Məhkəmə qərarları › İş №2(103)-3792/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3792/2023

30.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3792/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əmlak üzərinə qoyulmuş həbsin götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, ƏMDK yanında Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mirasın faktiki qəbul olunmasına, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab olunmasına, miras əmlakdan payların müəyyən olunması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4798/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna, ƏMDK yanında Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mirasın faktiki qəbul olunmasına, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab olunmasına, miras əmlakdan payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 və mərhum X1 miras qalan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr İddiaçı1, İddiaçı3 və Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi, miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda 22 iyun 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr İddiaçı1, İddiaçı3 və Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı arasında miras əmlak kimi bərabər paylarla bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

2. Eyni zamanda iddiaçılar xx.xx.2019-ci il tarixdə iddianın təmin tədbiri barədə vəsatət verərək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin özgənləşdirilməsini və ona dair sərancam verilməsini Cavabdeh1 qadağa edilməsini məhkəmədən xahiş etmişlər.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddia təmin etmə tədbiri təmin edilərək mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qərara alınmışdır.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-4798/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22 iyun 2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 75/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqların tanınması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1269/2022 saylı, xx.xx.2022-ci il tarixi qətanaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə, cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin birgə apellyasiya şikayətləri qismən təmin edilmiş, mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4798/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmişdir, Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında evin Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və reyestrdən çıxarış ləğv edilmiş, mərhum X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə iddiaçılar İddiaçı1 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, Manafova X7 1/8 hissədə məcburi pay üzrə, Cavabdeh1 isə 5/8 hissədə vəsiyyət üzrə vərəsəlik qaydasında vərəsəlik hüququ tanınmış və payları müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4227/2022 nömrəli, xx.xx.2022-ci il tarixi qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1269/2022 nömrəli, xx.xx.2022-ci il tarixi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. xx.xx.2022-ci il tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndəsi və vəkili X6 ərizə ilə müraciət edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın təmin etmə tədbiri barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4798/2019 saylı qərardadı ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

9. Cavabdeh1 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmamış, məhkəmə bildirişi elə xx.xx.2023-cü il tarixdə evə çatdırılmış və yoldaşı tərəfindən qəbul edilmişdir. Artıq məhkəmə iclası keçirildikdən sonra məhkəmə bildirişi çatdırıldığından məhkəmə iclasında iştirak edə və fikrini bildirə bilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə qərardadı ləğv edilməlidir.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından görünür ki, işə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş və icra olunması üçün icra qurumuna göndərilmişdir.

17. Belə olan vəziyyətdə tərəflərin üzərində payları müəyyən edilmiş fərdi yaşayış evinin üzərində həbsin saxlanılmasına artıq hər hansı zərurət qalmamışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəmə iclası barədə tərəflərə sifarişli məktubla bildiriş göndərilmişdir.

19. Kollegiya onu da qeyd edir ki, şikayətində cavabdeh üzərində onun özünün də payı müəyyən edilmiş fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsinin onun hansı hüquqlarını pozduğunu əsaslandırmamışdır.

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur, qərardadın ləğvi üçün əsaslar yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4798/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar