Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3790/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyaların sahibsiz hesab edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3273/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Apellyasiya qaydasında baxılan məsələ Gürcüstanda qeydiyyatdan keçmiş, 1980-ci il buraxılışlı, 422213HD101775192 ban nömrəli, “Setra S-213” markalı, ZXA556 dövlət qeydiyyat nişanlı avtobusla bağlıdır (bundan sonra – avtobus). Avtobus Gürcüstan vətəndaşı Barbakadze Quram adlı şəxsin mülkiyyətindədir. Barbakadze Quram xx.xx.1964-cü il təvəllüdlüdür, Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 49 ünvanında qeydiyyatdadır. O, avtobusa dair Maraqlı şəxs2 adına xx.xx.2013-cü il tarixli etibarnamə verib. Maraqlı şəxs2 Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanında qeydiyydadır. xx.xx.2017-ci ildə avtobus aktla Gəncə Gömrük İdarəsinə təhvil verilib. Tələb və onun həlli: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci ildə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, DGK Maraqlı şəxs1nə məxsus anbarlarda saxlanılan 38 ədəd nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi barədə qətnamə qəbul olunsun. Bu nəqliyyat vasitələrinin sırasında həmin avtobus da var. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, ərizə təmin olunsun, 38 ədəd nəqliyyat vasitəsi, o cümlədən həmin avtobus sahibsiz hesab edilsin. Şikayət: Maraqlı şəxs2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə həmin avtobusa aid hissədə ləğv edilsin və ərizə bu hissədə təmin edilməsin. Şikayət onunla əsaslandırılıb ki, avtobus sahibsiz deyil, avtobus üzərində sahiblik və istifadə hüququ xx.xx.2013-cü il tarixli etibarnamə əsasında ona verilib. Sərhədi vaxtında keçmədiyi üçün həmin avtobus gömrük əməkdaşları tərəfindən müvafiq duracağa yerləşdirilmiş, sonra isə Bakı şəhərində ona məlum olmayan yerə aparılmışdır. Gömrük əməkdaşlarının hərəkətindən şikayət verdikdən sonra ona bildirmişlər ki, müvafiq proseduru həyata keçirərək, yəni cəriməni ödəyərək avtobusu götürə bilər. Koronavurus pandemiyası ilə əlaqədar cəriməni ödəmək və Bakı şəhərinə gedərək avtobusu götürmək imkanı olmamışdır. Sonradan müvafiq proseduru həyaya keçirmək istədikdə bilmişdir ki, avtobusun sahibsiz hesab edilməsi barədə qətnamə qəbul olunub. Şikayətə etiraz: Ərizəçi DGK apellyasiya şikayətində yazılı etirazında bildirib ki, Maraqlı şəxs2 etibarnamə əsasında idarə etdiyi və beynəlxalq sərnişindaşıma ilə məşğul olan “Setra” markalı, ZXA556 nömrəli nişanlı, buraxılış ili 1980-ci il olan avtobusla xx.xx.2016-cı ildə “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikası ərizisinə daxil olaraq 7 gün müddətində geri qayıdacağına dair öhdəlik götürmüşdür. Avtobusun son çıxış müddəti xx.xx.2016-cı ildə başa çatsa da o, geri qaytarılmamışdır. xx.xx.2017-ci ildə Gəncə Gömrük İdarəsininin Mobil bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun ərazisində həmin avtobusa aid sənədlər yoxlanılmış, avtobusun müəyyən edilmiş müddətdə ölkə ərazisini tərk etmədiyi müəyyən edilmiş, həmin vaxt maraqlı şəxs avtobusu Gəncə Gömrük İdarəsinə gətirməkdən imtina etmişdir. Bundan sonra Mobil bölmə tərəfindən raport yazılaraq Təhqiqat şöbəsinə verilmişdir. Təhqiqat şöbəsi tərəfindən maraqlı şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 500-cü maddəsi ilə inzibati xəta haqqında iş başlanmışdır. Mobil bölmənin əməkdaşları dəfələrlə maraqlı şəxsdən avtobusu gömrük idarəsinə gətirməsini tələb etsələr də, o, avtobusu gömrük idarəsinə gətirməmiş, özü isə gömrük idarəsinə gəlməkdən imtina etmişdir. X1 İdarəsinə gətirilməsinə köməklik göstərilməsi üçün məktubla Şəmkir Rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Bundan sonra – xx.xx.2017-ci ildə avtobus Gəncə Gömrük İdarəsinə gətirilərək aktla təhvil verilmişdir. xx.xx.2017-ci ildə inzibati işə Gəncə Gömrük İdarəsində baxılaraq maraqlı şəxs 150 manat cərimə edilmişdir. Maraqlı şəxs cəriməni könüllü ödəmədiyinə görə qərar icra edilməsi üçün Şəmkir Rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan başqa, Vergi Məcəlləsində yol vergilərinin ödənilməsi də nəzərdə tutulmuşdur. Maraqlı şəxs tətbiq edilən cəriməni ödəmədiyinə görə avtobus xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək Gəncə Gömrük İdarəsinin inzibati binasının həyətində saxlanılmış, xx.xx.2019-cu ildə Bakı şəhərində yerləşən “Azterminalkompleks” Birliyinin “Dövlət mülkiyyətinə keçmiş mallar və nəqliyyat vasitələrinin anbarı”na saxlanca götürülməsi üçün təhvil-təslim aktı ilə təhvil verilmişdir. Avtobus maraqlı şəxs tərəfindən 5 ildən artıq müddətdə sahibsiz qoyulmuş və o, avtobusun özünə təhvil verilməsi üçün müraciət etməmişdir. Maraqlı şəxs apellyasiya şikayətində koronavirus pandemiyası ilə əlaqədar cəriməni ödəmək və Bakı şəhərinə gedərək avtobusu götürmək imkanının olmadığını bildirsə də Azərbaycan Respublikasının ərazisində koronavirus pandemiyasının xx.xx.2020-ci ildə başlamasını nəzərə almamışdır. İzahatlar: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – həmin avtobusa aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız bu hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə ərizə rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İddia ərizəsində və qətnamədə maddi hüquq normasına istinad edilməyib. Birinci instansiya məhkəməsi avtobusu sahibsiz hesab edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 326.1-ci maddəsinə istinad edib. Həmin maddəyə görə, məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Hazırkı işdə tətbiq edilməli olan maddi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.2-cü maddəsindəki normadır. Həmin maddəyə görə, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Göründüyü kimi, daşınar əşyanın sahibsiz sayılması üçün aşağıda göstərlən 3 haldan biri mövcud olmalıdır: 1) əşyanın mülkiyyətçisi olmamalıdır; 2) əşyanın mülkiyyətçisi məlum olmamalıdır; 3) əşyanın keçmiş mülkiyyətçi mülkiyyətdən imtina etməlidir. 1-ci və 2-ci hal mövcud deyil, yəni avtobusun mülkiyyətçisi var və mülkiyyətçi məlumdur, çünki avtobus rəsmi reyestrdə qeydə alınıb, reyestrin məzmunundan mülkiyyətçinin kimiliyi bəllidir. 3-cü hal da mövcud deyil, yəni mülkiyyətçi avtobus üzərində mülkiyyət hüququndan imtina etməyib. Mülkiyyət hüququndan imtinanın qaydaları daşınmaz və daşınar əşyalara münasibətdə fərqlidir. Avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşya olduğuna görə, mülkiyyət hüququndan imtinaya daşınmaz əşyalara aid qaydalar tətbiq olunmalıdır. Mülki Məcəllənin 204.1-ci maddəsində qeyd olunub: “Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır”. Həmin avtobusa münasibətdə mülkiyyət hüququndan imtina edilməsi barədə mülkiyyətçinin və ya onun etibarnamə verdiyi şəxsin ərizəsi mövcud deyil. Ona görə də hesab ounur ki, mülkiyyət hüququndan imtina baş verməyib. Bununla yanaşı, hətta hesab olunsa ki, avtomobil üzərində mülkiyyət hüququndan imtinaya daşınar əşyalara aid qaydalar tətbiq edilməlidir, belə halda da imtina baş verməyib. Mülki Məcəllənin 204.2-ci maddəsində qeyd olunub: “Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir”. Avtobusun mülkiyyətçisi və ya onun etibarnamə verdiyi şəxs belə elan verməyib, o cümlədən avtobusa hər hansı hüququnu saxlamaq niyyəti olmadan avtobusa sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməyib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 3273/2022 nömrəli qətnaməsi qismən - 422213HD101775192 ban nömrəli “Setra S-213” markalı nəqliyyat vasitəsinin (avtobusun) sahibsiz hesab edilməsinə aid hissədə ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyaların sahibsiz hesab edilməsi barədə” ərizəsi 422213HD101775192 ban nömrəli “Setra S-213” markalı nəqliyyat vasitəsinin (avtobusun) sahibsiz hesab edilməsinə aid hissədə rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3790/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3790/2024
12.07.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver