Məhkəmə qərarları › İş №2(103)-3786/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3786/2020

04.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3786/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reysterindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx xxxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikah münasibətlərində olduqları dövrdə ünvan 1 mənzil 42 ünvanında yerləşən 3 otaqlı mənzili 91000 manata almışlar. Mənzilin alınması üçün pul vəsaitinin 85000 manatı iddiaçı tərəfindən qarşılanmış, bu məqsədlə anası X5ma məxsus evi bazar qiymətindən aşağı qiymətə, yəni 35000 manata satmışlar. Ailə qurduqdan sonra cavabdehin atası və qohumları tərəfindən iddiaçıya mənzili cavabdehin adına keçirməsinə dair təzyiqlər olmuşdur. Onlar fikirlərini bununla əsaslandırmışlar ki, həm ailədə söz - söhbətin olmaması üçün, həm də gələcəkdə işi ilə bağlı problem yaranarsa, məcburi şəkildə alınmasın deyə ev Cavabdeh adına keçirilsin. Cavabdeh 2017-ci ilin iyun ayında işə düzəldikdən sonra onların münasibəti daha da pisləşmişdir. O, ailəsinin dağılmasını istəmədiyinə görə və təzyiqlərə dözməyərək xx xxxxxxx 2017-ci il tarixli müqavilə əsasında mənzili Cavabdeh bağışlamışdır. Bundan sonra cavabdeh evdə bilərəkdən mübahisələr yaratmış, nəticədə 2018-ci ilin yanvar ayında yaşadıqları evi tərk edərək atasının evinə getmişdir. Daim mübahisəli ailədə mənzilin iddiaçı tərəfindən səmimiyyətlə cavabdehə bağışlanması absurddur. Bundan başqa, hal - hazıradək cavabdehlə evin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında yarı bölünməsinə, mənzilin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının adına keçirilməsinə dair iddiaçı tərəfin təkliflərinin də cavabsız qalması onu göstərir ki. cavabdehin əsl məqsədi böyük hissədə iddiaçının pulu hesabına alınmış mənzili ələ keçirməkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3996/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Bakı şəhəri, Binəqədi rayonu, 9A MKR, Mir Cəlal küçəsi, ev 11, 42 saylı mənzilinə dair bağlanmış bağışlanma müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, 1 153571 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı məhkəmə iclasında obyektiv gerçəkliyi əks etdirməyən izahatına əsaslanaraq yanlış nəticəyə gəlib əsassız olmasına baxmayaraq, iddianı təmin etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə 91000 manata alınmış, bu zaman həmin məbləğin 85000 manatı onun tərəfindən, 6000 manatı isə cavabdeh tərəfindən ödənmiş, nikah münasibətlərinə girdiyi gündən onun ailəsində daim münaqişə olmuş, cavabdehin atası və qohumları tərəfindən mənzilin cavabdehin adına keçirilməsinə dair daim təzyiqlər edilmiş, cavabdeh 2017-ci ilin iyun ayında işləməyə başladıqdan sonra bu təzyiqlər daha da artmış, ailənin dağılmasının qarşısını almaq məqsədi ilə o, mənzili cavabdehə bağışlamağa məcbur olmuş, cavabdeh mənzili könüllü tərk edərək, atası evinə getmiş və yalnız bundan sonra nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. İddiaçının mülahizəsinə görə mənzili adına keçirdikdən sonra məhkəməyə nikahın pozulması barədə ərizə ilə müraciət etməsi sübut etmişdir ki, cavbdehin məqsədi məhz mübahisəli mənzili ələ keçirmək olmuşdur. İddiaçı izahatında qeyd etdiyi xüsusatlar məhkəmə baxışı zamanı və işə əlavə olunan sənədlərə öz təsdiqini tapmamışdır. Qeyd edir ki, o, 2007-ci ildən 2017-ci ilə kimi “Azercell”-in mərkəzi ofisində, 2017-ci ildən isə “xxxx” Sığorta Şirkətində işləyir, əmək haqqı yüksək olmuşdur, iddiaçı anasına məxsus evi onun cehiz əşvalarıyla birlikdə 35000 manata satmış və həmin pulu yeni ev almaq üçün sərf etmişdir, ailədə münaqişə olmamış, öz arzusu ilə mənzili ona bağışlamış, atası və qohumları ona həmişə mənəvi və maddi yardım göstərmiş, ailədə münaqişələr son zamanlar və onun təqsiri üzündən yaranmış, onun hərəkətlərinə dözməyərək ata evinə getmiş, bundan istifadə edən iddiaçı dəyişmiş, ona və övladına məxsus əşyaları götürməyə mane törətmiş və polis şöbəsinə ərizə ilə müraciət edərək onu oğurluqda ittiham etmişdir. Məhz bu hadisədən sonra o, nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10609/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2819/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə, iddiaçı Səfərov Ramin Niyaz oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9359/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 3996/2018 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-513/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “işə birinci instansiya məhkəməsində baxıldıqda isə iddiaçının nümayəndəsi müqavilənin cavabdehin atası və qohumlarının təzyiqi altında bağlanmasını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxıldıqda isə iddiaçı bağışlama müqaviləsinin bağlanma səbəbini izah edərkən bunun “işində müəyyən problemlərin olması” və “mənzilin itirilməsinin qarşısının alınması” məqsədi daşıdığını bildirmişdir. Göründüyü kimi iddiaçı bağışlama müqaviləsinin bağlanmasını iddia