Məhkəmə qərarları › İş №2(103)-3788/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3788/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3788/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə, "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilə dair Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmə hazırlıq iclasında ərizə (vəsatətlə) ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddianın baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul etmişdir. Halbuki, cavabdehin nümayəndəsi məhkəmə iclasından bir neçə gün əvvəl yazılı ərizə ilə məhkəməyə müraciət edərək, X7 Respublikasında işgüzar səfərdə olduğundan xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə hazırlıq iclasını təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, cavabdeh məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiyindən iddiaçının iddia ərizəsinin geri götürülməsinə dair ərizəsinə münasibət bildirmək hüqüqundan məhrum olmuşdur. Hesab edir ki, məhkəmə ərizəyə cavabdehin münasibət bildirməsi üçün məhkəmə hazırlıq iclasını təxirə salmalı və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb edib etmədiyi öyrənilməli idi. Bu səbəbdən hesab edir ki, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə sözügedən qərardadı qəbul etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar