Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3794/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(005)-287/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 30 noyabr 2020-ci il tarixdə qəbul edilmiş “qarşılıqlı iddia ərizəsinin qaytarılması barədə” qərardaddan Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC 26.08.2020-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh arasında cavabdehin övladının təhsil alması ilə bağlı 21.10.2019-cu il tarixdə bağlanmış “Tam orta təhsil xidməti barədə” 179 saylı müqavilə üzrə yaranmış təhsil haqqı borcunun ödənilməsi məqsədi ilə 990,50 manat, təhsil haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 400 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi əsasında Rayon Məhkəməsində mülki iş başlanılmışdır. İşə mahiyyəti üzrə baxılması zamanı, cavabdeh qarşılıqlı iddia ilə Rayon Məhkəməsinə müraciət edərək iddiaçı MMC-nin ona vurduğu maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qərardadı ilə geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qarşılıqlı iddiada pozuntu kimi qələmə verilmiş məsələ işin baxılması başlanana qədər cavabdehə məlum olsa da, cavabdeh, qarşılıqlı iddianı işin baxılmasına başlandıqdan sonra vermişdir. Buna görə də, qarşılıqlı iddia qaytarılmalıdır. Cavabdeh, Rayon Məhkəməsinə həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30.11.2020-ci il tarixli qərardadı nə poçt vasitəsilə, nə də elektron məhkəmə sistemindəki şəxsi kabinet vasitəsilə almamışdır. Məhkəmə tərəfindən ona şərait yaradılaraq dövlət rüsumunu ödəməyi üçün vaxt verilməmişdir. Bundan başqa, məhkəmə ona hüquqlarını izah edərkən qarşılıqlı iddia ərizəsi verə bilməyini bildirməmiş, o, isə hüquqşünas olmadığı üçün bunu bilməmişdir. Hüquqları haqqında məhkəmə tərəfindən ona verilən bildirişdə də, bu barədə məlumat yoxdur. Yalnız özünün həvəskar qaydada Mülki Prosessual Məcəlləyə baxmağı nəticəsində belə hüququnun olduğunu müəyyən etmiş və hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə isə ona bildirmişdir ki, onun eyni ərizə ilə ayrıca müraciət etmək hüququ var. Nəyə görə o, eyni məsələ ilə bağlı həm məktəbə dəfələrlə gedərək, həm onların iddia tələbi üzrə bütün məhkəmə iclaslarında iştirak edərək, həm də ayrıca ərizə verərək 3 dəfə vaxt itirməlidir və eyni hadisələri 2 hakimə danışmalıdır. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 16.02.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddianın verilməsi əsasları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 155-ci maddəsində təsbit edilmişdir. Həmin maddənin mənasına görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir (maddə 155.1.). Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (maddə 155.2.). Qarşılıqlı iddia ilə sürülmüş tələb MMC tərəfindən cavabdehə maddi və mənəvi zərərin ödənilməsi barədədir. Qarşılıqlı iddianın məzmundan görünür ki, qarşılıqlı iddianın verilməsinə səbəb olmuş əsaslar cavabdehə məhkəmə baxışı gedişində deyil, əvvəlcədən bəlli olmuşdur. Lakin qarşılıqlı iddia məhkəmə baxışı başlandıqdan sonra verilmişdir. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MPM-nin 155.2-ci maddəsinə əsaslanaraq qarşılıqlı iddianı qaytarmaqda haqlı olmuşdur. Şikayətin müzakirə edilən dəlili əsassızdır. Qeyd edilən nəticəyə gələn Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən həmin əsas qarşılıqlı iddianın qaytarılması üçün özü-özlüyündə artıq kifayətdir. Bu səbəbdən də, Məhkəmə, cavabdeh tərəfindən verilmiş şikayətin digər dəlillərinə ayrıca hüquqi qiymətin verilməsinə lüzum görmür. Buna görə də, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 30 noyabr 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3794/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3794/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver