avtomobilin birdən-birə 5.000 manardan qəsdən aşağı qiymətə, yəni 1.500 manata satılması, nəticədə onun mənzilə münasibətdə aldadılmasını, avtomobilə münasibətdə isə müqavilələrin razılığı olmadan bağlanıldığını sübuta yetirmiş olur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh2 apellyasiya şikayətinə qarşı yazılı etirazını iddiaya qarşı etirazının məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, qarşı tərəf apellyasiya şikayətində qeyd edilənlərə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərilənlərin tam əksi isə mötəbər və rəsmi sənədlərlə təsdiq edilmişdir. Həmin sənədlərə əsasən mübahisəli mənzil qanunvericiliyin tələblərinə riayət edilməklə Cavabdeh2 bağışlanmış, iddiaçı isə bununla razılaşmışdır. Bundan əlavə iddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün təfsir edilmədiyini, məhkəmə qətnaməsində istinad edilən hüquq normalarının əslində iddia tələbinin təmin edilməsi üçün əsas olduğunu göstərmişdir. Halbuki, məhkəmə hüquq normalarını düzgün tətbiq etmiş və hüquqi cəhətdən düzgün yekun nəticəyə gəlmişdir. İddiaçının istinad etdiyi hallar, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı irəli sürülən fikirlər iddiaçı tərəfindən sübuta yetirilmədiyinə görə iddiaçının qeyd olunan mübahisəli mənzilə mülkiyyət hüququ yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş və iddiaya, habelə apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellysiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzil onun atasına məxsus torpaq sahəsinin 70.000 manata satılması hesabına 61.000 manata alınmışdır. Qalan məbləğin 4.000 manat hissəsinə isə mübahisəli avtomobil alınmışdır. Sonradan ailə daxilində münasibətlər pisləşmiş, barışıqla bağlı cəhdləri də bir nəticə verməmişdir. Mənzil atasının vəsaiti hesabına alındığından münasibətləri pisləşən zaman mənzili atasına bağışlamışdır. Həmin mənzildə o, keçmiş arvadı, övladı və anası yaşamışdır. Mənzil onların ayrılmasından 6 ay əvvəl bağışlanmış, təxminən 2 ay əvvəl də avtomobil satılmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5, habelə üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və Bakı şəhəri 8 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdehlər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehlərin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir; 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Cavabdeh1 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) iddiaçının müvafiq olaraq keçmiş əri və qayınatasıdır. Bu şəxslər öz aralarında razılığa gələrək və qarşılıqlı iradə ifadəsini bildirərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində mübahisəli mənzilin bağışlanmasına dair müqavilə bağlamışlar və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin vaxt iddiaçı qeyd edilən notariat ofisinə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, qeyd edilən mənzilin əri tərəfindən qayınatasına bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı həmin əqdin formal olaraq bağlandığını, əqdin bağlanmasına aldadılaraq razılıq verdiyini, bunun müqabilində onlara yaşamaq üçün başqa mənzilin alınacağı barədə vəd verildiyini iddia etsə də, öz mövqeyini sübuta yetirə bilmir. Aldadılaraq razılığının alınmasını, habelə razılığın qeyd şərtlə verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəfindən də bu əqdin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Bununla belə, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir.
29. Digər tərəfdən məhkəmə kollegiyası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən vurğulayır ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ümumi əmlakın bölünməsi dedikdə isə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.
30. İddiaçı həmin mənzilin Cavabdeh1 ilə birgə nikahda (xx.xx.2019-cu il) olduğu dövrdə (xx.xx.2021-ci il) və onların ümumi gəlirləri hesabına alındığını iddia edir, lakin bu əmlakın alınmasına sərf edilmiş vəsaitin mənbəyi barədə hər hansı məlumat verə bilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə bu məsələdə eyni mövqedən çıxış edərək, Cavabdeh2 mülkiyyətində olan 0,0226 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə alqısatqısı nəticəsində əldə edilmiş 70.500 manat məbləğində vəsait hesabına 5 gün sonra 61.500 manata mübahisəli mənzili aldıqlarını iddia edirlər.
31. Bununla belə, həm müddət (5 gün), həm məbləğ (70.500 – 61.500), həm də iddiaçının bu halı təkzib edən hər hansı mövqe sərgiləməməsi və sübut təqdim etməməsi belə qənaətə gəlməyə imkan verir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da, onların deyil, iddiaçının qayınatası olmuş Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Bu halın mövcudluğu da müqavilə etibarsız hesab edildiyi təqdirdə belə, iddiaçının həmin əmlaka hər hansı hissədə payının tanınmasını qeyri-mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilin etibarsız hesab edilməsinə dair dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən avtomobil xx.xx.2022-ci il tarixdə 5.200 manata Cavabdeh1 tərəfindən Cavabdeh4, xx.xx.2022-ci il tarixdə isə sonuncu tərəfindən 1.500 manata Cavabdeh5 satılmışdır. İddiaçı bu şəxslərin arasında müqavilələrin onun razılığı olmadan bağlandığını iddia edir. Lakin nə Mülki Məcəllədə, nədə ki “Notariat haqqınla“ Azərbaycan Respublikası qanununda və “Azərbaycan Respublikasında Notariat X3” haqqında Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satıqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur.
33. Bu sahəni tənzimləyən qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
34. İddiaçının mübahisələndirdiyi avtomobilin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq X22 orqanında həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı da belə razılıq tələb olunmur.
35. Bununla belə, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı iddiaçının razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş Cavabdeh5 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmuş olur.
36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, avtonəqliyyat vasitələrinin alqısatqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin həm bu hissədə, həm də bu tələblərə münasibətdə törəmə tələb qismində çıxış edən əmlakın bölgüsü hissəsində də əsassız olmasına dəlalət edir.
37. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş və tərəflərin ayrı yaşadıqları vaxt özgəninkiləşdirilmişdir. Bundan əldə edilən vəsait isə onların birgə mülkiyyəti sayılır. Bu da öz növbəsində iddiaçının məhkəmə qaydasında cavabdehdən avtomobilin satışından əldə edilmiş pul vəsaiti üzərində payının tanınmasını və paya uyğun hissənin ona ödənilməsini tələb etmək hüququnu yaradır.
38. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.