ərizəsində, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində biri-birindən fərqli səbəblərlə izah etmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyəti araşdırmadan, müqavilənin bağlanmasında tərəflərin həqiqi niyyətini müəyyən etmədən, iddiaçının hansı səbəbdən müqavilənin etibarsızlığını tələb etməsini konkretləşdirmədən iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Halbuki, həmin məsələnin müəyyən olunması mübahisənin düzgün və qanunun hansı normasının qüvvəsinin tətbiq edilməklə həll olunması üçün mühüm əhəmiyyət kəsb etmişdir. İddia ərizəsində bağışlama müqaviləsinin etibarsız sayılması tələb olunduğundan, məhkəmə kollegiyası tərəfindən bunun üçün ilk növbədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanılmalı və Mülki Məcəllənin konkret normasına istinad olunmaqla mübahisənin həlli təmin olunmalı idi. Tərəflər arasında münasibətin müqavilədən sonra daha da pisləşməsi və nikahın pozulması, əqdin mənzilin itirilməməsi üçün bağlanması barədə tərəflərin izahatları qanunda müəyyən olunmuş əsaslara uyğun olmadığından, kollegiya hesab edir ki, həmin dəlillər əqdin etibarsız sayılması üçün əsas verməmişdir. İşdən görünür ki, müqavilə hər iki tərəfin bilavasitə iştirakı ilə bağlanmış, onlar tərəfindən imzalanmış və müqavilənin həqiqiliyi notariusda təsdiq olunmuşdur. Həmin müqavilə əlavə heç bir öhdəliklə şərtləndirilməmiş, müqavilənin hüquqi nəticələri tərəflərə izah olunmuşdur.”. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin təkrar apellyasiya baxışı zamanı cavabdeh şikayətinin məzmununa uyğun vermiş; həmçinin əlavə olaraq bildirmişdir ki, İddiaçı mənzilin ona bağışlayarkən aralarında hər hansı şərtləşmə olmamış, iddiaçı öz sərbəst iradə ifadəsi ilə mənzili əvəvsiz olaraq bağışlamışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X3 şikayəti əsassız hesab etdiklərini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Əlavə olaraq iddiaçı bildirmişdir ki, işi ilə əlaqədar maddi sıxıntıları olmuş və qayınatasını dəfələrlə təzyiqi nəticəsində mənzilin arvadına bağışlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verərək iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili müqavilədə şərt göstərmədən Cavabdeh bağışlamışdır. Mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında münasibətlər yaxşı olmamış, bağışlama müqaviləsi bağlandıqdan sonra isə daha da pisləşmiş və Cavabdeh məhz müqavilə bağlandıqdan sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi də müqavilənin “iddiaçının işi ilə bağlı maliyyə problemi olduğundan gələcəkdə bu problemin mənzilin itirilməsi ilə nəticələnməməsi üçün tərəflərin qarşılıqlı razılaşması əsasında” bağladığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatlarından göründüyü kimi, müqavilənin bağlanmasında hər iki tərəfin niyyəti mənzilin faktiki olaraq bağışlanması olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. İlk növbədə nəzərə alınmalıdr ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar (maddə 2.1). Qanunvericiliyə əsasən bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəlləsinin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllənin 666.1-ci maddəsinə müvafiq olaraq, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verən əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları, habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir. Əmlak hüquqları dövlət reyestrinə qeydə alındığı andan hüquqlar qeydə alınmış sayılır. Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur. Hazırki bağışlama müqaviləsi formasına görə real müqavilədir. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, habelə uydurma və yalan əqdlər etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 340-cı maddələri). Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Tərəflər arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsindən müəyyən olunur ki, bağışlama hər hansı bir şərtdən asılı edilməmişdir. Tərəflər müqavilə növünü seçməkdə azad olduqları kimi həmin müqavilənin şərtlərini də müəyyən etməkdə azad olmuş və öz iradə ifadələrinə uyğun hərəkət etmişlər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektin (səlahiyyətli şəxsin) iştirakı, onun iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı öz iradəsi ilə həmin əmlakı cavabdehə bağışlamışdır. İddiaçı tərəfindən cavabdehlə əvvəllər münasibətlərinin yaxşı olmaması, bağışlamanı təzyiqlər altında etməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Cavabdehin bağışlama müqaviləsindən sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsi, əqdin etibarsızlığı üçün əsas yaratmır. Bu halla bağlı o da qeyd edilməlidir ki, müqavilə bağlandıqdan altı aya yaxın müddət keçdikdən sonra cavabdeh nikahın ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Və iddia tələbinin faktiki əsası, yəni boşanmaya səbəb iddiaçının cavabdehə fiziki güc tətbiq etməsi, polisə müraciət etməsi və ona xəsarətlər yetirməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 3996/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar